Keçid linkləri

2026, 17 Oktyabr, şənbə, Bakı vaxtı 02:38

Bişkek ilk dəfə təsdiqlədi: Qırğızlar Ukraynada məcburi döyüşdürülür

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev
Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev

Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ölkə vətəndaşlarının Rusiyada Ukraynaya qarşı müharibəyə məcburi cəlb olunmasına ilk dəfə açıq münasibət bildirib. O deyib ki, vaxtında kömək üçün müraciət edilərsə, həmin şəxsləri vətənə qaytarmaq mümkündür. Bu barədə "Kaktus.media" portalı məlumat yayıb.

Oktyabrın 13-də parlamentin iclasında Qırğızıstan vətəndaşının Rusiyada hələ məhkəmə qərarı çıxarılmamış hərbi müqavilə imzalamağa məcbur edilməsindən danışılıb. Həmin şəxs sonradan hərbi təlim düşərgəsinə göndərilib.

"Vaxtında xəbər tuturuqsa..."

Xarici işlər naziri bildirib ki, nazirlik müharibəyə cəlb olunmasına cəhd göstərilən Qırğızıstan vətəndaşlarının geri qaytarılması istiqamətində fəal iş aparır.

"Əgər bundan vaxtında xəbər tuturuqsa, onların göndərilməsinin qarşısını ala bilirik. Hərbi komissarlıqlarda və ya istintaq təcridxanalarında onları müqavilə imzalamağa məcbur edirlər. Məlumatı vaxtında aldıqda müdaxilə edirik. Bu yolla bir çox miqrantın müharibəyə göndərilməsinin qarşısını ala bilmişik", – deyə nazir vurğulayıb.

Kulubayevin sözlərinə görə, bəzi qırğızıstanlılar müqavilə imzaladıqlarını və müharibəyə göndərildiklərini yaxınlarına bildirmirlər. Qohumları çox vaxt bundan yalnız həmin şəxslər cəbhəyə çatdıqdan sonra xəbər tuturlar: "Müharibəyə göndərildikdən sonra həmin şəxsi geri qaytarmaq xeyli çətinləşir. Amma onun hansı hərbi hissədə və harada olduğunu biliriksə, kömək etməyə çalışırıq".

Nazir döyüş bölgəsindən neçə Qırğızıstan vətəndaşının geri qaytarıldığını açıqlamayıb.

Qazaxıstanda da eyni vəziyyət yaranıb

"Azattyq Asia" nəşri Qazaxıstanda da oxşar durumun yarandığını yazır. Oktyabrın əvvəlində Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota göndərərək qazaxıstanlıların geri qaytarılmasına yardım göstərilməsini xahiş edib. Nəşrin barəsində yazdığı Miras Taşarqanov da həmin şəxslər arasında olub. Taşarqanov işləmək üçün Rusiyaya gedib, sonradan ailəsinə hərbi müqavilə imzalamağa məcbur edildiyini xəbər verib.

Ötən həftə işləmək üçün Rusiyaya gedən və Rusiya ordusuna cəlb olunan qazaxıstanlıların yaxınları Astanada XİN-ə gedərək gənclərin vətənə qaytarılmasına kömək tələb ediblər.

Ukraynada Rusiya tərəfində döyüşən Qazaxıstan vətəndaşlarının dəqiq sayı rəsmən müəyyən edilməyib. Ukraynanın "Yaşamaq istəyirəm" dövlət layihəsinin məlumatına görə, azı 2 min 389 qazaxıstanlı Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Layihənin məlumatına əsasən, Moskva tərəfində Mərkəzi Asiyadan təxminən 13 min vətəndaş döyüşə bilər.

​
XS
SM
MD
LG