Vyanada 'Ukrainska pravda'nın jurnalistləri saxlanılıb

Mixaylo Tkaç

Oktyabrın 8-də axşam saatlarında "Ukrainska pravda" nəşrinin jurnalist araşdırmaları şöbəsinin rəhbəri Mixaylo Tkaç Vyanada saxlanılıb. Bu barədə nəşr məlumat yayıb. Operator Yaroslav Bondarenko da onunla birlikdə saxlanılıb.

Jurnalistlər Avstriya paytaxtında Ukraynadan qaçmış keçmiş baş prokuror Ruslan Kravçenkonun axtarışı ilə bağlı redaksiya tapşırığını yerinə yetirirmişlər.

Redaksiya saxlanılmanı "qanunsuz" adlandırıb, jurnalistlərin azadlığa buraxılmasını tələb edib və Avstriyanın hüquq-mühafizə orqanlarının hərəkətlərinə rəsmi izahat istəyib.

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Tkaçın saxlanılması barədə məlumat aldığını bildirib. Nazirliyin təmsilçisi Georgi Tixiy nəşrə müsahibəsində ölkənin Avstriyadakı səfirliyinin saxlanılmanın səbəb və şəraitini aydınlaşdırmaq üçün artıq Avstriya tərəfinə rəsmi sorğu göndərdiyini deyib.

Tixiy oktyabrın 9-da səhər saatlarında Tkaçın azadlığa buraxıldığını açıqlayıb.

"Ukrainska pravda"nın baş redaktoru Sevgil Musayeva jurnalistin buraxıldığını təsdiqləsə də, hələlik onunla əlaqə saxlaya bilmədiklərini bildirib. Musayevanın sözlərinə görə, Bondarenko saxlanılarkən xəsarət alıb və bir müddət xəstəxanada qalmalı olub. Baş redaktor deyir ki, 12 saat saxlanılan jurnalistlərə qarşı redaksiyanın indiyədək qarşılaşmadığı çox ciddi ittihamlar irəli sürülüb. O, bu ittihamların mahiyyətini və hazırda qüvvədə olub-olmadığını açıqlamayıb.

Ukraynanın keçmiş baş prokurorunun sentyabrda, hələ vəzifədə olarkən ezamiyyət adı ilə ölkəni tərk etdiyi və bir daha geri qayıtmadığı bildirilir. Bundan əvvəl Ukraynada Baş Prokurorluğunun departament rəhbərinin müavini Sergiy Kropiva vətəndaşlardan pul qoparan dələduz zəng mərkəzlərinin fəaliyyətində iştirak ittihamı ilə həbs edilib. Kravçenkoya qarşı rəsmi ittiham irəli sürülməsə də, o, zəng mərkəzlərinin fəaliyyətində iştirakını qətiyyətlə təkzib edib.

Kravçenko sentyabrın 7-də Ukraynanın baş prokuroru vəzifəsindən istefa ərizəsi verib. Sentyabrın 14-də isə o, Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) rəhbərliyini qanun pozuntularında ittiham edib. Bundan dərhal sonra baş prokurorun ölkəni tərk etdiyi bəlli olub. Elə həmin vaxt Ali Rada onu rəsmən vəzifəsindən azad edib.