Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 22:32

Namizəd Səfərov: 'Siyasi fəaliyyətimə görə cəzalandırılmışam'

Namizəd Səfərov
Namizəd Səfərov

Vəkillər Kollegiyasının keçmiş üzvü, artıq altı aydır həbsdə saxlanılan hüquqşünas Namizəd Səfərov iyunun 18-də məhkəmə qarşısına çıxarılıb. Onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

72 yaşlı hüquqşünas ona verilmiş dələduzluq ittihamının tamamilə qondarma olduğunu bildirib. O vurğulayıb ki, işə düzəltmək adı ilə 53 min manat pulunu mənimsədiyi iddia edilən qadını nə tanıyıb, nə də ondan pul alıb.

"Savadsız bir adamı harada işə düzəldəcəkdim? Özü də guya 53 min manat pul verib... Mən o qadını ümumiyyətlə tanımamışam. Ortada sübut olaraq nə bir telefon zəngi var, nə də yazışma. Amma onda günah görmürəm. Bu, qurama işdir, o da savadsız bir adam", - Səfərov məhkəmədə bildirib.

O, siyasi fəaliyyətinə və tənqidi çıxışlarına görə cəzalandırıldığını xüsusi vurğulayıb.

Vəkilləri də Səfərov haqqındakı cinayət işinin tamamilə əsassız olduğunu diqqətə çatdıraraq, işə xitam verilməsi barədə vəsatət qaldırıblar. Müdafiəçilər diqqət çəkiblər ki, N.Səfərovu saxladıqdan bir neçə saat sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə ondan şikayət daxil olub: "Günorta saat 12-də Namizəd Səfərovu saxlayıblar, saat 14:26-da "102"yə zəng olunub, 14:03-də isə Nərimanov rayonu, 18-ci polis bölməsində şikayət ərizəsi yazılıb. Axşam saat 5-də də istintaq başlayıb. Haradan bilirdilər ki, Namizəd Səfərov haqqında şikayət olunacaq və onu əvvəlcədən saxlayırdılar?".

Müdafiə tərəfi bu faktın özünün Səfərovun həbsinin qabaqcadan planlaşdırıldığını təsdiqlədiyini bildirib.

Vəkillər məhkəmədə daha bir vəsatət qaldırıblar ki, əgər cinayət işinə xitam verilmirsə, heç olmasa, hökm çıxarılanadək o, ev dustaqlığına buraxılsın. Müdafiə tərəfi xüsusilə onun 72 yaşına və sağlamlığındakı ciddi problemlərə diqqət çəkib.

Hüquqşünasın özü də əlavə edib ki, əgər həbsdən buraxılsa, cinayət işinin materialları ilə daha rahat şəkildə tanış ola bilərdi: "Ya evimdə, ya da məhkəməyə gələrək iş materialları ilə tanış olub müdafiəmi qurardım".

Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər kollegiyası bu vəsatətlərin heç birini təmin etməyib. Səfərovun işi üzrə növbəti məhkəmə baxışı iyulun 2-nə təyin olunub.

Xatırlatma

N.Səfərov 2025-ci il dekabrın 9-dan həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Hüquqşünas ittihamı rədd edir və təqsirsiz olduğunu bildirir.

Səfərov Milli Şuranın üzvü olub və 2020-ci ildə bu qurumdan istefa verib. O, son dövrlərdə xaricdəki mühacirlərin formalaşdırdığı Azərbaycan Xalq Parlamentinin üzvü idi. Səfərov həmçinin müxtəlif illərdə deputatlığa və prezidentliyə namizədliyini irəli sürüb.

Hüquq müdafiə təşkilatlarının hazırladıqları son siyahılara əsasən, hazırda Azərbaycanda 328 nəfər siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması barədə iddiaları qəbul etmir və vurğulayırlar ki, adları həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri konkret cinayət əməllərinə görə mühakimə olunublar.

XS
SM
MD
LG