Kremlin Qələbə Günü münasibətilə elan etdiyi atəşkəs bir neçə saatın içində pozulub. Ukrayna və Rusiya yüzlərlə pozuntu haqqında məlumat yayıb.
Ukrayna prezidenti Volodimir Zelenski mayın 8-də səhər bildirib ki, "cəbhədə atəşkəsə rəmzi cəhd belə olmadı". O, Rusiyanın artilleriya atəşləri açdığını, cəbhə xətti boyunca hücum cəhdləri etdiyini və dron zərbələri endirdiyini deyib.
Ukrayna Hərbi Hava Qüvvələri gecə ərzində Rusiyanın ölkəyə 67 dron buraxdığını açıqlayıb. Dnepropetrovsk vilayətinin qubernatoru Oleksandr Qanja bu strateji şərq bölgəsinin dronlar, artilleriya və raketlərlə azı 30 dəfə vurulduğunu, üç nəfərin yaralandığını bildirib.
Zelenski Ukraynanın zərbələrə "eyni şəkildə" cavab verəcəyini vəd edib.
Rusiyaya dron hücumları: Neft emalı zavodları hədəfdə
Mayın 8-nə keçən gecə Rusiyanın bir neçə vilayəti raket və dron hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi bundan əvvəl mayın 8-dən 10-dək birtərəfli qaydada atəşkəs elan etmişdi. Mayın 6-na keçən gecə isə Rusiya Ukrayna prezidenti Volodimir Zelenskinin elan etdiyi "sükut rejimi"ni pozmuşdu.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, Taqanroqda yanan PUA qalıqlarının düşməsi nəticəsində qaraj zədələnib, fərdi evlərə ziyan dəyib. Cənub-Şərq sənaye zonasına düşən raket anbarlarda yanğına səbəb olub, anbar binası çöküb.
Rostov sakinləri partlayış səsləri eşitdiklərini bildiriblər. Sosial şəbəkələrdə yayılan video və fotolarda böyük yanğın görünür. "Astra" nəşri yanğının Qərb Sənaye Qovşağı ərazisində baş verdiyini, burada bir sıra müəssisələrin yerləşdiyini yazır.
Perm diyarında sənaye meydançalarına pilotsuz aparatların düşdüyü açıqlanıb.
"Exilenova+" Telegram kanalının məlumatına görə, Permdəki "Lukoyl-Permnefteorqsintez" (PNOS) neft emalı müəssisəsi hədəfə alınıb.
Rusiyanın ilhaq etdiyi Krımda isə "Krasnoperekopsk" elektrik yarımstansiyası vurulub. "Krımski veter" peyk görüntülərinə istinadən yazır ki, hazırda yanğın davam edir. "Brom" ASC kimya zavodunun ərazisində də yanğın qeydə alınıb.
"Astra" nəşri Yaroslavlda "Slavneft-YANOS" neft emalı zavodunun yandığını yazır. Bu müəssisə "Rosneft" və "Qazprom"un nəzarətindədir. Zavodun illik emal gücü təxminən 15 milyon ton neft təşkil edir.
Rusiya Ukraynaya məxsus 264 pilotsuz aparatın vurulduğunu açıqlayıb.
Zelenski bir görüntü yayaraq bunun Yaroslavldakı neft obyektindəki yanğını göstərdiyini bildirib: "Bu obyekt Rusiyanın müharibəsinin maliyyələşdirilməsində mühüm rol oynayırdı".
Ukrayna Xəzərdə Rusiya hərbi gəmisini vurduğunu deyir
Ukrayna ordusu Rusiyanın Xəzər dənizində raketdaşıyan hərbi gəmisini vurduğunu bildirib. Ukrayna getdikcə Rusiyada daha uzaq hədəflərə zərbələr endirir.
Mayın 7-də həyata keçirilən hücumun gəmiyə nə dərəcədə ziyan vurduğu bəlli deyil, məlumat hələlik, təsdiqlənməyib. Gəmi Rusiyanın Xəzər donanmasının tərkibinə daxildir, bundan əvvəl Ukrayna hədəflərinə qanadlı raketlərin buraxılması üçün istifadə olunub.
Rusiya indilik, məlumatı şərh etməyib.
Moskvanın Ukraynaya qarşı təcavüzkar müharibəsi dörd ildən çoxdur davam edir. Ukrayna uzaqmənzilli silah arsenalını genişləndirib, həm dron, həm də raket istehsalını artırıb.
Bu həftənin əvvəlində prezident Volodimir Zelenski deyib ki, Ukraynanın yerli istehsalı olan azı iki “Flaminqo” raketi Rusiyanın mərkəzində, sərhəddən təxminən 1200 kilometr məsafədə yerləşən silah obyektinə atılıb.
Ukrayna dronları Rusiyanın Baltik dənizində neft ixracı obyektlərini də hədəfə alıb.
Xəzər donanmasının əsas hissəsinin yerləşdiyi Mahaçqala limanı isə Ukraynanın nəzarətində olan ərazilərdən təxminən 1300 kilometr məsafədədir.
Qələbə paradına kimlər gedir
Bu arada Rusiya faşist Almaniyası üzərində qələbənin ildönümü tədbirlərinə hazırlaşır. 9 May Qələbə Günü paradı bu il məhdud şəkildə, hərbi texnikasız keçiriləcək.
Kremlin sözçüsü Dmitri Peskov təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı xəbərlərin əhəmiyyətini kiçiltməyə çalışıb. Onun sözlərinə görə, böyük bayramlar ərəfəsində əlavə təhlükəsizlik tədbirləri həmişə görülür. Peskov bu il Ukraynadan “terror təhlükəsi” səbəbindən əlavə tədbirlər görüldüyünü bildirib.
Kreml bayram tədbirləri ilə əlaqədar mayın 8-dən Ukrayna ilə atəşkəs təklif edib. Zelenski isə bu təklifi rədd edib, əvəzində mayın 6-dan atəşkəs variantını irəli sürüb.
Qələbə Günü tədbirlərinə adətən çoxsaylı xarici rəsmilər və dövlət başçıları qatılır. Vaxtilə Sovet İttifaqının tərkibində olmuş beş Orta Asiya ölkəsinin prezidentləri də bu sırada olurdu.
Kremlin mayın 7-də açıqladığı qonaq siyahısında isə Belarus rəhbəri Aleksandr Lukaşenko və Slovakiyanın baş naziri Robert Fitso da var.
Rusiya Xarici İşlər Nazirliyi Kiyevə və oradakı diplomatik missiyalara sərt xəbərdarlıq edib. Bildirilib ki, Ukrayna 9 May tədbirlərini pozmağa çalışarsa, Ukrayna paytaxtına zərbə endirilə bilər.
Rusiya Müdafiə Nazirliyi Ukraynanın mayın 7-də Rusiyadakı hədəflərə təxminən 200 dron buraxdığını açıqlayıb.