Rusiya prezidenti Vladimir Putin avqustun 12-də bəyan edib ki, Moskva Rusiya ticarət gəmilərinin xarici dövlətlər, xüsusilə də Avropa İttifaqı (Aİ) tərəfindən saxlanılmasına adekvat cavab verəcək.
Saxalində Sakit Okean Donanmasının hərbçiləri ilə görüşən Putin Rusiyanın "kölgə donanması"na məxsus gəmilərin ələ keçirilməsini "soyğunçuluq və dəniz quldurluğu" adlandırıb. O, Rusiyanın həmin addımlara qarşılıq vermək məcburiyyətində qalacağını vurğulayıb.
Dövlət başçısının sözlərinə görə, cavab addımlarının mütləq gəmilərin basqına uğradığı akvatoriyalarda atılması şərt deyil: "Rusiya zəruri və məqsədəuyğun hesab etdiyi istənilən məkanda, o cümlədən Sakit Okean Donanmasının məsuliyyət zonasında addım ata bilər".
Rusiya Xarici İşlər Nazirliyi (XİN) elə həmin gün Avropa İttifaqını (Aİ) kəskin ittiham edib. Nazirliyin bəyanatında bildirilir ki, ittifaq Liviyaya gedən gəmiləri yoxlayan "IRINI" missiyasından ticarət gəmilərini qorxutmaq və sərbəst gəmiçiliyə mane olmaq üçün istifadə edir. XİN xəbərdarlıq edib ki, Brüssel bu addımları ilə özü üçün "böyük təhlükələr" yaradır.
Ötən həftə yayılan xəbərlərə görə, Aİ "IRINI" hərbi-dəniz missiyasına Aralıq dənizində xarici tankerləri saxlamaq səlahiyyəti verib. Söhbət Brüsselin Rusiyanın "kölgə donanması"na aid etdiyi gəmilərdən gedir. Üçüncü ölkələrin bayrağı altında üzən həmin tankerlər Rusiyanın maraqları naminə yük daşıyır. Onların bir çoxu sanksiyalardan qaçmaq üçün bir vasitə sayıldığından Qərb ölkələrinin qara siyahısına salınıb.
"Reuters" xəbər verir ki, 2026-cı ilin əvvəlindən bəri Avropada bu qəbildən olan doqquz, o cümlədən Fransa sularında dörd tanker saxlanılıb. Adətən gəmi sahibi olan şirkətlər cərimələnir, gəmilər isə buraxılır. Bununla belə, Aİ-də saxlanılan gəmilərin yükünü müsadirə etmək qaydası da mövcuddur. Ukrayna isə Rusiyanın "kölgə donanması"na aid gəmilərin qanuni hərbi hədəf sayıla biləcəyini bəyan edir.