ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatı paylaşmağa davam etdiyini bildirib. Ukrayna prezidenti Volodimir Zelenski isə bundan əvvəl Rusiyanın son hücum dalğasından qabaq beynəlxalq tərəfdaşlarından heç bir xəbərdarlıq almadıqlarını demişdi.
"Biz onlara kömək edirik və kəşfiyyat məlumatlarımızı bölüşürük. Çünki müharibənin başa çatmasını istəyirik", – deyə Tramp vurğulayıb.
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa da ölkəsinin hələ də ABŞ-dən hərbi kəşfiyyat məlumatları aldığını təsdiqləyib. Onun fikrincə, xəbərdarlığın gecikməsi Rusiyanın istifadə etdiyi silahın növü ilə bağlı ola bilər.
Bəzi təhlilçilərin fikrincə, kəşfiyyat məlumatlarının gecikməsi barədə xəbərlər Trampın Kiyevə etdiyi təzyiqlərlə əlaqəlidir; o, Ukraynanın Rusiyadakı neft emalı müəssisələrinə zərbə vurmasını dayandırmasını istəyir. Tramp ötən həftəsonu Vladimir Putinlə dizel yanacağı ixracına qoyulan qadağanın müvəqqəti olaraq dayandırılması barədə razılığa gəlib.
ABŞ-nin NATO-dakı keçmiş səfiri və Trampın ilk administrasiyası dövründə Ukrayna üzrə xüsusi nümayəndəsi olmuş Kurt Volker isə bildirib ki, ona buludlu hava şəraitinin Amerika peyklərinə raket buraxılışını aşkarlamağa mane olduğu deyilib. O, bu izahın nə dərəcədə doğru olduğunu müstəqil şəkildə yoxlaya bilmədiyini də əlavə edib.
Bir neçə təhlilçinin sözlərinə görə, ABŞ-nin Yer orbitində təxminən 300-500 hərbi kəşfiyyat peyki var. Bu peyklər hər hansı bir ərazini bir saat ərzində bir neçə dəfə müşahidə etməyə imkan verir. Müqayisə üçün, bütün Avropa ölkələrinin cəmi 15-20 hərbi kəşfiyyat peyki var.
Bu arada, Ukrayna öz kəşfiyyatını inkişaf etdirərək Rusiyadakı bir çox hərbi hədəfi artıq özü müəyyənləşdirə bilir. Lakin gözlənilən hücumları qabaqcadan aşkarlamaq üçün Kiyev hələ də böyük ölçüdə ABŞ-nin imkanlarından asılıdır.
"Starlink" ilə bağlı qeyri-müəyyənlik
NATO da süni intellekt sistemləri və üzv ölkələr arasında ikitərəfli məlumat mübadiləsi vasitəsilə Ukraynaya kəşfiyyat dəstəyi verir.
Ukrayna tərəfi oktyabrın 13-də bəyan edib ki, ordusu tezliklə Rusiyanın dron zərbələrinin vaxtını və trayektoriyasını öncədən müəyyən etmək üçün NATO ilə birgə yaradılmış süni intellekt modelini işə salacaq. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, "Model No.13" adlı bu proqram keçmiş döyüşləri, havanı və cəbhədəki son vəziyyəti təhlil edir. Beləcə, Rusiya ordusunun dronlardan necə istifadə edəcəyini böyük ehtimalla öncədən xəbər verir.
Digər tərəfdən, Ukrayna Rusiya ərazisindəki logistika mərkəzlərinə və neft emalı zavodlarına dron zərbələri endirmək üçün "SpaceX" şirkətinin "Starlink" peyk rabitəsindən də aktiv şəkildə yararlanır.
Zelenskinin müşaviri Sergiy Beskrestnov oktyabrın 14-də Telegram kanalında "Starlink"in bəzi funksional imkanlarına məhdudiyyətlər qoyulduğunu bildirib. Onun sözlərinə görə, sistemin hərbi versiyası saatda 160 kilometrdən yüksək sürətlə hərəkət edərkən fəaliyyətini dayandırır.
AzadlıqRadiosunun mənbələri xəbər verir ki, Ukrayna oktyabrın 14-də səhər saatlarında yaranmış ciddi problemlə bağlı dərhal "SpaceX" şirkəti və ABŞ hökumətinə müraciət edib. Sürət məhdudiyyəti bir sıra hərbi əməliyyatları, xüsusilə də Rusiyanın "Qeran" dronlarına qarşı mübarizəni iflic edə bilər. "SpaceX" hələlik məsələyə münasibət bildirməyib, yayılan məlumatları isə müstəqil mənbələr vasitəsilə tam təsdiqləmək mümkün olmayıb.
Şirkətə Trampın müttəfiqi İlon Mask rəhbərlik edir. Mask daha əvvəl də Ukrayna hərbçiləri Rusiya daxilində müəyyən bir ərazini nəzarətə götürərkən "Starlink" xidmətini qəfildən dayandırmışdı.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş yüksəkvəzifəli əməliyyat əməkdaşı Şon Visvesser AzadlıqRadiosuna bildirib ki, müharibə şəraitində döyüş meydanından alınan kritik kəşfiyyat məlumatlarından daha vacib heç nə yoxdur. O vurğulayıb ki, keçmişdə siyasi fikir ayrılıqları yaşansa belə, bu cür həyati məlumatların ötürülməsi heç vaxt dayandırılmayıb.