Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
AZƏRTAC-ın xəbərinə görə, aprelin 25-də Qəbələdə Azərbaycan prezidenti İlham Əliyev ilə Zelenskinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib.
Görüş zamanı Ukrayna prezidentinin Azərbaycana bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik ifadə olunub.
Tərəflər əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunublar.
Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi, həmçinin ukraynalı uşaqlara göstərilən xüsusi diqqət və qayğını yüksək qiymətləndirərək buna görə minnətdarlığını ifadə edib. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə Azərbaycana səfərinin nəzərdə tutulduğu vurğulanıb.
Zelenski Ukrayna ilə Rusiya arasında danışıqların Azərbaycanda keçirilməsini istəyir
Aprelin 25-də onlar həmçinin, mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev müzakirə olunan məsələlərdən danışarkən siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirlkəti ( SOCAR) Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir: “Eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilib. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb...”
Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb və burada da çox böyük perspektivlər var: “Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.”
Zelenski isə deyib ki, onlar bu gün, aprelin 25-də 6 sənəd imzalayıblar (hələlik, sənədlər açıqlanmayıb). Onun vurğulamasına görə, bir nömrəli sahə təhlükəsizlikdir. “Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq.”, deyə o vurğualyıb.
Zelenski əlavə edib ki, onlar eyni zamanda, sülh sahəsində səyləri müzakirə ediblər. Ukrayna Prezidenti əlavə edib ki, onlar bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdardırlar: “ Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə.”
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Bundan səkkiz il əvvəl isə Rusiya Ukraynanın bir hissəsini – Krımı işğal etmişdi. O zaman Rusiyaya qarşı sanksiyalar tətbiq olunmağa başlanmışdı.
Yeni müharibə başladıqdan sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndiriblər. Lakin Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə, rəsmi Bakı Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını bəyan edib.