ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya yenidən hücum riskinin yetərincə azaldığına əmin olarsa, Ukraynaya NATO-nun kollektiv müdafiə öhdəliklərinə bənzər təhlükəsizlik zəmanətləri verməyi nəzərdən keçirə bilər. Bunu ABŞ prezidentinin xüsusi elçisi Cared Kuşner bildirib.
Kuşner noyabrın 22-də X sosial şəbəkəsində bu haqda geniş yazıb. O, Rusiyanın bu cür zəmanətləri müzakirə etməyə hazır olması barədə məlumatları "irəliyə doğru böyük addım" adlandırıb.
Ancaq Moskva ötən həftə Ukraynaya NATO tipli təhlükəsizlik zəmanətlərinin verilməsini açıq şəkildə rədd edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov belə zəmanətləri qəbuledilməz sayıb.
ABŞ rəsmilərindən biri AzadlıqRadiosuna bildirib ki, Kuşnerin danışıqlardakı roluna baxanda onun açıqlaması mühüm əhəmiyyət daşıyır.
Vaşinqtonun ağlındakı
Kuşner Ukrayna prezidenti Volodimir Zelenskinin təhlükəsizlik zəmanətlərinin "konkret, etibarlı və aydın şəkildə" sənədləşdirilməsinin vacibliyi barədə fikri ilə razılaşıb. Amma o, daha geniş çərçivə təklif edib. Buraya daimi məsləhətləşmə kanalları, böhran kommunikasiyası, hərbi qüvvələr arasında toqquşmaların önlənməsi, şəffaflıq və eskalasiyanın azaldılması tədbirləri daxildir.
Onun sözlərinə görə, məqsəd elə bir gələcək qurmaq olmalıdır ki, "Ukrayna təhlükəsiz olsun, Avropa daha güclü olsun, Rusiya NATO-nun qarşıdurmaya can atmadığına, NATO və tərəfdaşları isə Rusiyanın qonşularının suverenliyinə və təhlükəsizliyinə hörmət edəcəyinə əmin olsunlar".
O, Vaşinqtonun qarşıdakı həftələrdə təklif olunan mexanizmlərin hazırlanması üçün Kiyev, Avropa tərəfdaşları və Moskva ilə işləmək niyyətində olduğunu vurğulayıb.
Zelenski daha çoxunu istəyir
Zelenski isə Berlində "İstəklilər Koalisiyası"nın toplantısından sonra demişdi ki, NATO-ya tamhüquqlu üzvlük ölkəsi üçün ən aydın təhlükəsizlik zəmanəti olaraq qalır və bu, alyansı da gücləndirər.
O, alternativ "5-ci maddəyə bənzər" mexanizmin praktikada nə demək olacağını sual altına alıb. Zelenski hansı ölkələrin bu mexanizmdə yer alacağını, Ukraynanı necə qoruyacağını və Rusiyanın yeni hücumunu dəf etməyə hazır olub-olmayacağını bilmək istəyir. Onun sözlərinə görə, bu sualların cavabları yazılı şəkildə təsbit edilməlidir.
Zelenski həm də israr edib ki, istənilən təhlükəsizlik zəmanəti Trampın prezidentlik müddətindən sonrakı dövrə də şamil olunmalıdır. O bildirib ki, Ukraynaya təkcə qarşıdakı iki il üçün deyil, uzunmüddətli öhdəliklər lazımdır.