Zelenski: ABŞ 'Patriot' raketlərinin 10 faizini satarsa...

Volodimir Zelenski Almaniyada ukraynalı hərbçilərə 'Patriot' HHM sistemləri üzrə təlimlərin keçirildiyi hərbi poliqonda.

Rusiya ötən gecə Ukraynanın Dunay çayı üzərindəki ən böyük taxıl ixracı limanını vurub. Dağıntıların olduğu, yanğın baş verdiyi bildirilir. Bundan əvvəl prezident Volodimir Zelenski ölkəsinin ABŞ-dən daha çox hava hücumundan müdafiə raketinə ehtiyacı olduğunu bildirib.

İzmail limanı Odessa vilayətinin cənubunda, Rumıniya sərhədi yaxınlığında yerləşir. Rayon administrasiyası Telegram-da bildirib ki, zərbələr liman infrastrukturuna ziyan vurub, şəhərin cənub-şərq hissəsində elektrik enerjisinin verilişi dayanıb.

Bir gün əvvəl Ukrayna Rusiyanın Qara dəniz sahilindəki əsas taxıl ixracı mərkəzlərindən olan Novorossiyskə zərbə endirmişdi.

NATO və Avropa İttifaqının üzvü olan Rumıniya havaya iki qırıcı təyyarə qaldırıb. Müdafiə Nazirliyi X sosial şəbəkəsində yazıb ki, hava hədəfi Ukrayna istiqamətinə yönəlməzdən əvvəl təxminən 10 dəqiqə Rumıniyanın hava məkanında qalıb.

Odessa vilayətində Rusiya dronu sərnişin qatarını vurub, maşinist və köməkçisi həlak olub.

Zelenski avqustun 12-də CNN-ə bildirib ki, Rusiyanın artan ballistik raket hücumlarından qorunmaq üçün Ukraynaya ABŞ-nin mövcud "Patriot" raket ehtiyatının azı 5 faizi lazımdır. Onun sözlərinə görə, ABŞ mövcud "Patriot" ehtiyatının 10 faizini Ukraynaya verərsə, bu, Rusiyanın bütün ballistik raket hücumlarının qarşısını almağa kifayət edər.

"5 faizini bizə satın, qışı adlayaq, insanların həyatını xilas edərik. 10 faizini sata bilsələr, Rusiyanın bütün ballistik raketlərini məhv edərik. Hazırda məndə 1 faizi var", – Zelenski CNN-ə bildirib.

Ballistik raketləri vurmaq dronlar və qanadlı raketlərlə müqayisədə xeyli çətindir.

Rusiyanın iyulda Ukraynaya 450-dən çox müxtəlif tipli raket atdığı, onların yarıdan çoxunun ballistik raketlər olduğu bildirilir.