2026, 10 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:14

Əbu-Dabi danışıqlarının ilk günü başa çatıb

Əbu-Dabidə üçtərəfli danışıqlar
Əbu-Dabidə üçtərəfli danışıqlar

Əbu-Dabidə Ukrayna-ABŞ-Rusiya danışıqlarının ilk günü başa çatıb.

Rusiya və Ukrayna rəsmilərinin fevraldan bəri ilk üzbəüz görüşündə hər hansı irəliləyişin əldə olunub-olunmadığı hələlik bəlli deyil.

Parisdə G7 ölkələrinin toplantısında iştirak edən ABŞ dövlət katibi Marko Rubio orada ukraynalı həmkarı ilə görüşüb. O, danışıqları “çox məhsuldar” adlandırıb:

“Hesab edirik ki, üçtərəfli danışıqlara son nəticədə avropalı tərəfdaşlarımız da cəlb olunmalıdır. Çünki onlar bu problemin uzunmüddətli həllinin bir hissəsidir”.

ABŞ təmsilçiləri görüşlər öncəsi əhəmiyyətli dönüşün əldə olunacağı ilə bağlı nikbin danışıblar.

Rusiya tərəfi isə tələblərindən geri çəkilməyə hazır olmasına heç bir işarə vurmayıb.

ABŞ: Əbu-Dabidə Ukrayna müharibəsini bitirmək üçün real imkan yaranıb

ABŞ noyabrın 10-da başlayan Əbu-Dabi danışıqlarında Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün ciddi irəliləyişə 'real imkan' yarandığını bildirir. Vaşinqtonun yüksəkvəzifəli rəsmiləri jurnalistlərə açıqlamalarında hər iki tərəfdə razılığa gəlmək istəyinin artdığını vurğulayıblar.

Adlarının açıqlanmasını istəməyən rəsmilər Rusiya və Ukrayna nümayəndələri ilə müzakirələrin son aylar intensivləşdiyini deyiblər. Onların sözlərinə görə, bəzən tərəflər arasında gündə bir neçə dəfə təmas qurulur.

"İndi elə bir mərhələdəyik ki, müharibəni bitirmək üçün ciddi irəliləyiş əldə etməyə real imkan var", – rəsmilərdən biri deyib.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov prosesin əsas məqsədinin davamlı sülhə nail olmaq olduğunu bəyan edib.

Onun rusiyalı həmkarı Vladimir Medinski isə müharibənin başa çatmasının hər iki ölkənin maraqlarına cavab verdiyini bildirib.

Mənbə: Rusiya danışıqlarda Avropanın təhlükəsizlik sistemini qurmaq istəyir

Rusiya ABŞ-nin vasitəçiliyi ilə aparılan Ukrayna sülh danışıqlarının əsas hədəfini Avropanın müharibədən sonrakı təhlükəsizlik sisteminin yaradılmasında görür. "Reuters" agentliyi Rusiya nümayəndə heyətindəki mənbəyə istinadən xəbər verir ki, bir çox avropalı siyasətçi bu ideyaya qarşı çıxır.

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Əbu-Dabi danışıqları təhdidlərin qarşısının alınmasına və regional sabitliyi gücləndirəcək mexanizmlərin hazırlanmasına yönələcək. O, Ukraynadakı münaqişənin həllinin bu müzakirələrin yalnız bir hissəsi olduğunu bildirib.

ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Əbu-Dabidəki görüşlərdən əvvəl ABŞ, Ukrayna və Avropa rəsmilərinin bir araya gəldiyini açıqlayıb. Rusiya isə bu həftə avropalılarla birbaşa danışıqlar aparmayacağını bəyan edib.

Uitkoffun sözlərinə görə, Avropa və Ukrayna rəsmiləri ilə keçirilən görüşdə müharibədən sonra mövcud Avropa təhlükəsizlik qurumları və sazişləri əsasında yeni mexanizmlərin formalaşdırılması müzakirə olunub.

Avropanın mövqeyi

Avropadakı bəzi siyasətçilər indiki mərhələdə qitənin ümumi təhlükəsizlik arxitekturasının müzakirə edilməsini doğru saymırlar. Onlar əsas diqqətin Ukrayna məsələsində irəliləyişə yönəlməli olduğunu düşünürlər. ABŞ rəsmiləri isə bu cür müzakirələrə açıq olduqlarını vurğulayıblar.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen noyabrın 9-da bildirib ki, Avropanın daha geniş təhlükəsizlik məsələləri yalnız Ukraynada atəşkəs əldə edildikdən sonra gündəmə gətirilməlidir.

Moskva isə müvəqqəti atəşkəs təklifini rədd edir. Rusiya tərəfi Ukraynanın yenidən silahlanmasına şərait yaradacaq fasilə deyil, müharibəni tamamilə bitirəcək hərtərəfli saziş istədiyini bildirir.

Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlamazdan əvvəl NATO-nun Şərqi Avropada və Ukraynada hərbi fəaliyyətdən imtina edəcəyinə dair hüquqi zəmanət istəyirdi. Həmin vaxt Moskva Qərblə təhlükəsizlik zəmanətləri paketini razılaşdırmağa çalışırdı.

Moskvanın digər təklifi isə Rusiya və ABŞ-nin öz sərhədlərindən kənarda nüvə silahı yerləşdirməkdən imtina etməsi idi. Bu ssenari ABŞ-nin nüvə silahlarının Avropadan çıxarılmasını nəzərdə tuturdu.

ABŞ və digər Qərb rəsmiləri Rusiyanın bu tələblərini qeyri-real sayaraq rədd etmişdilər.

Çoxtərəfli format

Vaşinqton üçtərəfli danışıqlardan Avropanın da qatılacağı daha geniş, çoxtərəfli formata keçməyi planlaşdırır. Bu barədə AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu ABŞ rəsmilərinin Əbu-Dabi danışıqları ərəfəsində jurnalistlər üçün keçirdiyi qapalı brifinqdən sonra məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, Vaşinqton Rusiyanın Ukraynaya NATO Nizamnaməsinin 4-cü və 5-ci maddələrindəki müdafiə mexanizmlərinə bənzər zəmanətlər verən razılaşmanı qəbul etməsini istəyib.

ABŞ rəsmilərindən biri isə vurğulayıb ki, Vaşinqtonun üzərinə götürəcəyi istənilən öhdəliklə bağlı yekun qərarı Tramp verəcək, amma maliyyə yükünü Avropa daşımalıdır.

​
XS
SM
MD
LG