Keçid linkləri

2026, 09 Noyabr, bazar ertəsi, Bakı vaxtı 11:41

Tramp: Kiyev bəzi ərazilərdən imtina etməli ola bilər

Volodimir Zelenski və Donald Tramp Fransanın Evian-le-Ben şəhərində G7 sammiti çərçivəsində görüşürlər.
Volodimir Zelenski və Donald Tramp Fransanın Evian-le-Ben şəhərində G7 sammiti çərçivəsində görüşürlər.

Noyabrın 9-da Ukrayna hakimiyyəti ölkənin şərqində Rusiyanın hava zərbələrindən sonra yüz minlərlə insanın elektrik enerjisi ilə təminatını bərpa etməyə çalışır. ABŞ prezidenti Donald Tramp isə televiziya müsahibəsində bildirib ki, Kiyev Vaşinqtonun vasitəçiliyi ilə əldə olunacaq istənilən sülh sazişi çərçivəsində bəzi ərazilərindən imtina etməli ola bilər.

"Düşünürəm ki, biz buna (sülh sazişinə) nail olacağıq. Məncə, bu, baş verəcək və Ukraynanın sərhədlərində bir qədər dəyişikliklə nəticələnəcək", –Tramp noyabrın 8-də CBS telekanalının "60 Minutes" proqramına müsahibəsində bildirib. O, əlavə izahat verməyib.

Ukrayna isə indiyədək sülh sazişi çərçivəsində Rusiyaya ərazi güzəştinə getməməkdə israrlıdır. Amma Kiyev Rusiya qoşunlarının işğal etdikləri Ukrayna ərazilərində müvəqqəti qalması şərti ilə atəşkəsə hazır olduğunu da bildirib.

"Əlbəttə, Rusiya bizim ərazilərimizdən imtina etməyimizi istəyir. Biz isə qətiyyən heç nəyi güzəştə getmək istəmirik. Məhz buna görə mübarizə aparırıq", – Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Ukraynada Rusiyanın işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyasının (AES) elektrik təchizatı isə bərpa edilib. Ukraynanın "Enerqoatom" nüvə enerjisi şirkəti noyabrın 8-də axşam bildirib ki, stansiya yenidən Ukraynanın enerji sistemindən xarici elektrik təchizatı alır.

Şirkət stansiyada vəziyyətin "son dərəcə təhlükəli" olaraq qaldığını da əlavə edib.

Stansiyada elektrik enerjisinin kəsilməsinə nəyin səbəb olduğu dərhal məlum olmayıb. Amma Ukrayna Zaporojye vilayətinin hələ də Kiyevin nəzarətində olan hissəsindəki enerji infrastrukturuna Rusiyanın hücumları barədə məlumat verib.

Ukraynanın şərqində yerləşən Dnepropetrovsk vilayətinin enerji sisteminə Rusiyanın hücumları nəticəsində 600 min insanın elektrik enerjisiz qaldığı bildirilir. Noyabrın 9-u səhər saatlarında qəza briqadaları elektrik təchizatını bərpa etməyə çalışıblar. Kreml isə enerji obyektlərinə hücumlarını davam etdirib.

Vilayətin hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, xəstəxanalar dizel generatorlarına keçmək məcburiyyətində qalıb, Dnepr şəhərində isə elektriklə işləyən ictimai nəqliyyatın fəaliyyəti dayanıb.

Zelenskinin dediyinə görə, "ölkə boyunca genişmiqyaslı elektrik kəsintiləri yaşanır. Təkcə Jitomir vilayətində Rusiya zərbəsindən sonra 140 çoxmənzilli yaşayış binası istiliksiz qalıb".

Noyabrın 8-də Rusiya Poltava və Odessa vilayətlərinə zərbələr endirib, xəsarət alanlar olub.

Bu həftə, noyabrın 10–11-də Əbu-Dabidə Ukrayna münaqişəsinə dair ABŞ–Ukrayna–Rusiya danışıqları planlaşdırılır.

​
XS
SM
MD
LG