2026, 21 Noyabr, şənbə, Bakı vaxtı 00:34

Ukrayna üçün '5-ci maddə' zəmanəti: Vaşinqtonun təklifinə Moskvadan sərt cavab

Almaniya kansleri F.Merts, Ukrayna prezidenti V.Zelenski, Fransa prezidenti E.Makron, Böyük Britaniyanın baş naziri E.Börnem, ABŞ prezidenti D.Trampın kürəkəni C.Kuşner və ABŞ-nin xüsusi elçisi S.Uitkoff "İstəklilər Koalisiyası"nın sammiti çərçivəsində birgə mətbuat konfransında.
Almaniya kansleri F.Merts, Ukrayna prezidenti V.Zelenski, Fransa prezidenti E.Makron, Böyük Britaniyanın baş naziri E.Börnem, ABŞ prezidenti D.Trampın kürəkəni C.Kuşner və ABŞ-nin xüsusi elçisi S.Uitkoff "İstəklilər Koalisiyası"nın sammiti çərçivəsində birgə mətbuat konfransında.

Vaşinqton Ukraynaya NATO modelinə uyğun təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu açıqlayıb. ABŞ elçisi Cared Kuşner Moskvanın da bu ideya ilə razılaşa biləcəyini deyib, amma Rusiya bu iddianı şübhə altına alıb.

ABŞ-nin digər təmsilçisi Stiv Uitkoff isə hələ görüləsi mühüm işlərin qaldığını vurğulayıb. O, noyabrın 19-da Kuşnerlə birlikdə Berlində Ukrayna və Qərb rəsmilərinin toplaşdığı danışıqlara qatılıb. Uitkoffun sözlərinə görə, Tramp müharibəni elə bitirmək istəyir ki, Ukraynanın təhlükəsizliyi və suverenliyi qorunsun, münaqişənin yenidən alovlanmasının qarşısı alınsın.

Ukraynaya hərbi və digər yardımları əlaqələndirən ölkələri birləşdirən "İstəklilər Koalisiyası"nın görüşündə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib.

Kuşner: Rusiyanın bu ideyanı qəbul etməsi yönündə irəliləyiş var

Kuşner Vaşinqtonun Rusiyaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti ideyasını qəbul etdirmək yolunda irəliləyişə nail olduğunu söyləyib. Bu zəmanət NATO-nun kollektiv müdafiə prinsipinə söykənir – həmin prinsipə əsasən, alyansın bir üzvünə edilən hücum bütün üzvlərə yönəlmiş sayılır.

"Amerikanın baxış bucağından 5-ci maddəyə bənzər təhlükəsizlik zəmanəti vermək olduqca ciddi məsələdir", – Kuşner belə deyib. Onun sözlərinə görə, Tramp bu ideyaya açıqdır, amma bir şərtlə: bu təşəbbüs ABŞ-nin maraqlarına cavab verməli və daha geniş təhlükəsizlik tədbirləri paketinə daxil olmalıdır.

Kuşner Vaşinqtonun Moskvanın bu konsepsiyaya münasibətini yumşalda bildiyini vurğulayıb. O, Moskvanın bu münaqişədən sonra yeni müharibə istəmədiyini desə də, Rusiyanın niyyətlərinə dair şübhələrin qaldığını gizlətməyib.

"The Wall Street Journal" isə diplomatik mənbələrə istinadən yazıb ki, Kuşner və Uitkoff son aylar Ukrayna və Avropa ölkələri ilə keçirdikləri qapalı görüşlərdə Rusiyaya ərazi güzəştləri qarşılığında Kiyevin NATO-ya üzvlüyü variantını müzakirə edirlər.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton müharibəni dayandırmaq üçün iki ssenari üzərində düşünür. Birinci variant Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü qarşılığında Ukrayna qoşunlarının Donbasın Kiyevin nəzarətində olan hissəsindən çıxarılmasını nəzərdə tutur. İkinci ssenariyə əsasən isə, döyüş əməliyyatları hazırkı cəbhə xətti boyunca dayanmalı, Ukrayna alyansa qoşulmadan ABŞ və avropalı müttəfiqlərindən təhlükəsizlik zəmanətləri almalıdır.

Ukrayna və Avropanın taleyi həll olunur: Rusiya ilə müharibə bitir?

No media source currently available

Rusiyanın reaksiyası

Rusiya indiyədək bütün sülh danışıqlarında Ukraynanın heç vaxt NATO-ya qəbul olunmamasını əsas tələb kimi irəli sürüb. ABŞ təmsilçilərinin açıqlamalarına Moskvanın cavabı da gecikməyib.

"Kiyev üçün NATO-da "kvazi-üzvlük" formulu tapmaq, yaxud bu məsələdə "yaradıcı həll" axtarmaq belə bizim üçün qəbuledilməzdir", – Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov noyabrın 20-də deyib.

"İnterfaks"ın yazdığına görə, Ryabkov bildirib ki, "Kiyev və Qərb Ukraynanın NATO-ya üzv olmaması ilə bağlı tələbimizin müzakirə mövzusu olmadığını qəbul etməlidir". O əlavə edib ki, yalnız bundan sonra təhlükəsizlik zəmanətləri məsələsi bu və ya digər şəkildə müzakirə oluna bilər.

5-ci maddə tərəflər üçün nə deməkdir

Zelenski isə Ukraynanın 5-ci maddəyə bənzər zəmanətin konkret nələri əhatə edəcəyinə daha çox aydınlıq gətirilməsini gözlədiyini deyib. Onun fikrincə, bu, "ölkə ərazisində tərəfdaş dövlətlərin müəyyən qüvvələrinin yerləşməsi" anlamına gəlir.

Fransa prezidenti Emmanuel Makron isə Ukraynanın müttəfiqlərini yalnız alternativ təhlükəsizlik mexanizmlərinə arxalanmaq əvəzinə, ölkənin NATO-ya üzvlüyü məsələsinə yenidən baxmağa çağırıb: "Rusiyanın mövqeyinin maksimalist xarakterini nəzərə alaraq, fikrimcə, Ukraynanın NATO-ya üzvlüyü məsələsini yenidən gündəmə gətirməliyik".

Berlin görüşündən sonra Almaniya, Fransa, Böyük Britaniya və Ukrayna liderləri birgə bəyanat yayaraq, atəşkəsdən sonra Kiyevə güclü və icrası məcburi təhlükəsizlik zəmanətlərinin verilməsini vacib sayıblar.

Moskva isə təhlükəsizlik zəmanətləri çərçivəsində Qərb hərbçilərinin Ukraynada yerləşdirilməsinə qəti şəkildə qarşı çıxır – prezident Vladimir Putin bu mövqeyi bu həftə bir daha təkrarlayıb.

​
XS
SM
MD
LG