Noyabrın 10-11-də Əbu-Dabidə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi ilə bağlı ABŞ–Ukrayna–Rusiya üçtərəfli danışıqları keçirilir.
Ukraynanın nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov başçılıq edəcək. Umerov bildirib ki, həmin tarixlərdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının təmsilçiləri də Əbu-Dabidə olacaqlar.
"Euronews"un məlumatına görə, NATO Əbu-Dabiyə alyansın baş katibi Mark Rüttenin aparat rəhbəri Cefri van Leuveni göndərəcək. Avropa Komissiyasından isə Birləşmiş Ərəb Əmirliklərinə komissiya sədrinin aparat rəhbəri Byorn Zaybert və Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koştanın xarici siyasət üzrə baş müşaviri Anna-Mariya Bura gedəcəklər. Fransa, Almaniya və Böyük Britaniyanı liderlərin milli təhlükəsizlik üzrə müşavirləri təmsil edəcəklər.
"TASS" agentliyi Rusiya təmsilçilərinin danışıqların keçiriləcəyi məkana yola düşdüyünü xəbər verib. Heyətə prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
ABŞ adından danışıqlara prezident Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner qatılacaqlar. Onlar üçtərəfli görüşlərdən əvvəl avropalı diplomatlarla bir araya gələcəklər.
"The New York Times" qəzeti danışıqlarda atəşkəs məsələsinin deyil, təhlükəsizlik zəmanətlərinin müzakirə olunacağını yazıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, tərəflər Avropanın təhlükəsizliyi məsələsini müzakirə edəcəklər.
Kuşner də ötən həftə demişdi ki, Əbu-Dabidəki danışıqlar Ukraynanın müharibədən sonrakı təhlükəsizliyinə, iqtisadi bərpasına və yeni münaqişələrin qarşısının alınmasına yönələcək.
Putin, Donbas, qış, Medinski
AzadlıqRadiosunun jurnalisti Stiv Qutterman Əbu-Dabi danışıqlarında dönüş baş verməyəcəyinin beş səbəbindən yazır.
Birinci səbəb Putinin özüdür. Onun döyüşləri dayandıracağına dair heç bir əlamət yoxdur və təhlilçilərin qənaətincə, Rusiya lideri əvvəlki danışıqlardan vaxt qazanmaq və sülh ümidlərini saxlamaq üçün istifadə edib.
İkinci amil Putinin hələ də Donbasa tam nəzarəti ələ keçirə bilməməsidir. Donetsk vilayətinin bir hissəsi Ukraynanın nəzarətindədir və Moskva Donbasa tam nəzarəti sülh sazişi üçün ön şərt kimi irəli sürür.
Üçüncü amil ABŞ-dən gələn "böyük, möhtəşəm razılaşma" bəyanatlarıdır. Noyabrın 5-də Tramp belə bir anlaşmanın təkcə Ukraynanı əhatə etməyəcəyini bildirib. Onun kürəkəni Kuşner isə daha geniş Avropa təhlükəsizlik arxitekturasından danışıb. Bu açıqlamalar Kiyevi və tərəfdaşlarını narahat edib. Çünki onlar Kremlin çoxdankı çağırışları — Rusiyanın Avropanın təhlükəsizlik arxitekturasında daha çox söz sahibi olması tələbləri ilə səsləşir.
"İstənilən halda, Ukrayna və Avropa İttifaqı Avropanı prosesdən kənarlaşdıra biləcək, eləcə də döyüşlərin dayandırılması və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi kimi daha təxirəsalınmaz məqsədləri arxa plana keçirəcək müzakirələrə ehtiyatla yanaşacaqlar. Bütün qitəni əhatə edən razılaşma cəhdi isə sülhə doğru daha kiçik addımların atılmasını çətinləşdirə bilər", – Qutterman yazır.
Dördüncü amil qarşıdan gələn qışla bağlıdır. Trampın partiyası aralıq seçkilərini uduzub, yeni Konqres isə gələn il yanvarın 3-də işə başlayacaq. Hazırda Vaşinqtonun Kiyevə böyük güzəştlər üçün təzyiq göstərmək imkanları məhduddur. Rusiyaya da təzyiq göstəriləcəyi ehtimalı azdır və Moskvanın qış ərzində Ukraynanın elektrik stansiyalarına, digər mühüm infrastrukturuna amansız hücumlarını davam etdirəcəyi gözlənilir.
Britaniyada yaşayan təhlilçi Mark Galeottinin fikrincə, gələn yazdan əvvəl sülh olmayacaq: "Ən azı ona görə ki, Putin düşünəcək: "Gəlin ukraynalılara daha bir qış ağır zərbələr endirək"".
Və nəhayət, Əbu-Dabi danışıqlarında ciddi irəliləyişin olmayacağının beşinci səbəbi Rusiya nümayəndə heyətinin tərkibi ilə bağlıdır. Kremlin köməkçisi V.Medinski tarixçi və keçmiş təhsil naziridir. O, Putinin Ukraynanın suverenlik hüququnun olmaması barədə fikrini bölüşən şəxsdir. Son iki ildə Ukrayna ilə aparılan danışıqlarda Moskvanın nümayəndə heyətinə məhz Medinski başçılıq edib.