Keçid linkləri

2026, 22 İyul, çərşənbə, Bakı vaxtı 12:28

ABŞ sınaq üçün Ukrayna dronlarının idxalına dair müqavilə imzalayıb

Ukrayna hərbçisi cəbhə xətti yaxınlığında "P1-Sun" tutucu-dronunu uçuşa hazırlayır.
Ukrayna hərbçisi cəbhə xətti yaxınlığında "P1-Sun" tutucu-dronunu uçuşa hazırlayır.

Ukrayna və ABŞ Ukrayna istehsalı olan dronların hərbi sınaqlar üçün ABŞ-yə ixracına imkan verən ikitərəfli niyyət sazişi imzalayıblar. Bunu AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu sazişin detalları ilə tanış iki mənbəyə istinadla bildirib.

Mənbələrdən biri jurnalistə razılaşmanın əldə olunduğunu təsdiqləyib, digəri isə hər iki tərəfin sənədi imzaladığını diqqətə çatdırıb.

"Artıq həm ABŞ, həm də Ukraynanın imzaladığı ikitərəfli niyyət bəyanatı dronlarla bağlı gələcək əməkdaşlıq üçün əsas yaradır. Bu, ilk belə sazişdir", – Raufoğlu mənbələrə istinadla yazıb.

Belə bir sazişin hazırlandığı barədə mayda "The Financial Times" qəzeti də yazmışdı. Məlumata görə, layihə quru, dəniz və hava əməliyyatları üçün nəzərdə tutulmuş Ukrayna pilotsuz sistemlərinin ABŞ-yə müvəqqəti ixracını ehtiva edir.

Bu pilotsuz sistemlərin ABŞ-də "sınaq və qiymətləndirmə" üçün istifadə olunması, ABŞ ordusunun gələcək tələblərinin formalaşdırılmasına xidmət etməsi planlaşdırılır.

“Reuters” isə mənbəyə istinadla yazır ki, Ukrayna Pentaqonun "Drone Dominance" proqramında iştirak məqsədilə Birləşmiş Ştatlara dron göndərməyə razılaşıb.

Mənbənin sözlərinə görə, Ukraynanın altı şirkətinin hər birinə təxminən 100 dron ixracına icazə verilib.

Bu məlumatı hələlik nə Kiyev, nə də Vaşinqton rəsmən təsdiqləyib.

"P1-SUN Jetkiller"
"P1-SUN Jetkiller"

Reaktiv 'Şahed'lərə qarşı daha sürətli tutucu-dronlar

Rusiya daha sürətli, reaktiv mühərrikli "Şahed" kamikadze dronlarının sayını artırır. Müdafiə şirkətləri isə onlara qarşı yeni nəsil, daha sürətli tutucu-dronlar hazırlayır.

Ukraynanın iri dron istehsalçısı "SkyFall" iyulun 20-də Böyük Britaniyada keçirilən və dünyanın ən böyük aviasiya sərgilərindən biri sayılan Farnboro Aviasiya Sərgisində yeni yüksəksürətli tutucu modelini nümayiş etdirib.

"Reuters" yazır ki, "P1-SUN Jetkiller" dronu şirkətin ötən ilin sonundan Ukraynada tətbiq olunan bənzər aparatının daha sürətli versiyasıdır.

Avropanın MBDA raket istehsalçısı çoxlu sayda ucuz döyüş sursatı ilə reallaşan hücumları dəf etmək üçün yeni tutucu-dron sərgiləyib.

"Lockheed Martin" isə iyulun 20-də "Patriot" hava hücumundan müdafiə sistemi üçün daha ucuz tutucu-raket buraxacağını açıqlayıb.

Ucuz və uzaqmənzilli "Şahed" kamikadze dronlarını İran hazırlayır. Bu aparatlar Ukrayna üçün ən böyük təhlükələrdən birinə çevrilib. Moskva "Şahed"lərin konstruksiyasını dəyişdirərək "Qeran" adlı versiyasını ərsəyə gətirib, onlara yeni xüsusiyyətlər, o cümlədən reaktiv mühərriklər əlavə edib. Bu isə aparatların Kiyev daxil Ukraynanın dərinliklərinə daha asan nüfuz etməsinə imkan verir.

Mühərrik seçimi

Reaktiv mühərrikli "Şahed"lər saatda 500 kilometrə qədər sürətlə uça bilir. Bu isə Ukraynanın onları aşkarlaması və əks-tədbirlər görməsi üçün vaxtı azaldır. Hazırda tətbiq olunan əksər tutucular belə sürəti üstələyə bilmir.

"SkyFall" bildirir ki, onun yeni yüksəksürətli dronu saatda 370 kilometr sürət yığa bilir. Mövcud modelin maksimal sürəti isə 310 kilometrdir. Şirkət avqustda kütləvi istehsala başlamağı planlaşdırır.

"Reuters" mütəxəssislərə istinadla yazır ki, Rusiya son aylarda reaktiv mühərrikli "Şahed"lərdən istifadəni xeyli artırıb. Ukrayna Hərbi Hava Qüvvələrinin yüksəkrütbəli komandirlərindən Yuri Çerevaşenko apreldə deyirdi ki, Rusiyanın buraxdığı aparatların təxminən 15-20 faizi artıq adi pərli deyil, reaktiv mühərriklə təchiz olunur.

Hazırda tutucu dronlar üçün əsas həllini gözləyən məsələlərdən biri mühərrik seçimidir.

Ukraynanın "General Cherry" dron istehsalçısı hazırda həm elektrik, həm də kiçik turbo-reaktiv mühərrik variantlarını sınaqdan keçirdiyini bildirir. Burada əsas problem maya dəyərini aşağı saxlamaqdır. Müəssisə yeni modelin qiymətini mövcud "Bullet" tutucusuna yaxın saxlamağa çalışır. Hazırkı "Bullet"in qiyməti 2 min dollar və ya ondan aşağıdır.

XS
SM
MD
LG