Ülvi Həsənlinin cərimə kamerasına salındığı və hədələndiyi bildirilir

Ülvi Həsənli

"AbzasMedia"nın 9 il müddətinə azadlıqdan məhrum edilmiş direktoru Ülvi Həsənlinin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində (CÇM) cərimə kamerasına salındığı bildirilir.

Bu barədə Ü.Həsənlinin yaxınları noyabrın 3-də məlumat yayıblar.

Yayılan məlumata görə, noyabrın 3-nə onunla telefon danışığı nəzərdə tutulsa da, Həsənli zəng etməyib. Yaxınlarının vurğulamasına görə, onlar Ü.Həsənlinin noyabrın 2-də cərimə kamerasına salındığı barədə məlumat alıblar.

Habelə bildirilib ki, "AbzasMedia"da dərc olunan yazılara görə 10 saylı CÇM rəhbərliyi bir müddətdir onu təhdid edir.

Vurğulandığına görə, müəssisə barədə saytda gedən materiallardan sonra bəzi məhbuslara da təzyiq göstərilib: "Rəhbərlik haqqında yazılar gedən məhbusları hədələyib məcbur edir ki, Ülviyə desinlər, saytdan yazıları sildirsin".

Yaxınlarının əlavə etdiyinə görə, noyabrın 1-də baş tutan son görüş zamanı Ü.Həsənli özü də müəssisədə hədələndiyini deyib.

Bütün bu iddialarla bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı deyilib ki, cəzaçəkmə müəssisələrində məhkumlarla yalnız qanun çərçivəsində davranılır.

"AbzasMedia" saytında bu yaxınlarda yer alan məlumatların birinə görə, 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkumlar hamam probleminin hələ də həll olunmadığı və ayrılan vaxtın azlığı ucbatından tualetdə çimmək məcburiyyətində qaldıqlarından şikayətlənirlər.

Penitensiar Xidmət konkret bu şikayətə də münasibət bildirməsə də, qurum, bir qayda olaraq, cəzaçəkmə müəssisələrində bütün qanuni xidmətlərin təmin olunduğunu iddia edir.

Daha əvvəl isə saytda müəssisədə zorakılıq olması iddiaları ilə bağlı da şikayətlər yer alıb. Həmin şikayətlərlə bağlı da rəsmi cavab verilməyib.

Xatırlatma

"AbzasMedia"nın direktoru Ü.Həsənli 2023-cü il noyabrın 20-də saxlanılıb. Daha sonra "AbzasMedia işi" çərçivəsində nəşrin baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.

Onlara qaçaqmalçılıq və müxtəlif maliyyə pozuntuları ilə bağlı ittihamlar irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il iyunun 20-də çıxardığı hökmə əsasən, Ü.Həsənli, S.Vaqifqızı, H.Babalı və F.Mehralızadə 9 il, N.Absalamova ilə E.Qasımova 8 il, M.Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

"AbzasMedia işi" üzrə təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərini birbaşa peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Beynəlxalq media və insan hüquqları təşkilatları da bu həbsləri Azərbaycanda müstəqil mediaya qarşı yönəlmiş təzyiq kampaniyasının tərkib hissəsi kimi qiymətləndiriblər.