Müdafiə texnologiyaları tədbirinə Rusiyanın raket zərbəsindən sonra Ukrayna məhkəməsi kiyevli sahibkarın həbsinə qərar verib. Hücum nəticəsində 11 nəfər həlak olmuş, 100-ə yaxın insan yaralanmışdı.
Vasil Qonçaruk Pilotsuz Sistemlər və Əlaqəli Texnologiyalar İstehsalçılarının Assosiasiyası adlı biznes qrupuna rəhbərlik edir. Onun barəsində azı sentyabrın 21-dək həbs-qətimkan tədbiri seçilib.
İyulun 24-də baş vermiş hadisə müdafiə sənayesi ilə bağlı olduğundan kəşfiyyat, təhlükəsizlik və hava müdafiəsi barədə sualları bir daha gündəmə gətirib.
Kiyev vilayətində bir məkanda özəl təşkil olunmuş dron və digər texnologiyalar sərgisini Rusiya bir neçə ballistik raketlə vurub. Prokurorların iddiasına görə, tədbir rəsmi icazə olmadan keçirilib, 300-dən çox iştirakçı cəlb olunub və bomba sığınacaqlarına adekvat giriş olmayıb.
"Yaşayış massivində belə bir tədbirin keçirilməsi necə mümkün olub?"
Yaxınlıqdakı Kapitanovka kəndində yerli sakinlərin dediyinə görə, raket zərbəsi onları dəhşətə gətirib və tədbirin təşkilatçılarına qəzəblənirlər.
"Ağlamaq, qışqırmaq istəyirəm. Başa düşmürəm, necə olur ki, kimsə yaşayış massivində belə bir tədbir təşkil edə bilir", – Roman adlı bir nəfər deyib.
"Oğlum evdə idi. İndi ağır vəziyyətdə xəstəxanada yatır", – özünü Viktor kimi təqdim edən başqa bir kişi AzadlıqRadiosuna söyləyib.
Müharibənin artıq beşinci ilində Rusiya ordusu Ukrayna bölmələrinin açıq havada təşkil etdiyi kütləvi tədbirləri ilk dəfə deyil ki, zərbələrlə hədəf alır.
2025-ci ilin iyununda general-mayor Mixaylo Drapatı Rusiyanın raket zərbəsi nəticəsində 12 hərbçinin həlak olduğu hərbi təlimə nəzarətə görə məsuliyyət daşıdığını bildirərək istefa verib. Həmin zərbə komandanlıq protokolunun pozulması kimi qiymətləndirilib. Zabitlər Rusiya raketlərinin hədəfinə çevrilə biləcək təlim mərasimləri keçirməməklə bağlı xəbərdarlıq edilmişdilər.
Drapatı keçən həftə Ukraynanın yeni Baş Komandanı təyin edilib. Prezident Volodimir Zelenski müdafiə nazirliyi və silahlı qüvvələr komandanlığında böyük dəyişikliklər aparır.