Qırğızıstanın Moskvadakı səfirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) nota göndərərək, öz vətəndaşının vətənə qaytarılmasını tələb edib. Söhbət 21 yaşlı Elistan Toktoqulovdan gedir. Yaxınlarının iddiasına görə, gənci işə düzəltmək adı ilə aldadaraq Rusiyaya aparıb, sonradan isə hərbi hissəyə göndəriblər.
Noyabrın 3-də gəncin qohumları Manas şəhərində toplaşaraq ölkə rəhbərliyinə videomüraciət ünvanlayıblar. Elistanın qardaşı Bayastan Kuştarbek uulunun sözlərinə görə, gənc "Instagram"da iş elanı görərək Rusiyada yaşayan bir Qırğızıstan vətəndaşı ilə əlaqə saxlayıb. Ona yük maşını sürücüsü və mühafizə xidmətinin əməkdaşı kimi bir neçə vakansiya təklif edilib, həmçinin 110 min rubla qədər (1350 dollar) maaş vəd olunub.
Elistan iki həftə əvvəl Qırğızıstandan Rusiyaya yollansa da, işə düzəlmək əvəzinə hərbi hissəyə göndərilib. Yaxınları onun hazırda Voronej vilayətindəki hərbi təlim poliqonunda saxlanıldığını və Ukraynadakı müharibəyə göndərilmək üçün hazırlandığını bildirirlər.
Qırğızıstan XİN-in məlumatına görə, ölkənin Moskvadakı səfirliyi məsələ ilə bağlı Rusiyanın müvafiq dövlət qurumlarına rəsmi məktublar ünvanlayıb. Məktublarda gənci hərbi xidmətə cəlb edənlərin kimliyinin üzə çıxarılması və cəzalandırılması xahiş edilir.
Nazirlik həmçinin vətəndaşlarına müqavilələri və digər rəsmi razılaşmaları imzalamazdan əvvəl diqqətlə oxumağı, yarana biləcək mümkün hüquqi nəticələri mütləq nəzərə almağı tövsiyə edir.