2026, 18 Noyabr, çərşənbə, Bakı vaxtı 22:38

Ukraynaya 50 milyardlıq yardım Aİ-nin yeni büdcə planına ilişib

Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta, Ukrayna prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldəki Aİ sammitində.
Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta, Ukrayna prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldəki Aİ sammitində.

Noyabrın 18-də Avropa Komissiyası Ukraynaya 45 milyard avro (50 milyard dollar) məbləğində yeni kredit ayrılmasını təklif edib. Məqsəd müharibədən əziyyət çəkən ölkənin 2027-ci ildəki maliyyə çatışmazlığının böyük hissəsini qarşılamaqdır.

Ancaq məsələ bundadır ki, Aİ ölkələri ilin sonunadək 2028–2034-cü illərin büdcəsi ilə bağlı qərar verməlidirlər. AzadlıqRadiosunun Avropa üzrə jurnalisti Rikard Yozvyak yazır ki, 50 milyard dollarlıq yardım da həmin müzakirələrdə dolaşığa düşə bilər.

Ukrayna gələn il üçün 70 milyard avroluq (77 milyard dollar) büdcə kəsirinin olacağını açıqlayıb. 50 milyard dollar bu məbləğin təxminən üçdə ikisi deməkdir. Brüsseldə ümid edirlər ki, qalan hissəni Ukraynanın Kanada, Yaponiya, Norveç və Böyük Britaniya kimi digər Qərb müttəfiqləri təmin edəcək.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib ki, bu maliyyə dəstəyi Ukraynanın danışıqlar masasında mövqeyini gücləndirməyin ən yaxşı yoludur.

AzadlıqRadiosunun tanış olduğu təklifə əsasən, Avropa Komissiyası Ukrayna büdcəsindəki kəsirin Rusiyanın sürən hücumları nəticəsində yarandığını qəbul edir.

45 milyard avronun 25 milyardının Ukraynanın müdafiə sektoruna, 10 milyardının dövlət büdcəsinə, qalan 10 milyardının isə ölkənin xarici valyuta ehtiyatlarını sabitləşdirmək üçün makromaliyyə yardımına yönəldilməsi nəzərdə tutulur.

Avropa Komissiyası bildirir ki, kredit "Rusiyanın ödəməli olduğu təzminatlar hesabına geri qaytarılacaq".

"Reparasiya krediti"

Bu mexanizm Aİ-nin 2025-ci ilin dekabrında razılaşdırdığı 90 milyard avroluq kreditlə eyni prinsiplə işləyir. Həmin vaxt Aİ bu vəsaitin Ukraynanın 2026 və 2027-ci illər üçün maliyyə ehtiyaclarının böyük hissəsini qarşılayacağına ümid edirdi.

Aİ liderləri ötən il krediti birliyin büdcəsindəki "ehtiyat borc imkanları" hesabına ayırmağa üstünlük vermişdilər. Bundan əvvəl isə "reparasiya krediti" geniş müzakirə olunurdu. Söhbət Aİ-də dondurulmuş Rusiya dövlət aktivlərindən girov kimi istifadə etməkdən gedirdi. O vaxt Belçika bu təşəbbüsə veto qoymuşdu, çünki həmin aktivlərin böyük hissəsi Brüsseldə yerləşən "Euroclear" maliyyə şirkətində saxlanılır.

Aİ-nin bir çox üzvü dondurulmuş Rusiya aktivlərindən istifadə ideyasına yenidən baxılmasını istəyib. Vəziyyətdən xəbərdar, amma adlarının açıqlanmasını istəməyən bir neçə diplomat AzadlıqRadiosuna bildirib ki, Belçika mövqeyini dəyişməyib. Lüksemburq və Fransa kimi ölkələr də bu məsələdə Belçikanı səssiz şəkildə dəstəkləyir.

Aİ liderləri noyabrın 26-27-də Brüssel sammitində 1.8 trilyon avroluq büdcə təklifini müzakirə etməlidirlər. Məqsəd dekabrın 17–18-də keçiriləcək növbəti görüşdə yekun razılığa gəlməkdir.

R.Yozvyak yazır ki, Brüsseldəki diplomatların əksəriyyəti bütün məsələlərin 2026-cı ilin sonunadək razılaşdırılmasına üstünlük verir. Onların çoxu 2027-ci ildə Avropada keçiriləcək seçkilərin xərclərlə bağlı istənilən qərarı poza biləcəyindən ehtiyatlanır.

​
XS
SM
MD
LG