Keçid linkləri

2026, 03 İyul, cümə, Bakı vaxtı 14:49

Zabil Qəhrəmanovun istintaqı bitdi: İş dörd maddə ilə məhkəməyə göndərilir

'Zabil Qəhrəmanov işi': Vəkil polisi tənqidinə görə həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:07:16 0:00

'Zabil Qəhrəmanov işi': Vəkil polisi tənqidinə görə həbs edilib?

Həbsdə olan vəkil Zabil Qəhrəmanov barəsində yeddi aydan çox davam edən istintaq yekunlaşıb. İstintaqın sonunda vəkilə dörd maddə üzrə ittiham elan olunub.

Z.Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq – ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə), 178.2.2, 178.2.3 və 178.2.4 (dələduzluq – qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla və təkrar törədildikdə) maddələri ilə ittiham olunur.

Vəkil haqqında cinayət işi Gəncə şəhər Baş Polis İdarəsində başlansa da, sonradan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Z.Qəhrəmanov da Gəncədəki 2 saylı İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.

Hazırda Z.Qəhrəmanov və onun vəkilləri cinayət işinin materialları ilə tanış olurlar. Bu mərhələ tamamlandıqdan sonra ittiham aktı təsdiqlənəcək və iş məhkəməyə göndəriləcək.

Z.Qəhrəmanovun istintaq dövrü üçün həbs müddəti iyulun 23-dək uzadılıb.

16 may

Vəkil Zabil Qəhrəmanovun həbsi daha 2 ay uzadıldı

Vəkil Zabil Qəhrəmanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. Mayın 16-da Səbail rayon Məhkəməsində hakim Azər Tağıyev bu barədə qərar çıxarıb. Qərara əsasən, vəkilin həbs müddətinin uzadılması ilə bağlı baş prokuror Kamran Əliyevin verdiyi təqdimat təmin olunub. Z.Qəhrəmanovun həbs müddəti iyulun 23-dək artırılıb.

Məhkəmədə müstəntiq istintaqın hələ yekunlaşmadığını və görüləsi prosessual işlər olduğunu əsas gətirərək həbs müddətinin uzadılmasını xahiş edib. Müdafiə tərəfi isə yeddi aydır vəkilin heç bir əsas olmadan həbsdə saxlandığını vurğulayaraq təqdimatın təmin olunmamasını istəyib. Təxminən iki saatlıq prosesin yekununda Z.Qəhrəmanov barəsində həbs-qətimkan tədbirinin 2 ay 7 gün müddətinə artırılması barədə qərar elan olunub. Vəkilin müdafiəçiləri qərardan apellyasiya şikayəti verib.

Yeddi aydır həbsdə olan Z.Qəhrəmanov barəsində bu, həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı üçüncü qərardır. Qanunun tələbinə görə, bu, ibtidai istintaq mərhələsində sonuncu uzatma qərarı olduğundan təqdimatı baş prokuror özü irəli sürüb.

Xatırlatma

Gəncə Regional Vəkil Bürosunda çalışan Z.Qəhrəmanov 2025-ci il oktyabrın 23-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddələri ilə ittiham verilib.

İttihama görə, saxlandığı gün Z.Qəhrəmanov avtoyuma məntəqəsində çalışan Fazil İsgəndərovla mübahisə edib və ona xəsarət yetirib. Bundan başqa, elə həmin gün Şəmkir sakini Emin İbrahimov da Gəncə şəhər Baş Polis İdarəsinə Z.Qəhrəmanovdan şikayət edib. O iddia edib ki, vəkil ondan 5 min 600 manat alaraq hüquqi yardım göstərməyə, prosesin onun istədiyi kimi başa çatacağına söz versə də, nəticə fərqli olub.

Vəkil isə hər iki iddianın əsassız olduğunu, onu cəzalandırmaq üçün adları çəkilən şəxslərdən istifadə edildiyini deyir.

Z.Qəhrəmanovun həbsindən iki həftə əvvəl Daxili İşlər Nazirliyinin şikayəti əsasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə onun vəkillik fəaliyyəti altı ay müddətinə dayandırılmışdı.

Bir çox səs-küylü işlərdə müdafiəçi olmuş Z.Qəhrəmanovun həbsi ilə əlaqədar yerli və beynəlxalq hüquq müdafiə təşkilatları narahatlıqlarını dilə gətirib. Beynəlxalq Vəkillər İttifaqının Hüququn Aliliyi İnstitutu (UIA-IROL) yaydığı bəyanatda vurğulayıb ki, Z.Qəhrəmanovun həbsi onun peşə fəaliyyəti və Azərbaycanda polis orqanlarının qanunsuz hərəkətlərini tənqid etməsi ilə bağlı ola bilər. Hökumət təmsilçiləri isə ölkədə heç kimin peşə fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.

XS
SM
MD
LG