Keçid linkləri

2026, 06 Noyabr, cümə, Bakı vaxtı 19:49

Ağ Ev Avropanın təhlükəsizliyinə dair geniş plan təqdim edib

ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə birgə mətbuat konfransı zamanı.
ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff və Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə birgə mətbuat konfransı zamanı.

Tramp administrasiyası gələn həftə Əbu-Dabidə Ukrayna və Rusiya ilə üçtərəfli sülh danışıqlarına hazırlaşır. Belə bir vaxtda Ağ Ev Ukraynaya təhlükəsizlik zəmanətləri verməklə yanaşı, Avropanın təhlükəsizliyinə dair yeni çərçivə planını açıqlayıb.

Prezident Donald Trampın xüsusi elçisi Cared Kuşner noyabrın 5-də sosial şəbəkədə bu təşəbbüsün detallarını bölüşüb. Bundan əvvəl isə Brüsseldə Ukrayna, NATO və Avropa rəsmiləri ilə məsləhətləşmələr aparılıb.

Planda daimi təhlükəsizlik məsləhətləşmələri, böhran vəziyyətləri üçün kommunikasiya mexanizmləri, hərbi sahədə şəffaflığın artırılması və eskalasiya risklərini azaltmaq üçün qarşılıqlı tədbirlər yer alır. Sənəd həmçinin Avropada təhlükəsizlik və sabitliyə dair uzunmüddətli razılaşmanı nəzərdə tutur.

Kuşnerin sözlərinə görə, təşəbbüs hər bir ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır. Heç bir dövlət digərinin təhlükəsizlik seçimlərinə və ittifaqlarına veto qoya bilməyəcək, NATO isə Avropanın kollektiv müdafiəsindəki mərkəzi rolunu qoruyub saxlayacaq.

Noyabrın 5-də prezident Tramp Ağ Evdə Rusiya prezidentinin xüsusi elçisi Kirill Dmitriyevlə görüşüb. Tramp "böyük və möhtəşəm" razılaşmanın əldə olunmasına az qaldığını bildirib: "Bu, böyük bir razılaşma olacaq və təkcə Ukraynanı əhatə etməyəcək".

Kuşner vurğulayıb ki, Ukrayna, NATO, Avropa İttifaqı və digər avropalı tərəfdaşlarla müzakirələr "Shell Bay" formatında davam etdiriləcək. Bu sülh prosesinə Rusiyanın da cəlb olunması nəzərdə tutulur.

Cavabsız suallar

AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu yazır ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərinin Avropanın ümumi təhlükəsizlik arxitekturası ilə əlaqələndirilməsi Rusiya üzrə mütəxəssislərdə suallar doğurub. Ekspertlər təşəbbüsün əhatə dairəsindən və bunun NATO üçün mümkün nəticələrindən narahatdırlar.

"Saratoqa" Fondunun prezidenti, uzun illər Rusiya üzrə strateji məsələlərlə məşğul olmuş Qlen Hovard AzadlıqRadiosuna bildirib ki, planda Avropanın daha geniş təhlükəsizlik sisteminə istinad edilməsi xüsusilə narahatlıq doğurur. O, Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakovun ötən həftəki bəyanatını xatırladıb. Uşakov NATO-nu 1997-ci ildən əvvəlki vəziyyətinə — yəni alyansın Şərqi Avropa və Baltikyanı ölkələrə doğru genişlənməsindən əvvəlki mövqelərinə qayıtmağa çağırmışdı.

"Rusiya nə vaxtdan NATO-nun gələcəyi və şərq cinahının ləğvi barədə söz sahibi olub?", — deyən Hovard Rusiyanın bunun qarşılığında hansı güzəştlərə gedəcəyini də sorğulayıb. Ekspert xəbərdarlıq edib ki, NATO-nun hərbi mövqelərinin danışıqlar masasına çıxarılması belə Rusiya və gələcək ABŞ administrasiyaları üçün təhlükəli presedent yarada bilər.

Rusiyanın real niyyəti

ABŞ-nin Ukraynadakı keçmiş səfiri, Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con Herbst də qarşıdakı danışıqlara bədbin yanaşır.

Herbstin fikrincə, Avropanın prosesə qoşulması Ukraynaya dəstəyin davamlılığına kömək edə və Vaşinqtonu daha qətiyyətli mövqe tutmağa sövq edə bilər; amma Avropanın Tramp administrasiyasına təsir imkanları Kremlin rıçaqları qarşısında olduqca məhduddur.

Keçmiş səfir Rusiyadan döyüşləri dayandırmaq öhdəliyi alınmadan Vaşinqtonun niyə indidən müharibədən sonrakı təhlükəsizlik və gərginliyin azaldılması mexanizmlərinə fokuslandığını anlamadığını bildirir.

Herbst vurğulayır ki, Rusiyanın atəşkəslə bağlı aydın bir öhdəlik götürməsi real irəliləyiş olardı, amma bu ehtimal olduqca azdır. Onun sözlərinə görə, Putin hələ də Ukraynanı tamamilə nəzarətə götürmək niyyətindədir, Tramp isə Kiyevi Donbasın Ukraynanın nəzarətində qalan hissələrindən imtina etməyə razı salmağa çalışır.

​
XS
SM
MD
LG