Keçid linkləri

2026, 29 Oktyabr, cümə axşamı, Bakı vaxtı 17:54

Pentaqon Ukrayna ordusunun 'Starlink' rabitəsindəki kəsintiləri araşdırmaqdan imtina etdi

İlon Maskın 'Starlink'i Ukraynaya necə kömək edir
Gözlə

No media source currently available

0:00 0:02:40 0:00

İlon Maskın 'Starlink'i Ukraynaya necə kömək edir

Pentaqonun baş müfəttişi Ukraynada "Starlink" peyk rabitə sisteminin və onun hərbi versiyası olan "Starshield"in işində yaranan kəsintiləri araşdırmaqdan imtina edib. Bu barədə məlumatı "The Associated Press" və "Bloomberg" agentlikləri yayıb.

Bundan əvvəl ABŞ-ə hər iki partiyanı təmsil edən doqquz senator rəsmi müraciət ünvanlamışdı. Konqresmenlər Pentaqonun və ya digər dövlət qurumlarının bu sistemlərin iş rejimini dəyişdirməklə bağlı hər hansı gizli göstəriş verib-vermədiyini aydınlaşdırmaq istəyirdilər. Senatorları həmçinin Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi, xüsusilə də Rusiyanın hava hücumlarını öncədən xəbər verən erkən xəbərdarlıq mexanizminin taleyi maraqlandırırdı.

Baş müfəttişin aparatından bildirilib ki, bu məsələ ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) səlahiyyətinə aid olduğu üçün müraciət aidiyyəti üzrə HHQ-yə yönləndirilib.

Senatorlardan birinin köməkçisinin sözlərinə görə, rabitə məhdudiyyətlərində ABŞ rəsmi şəxslərinin əlinin olub-olmadığı və "SpaceX" rəhbəri İlon Maskın sistemdəki boşluqlardan özbaşına yararlanıb-yararlanmadığı mütləq araşdırılmalıdır.

Demokrat senator Cinn Şahin Pentaqonun bu qərarından narahatlığını ifadə edərək vurğulayıb ki, Tramp administrasiyası ilə "SpaceX" kəsintilərin səbəbi barədə bir-birinə tamamilə zidd izahatlar verir.

Ukrayna hərbçiləri oktyabrın 14-nə keçən gecə peyk rabitəsində ciddi fasilələr yarandığını bəyan ediblər. Onların sözlərinə görə, problem ilk olaraq sürəti saatda 160 kilometri ötən dronlarda yaranıb – bu zaman rabitə tamamilə kəsilib. Az keçməmis, problem daha da dərinləşib və artıq saatda cəmi 60-70 kilometr sürətlə uçan dronlar da şəbəkədən qopub.

Ukrayna prezidentinin müdafiə texnologiyaları üzrə müşaviri Sergey Beskrestnov bildirib ki, hərbçilərə bu barədə öncədən heç bir xəbərdarlıq edilmədiyindən cəbhədəki mühüm əməliyyatlar iflasa uğrayıb.

"The Telegraph" nəşrinin mənbələrinə görə, Ukrayna ordusunun rabitəsini məhdudlaşdırmağı İ.Mask təklif edib, ABŞ prezidenti D.Tramp isə bunu təsdiqləyib. Tramp özü bu qərarda hər hansı iştirakını təkzib edərək, oktyabrın 22-də Ukraynanın "Starlink"ə tam çıxışının bərpa olunduğunu açıqlayıb.

Bu açıqlamadan sonra Mask Kiyevi peyk internetindən istifadə qaydalarını pozmaqda və şəbəkədən hərbi dron hücumları üçün yararlanmaqda ittiham edib. O, "Starshield" sisteminin tamamilə ABŞ hökumətinin nəzarətində olduğunu da xüsusi vurğulayıb.

Kiyev isə Maskın bu ittihamlarını rədd edib.

​
XS
SM
MD
LG