Zərurət yaranarsa, Azərbaycan Ukraynaya qaz tədarük edə bilər. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andriy Sibiqa ilə mətbuat konfransında deyib.
Nazir Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) uzun illərdir Ukrayna bazarında fəaliyyət göstərdiyini, şirkətin gələcək üçün böyük planlarının olduğuna inandığını bildirib.
C.Bayramov deyib ki, bu gün Azərbaycan dünyanın 16 ölkəsinə, o cümlədən 10-u Avropa İttifaqının üzvü olmaqla, ümumilikdə 12 Avropa dövlətinə qaz tədarük edir: "Zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq. Eyni zamanda, daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə Ukrayna arasında böyük əməkdaşlıq potensialı var".
Bayramov Ukraynada hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının vacibliyini vurğulayıb. Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü ardıcıl dəstəkləyini bəyan edib.
Görüşdə Azərbaycanın Ukraynaya 50 milyon ABŞ dollarından artıq humanitar yardım göstərdiyi qeyd olunub. Bakının İrpin şəhərində bərpa işləri apardığı və ukraynalı uşaqların reabilitasiyasına kömək etdiyi diqqətə çatdırılıb.
Ötən ay Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Bakıdakı səfirini çağıraraq Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsinə dron hücumu ilə bağlı Moskvaya rəsmi etiraz notası təqdim edib. Ötən il də Ukraynadakı Azərbaycan obyektləri bir neçə dəfə Rusiyanın hava zərbələrinə tuş gəlib. Bu, həm də Bakı ilə Moskvanın münasibətlərindəki gərginlik fonunda baş verirdi.
Rusiya 2022-ci ilin fevralından Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir. Bu müddət ərzində hər iki tərəfdən yüz minlərlə insan həlak olub.
+++
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri zamanı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanovla, daha sonra prezident Volodimir Zelenski ilə görüşüb.
Rəsmi məlumata görə, Zelenski ilə görüşdə Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin durumu, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Prezident Zelenski Ukraynaya humanitar dəstəyə görə prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığını bildirib.