Müharibə dövründə Ukraynanı sarsıdan böyük korrupsiya qalmaqalının iki əsas şübhəlisi öz maraqlarını və maliyyə axınlarını qorumaq üçün nüfuzlu bir deputatın imkanlarından yararlanmağı müzakirə edib. AzadlıqRadiosunun Ukrayna xidmətinin "Sxemlər" araşdırma layihəsi bu barədə aparılan telefon danışıqlarının səs yazılarını əldə edib.
Energetika sektorunu bürüyən bu qalmaqalın izləri prezident Volodimir Zelenskiyə yaxın çevrələrə qədər uzanır. "Midas əməliyyatı" kimi tanınan istintaq çərçivəsində Zelenskinin aparat rəhbəri olmuş Andriy Yermak həbs edilib və hazırda girov müqabilində azadlıqdadır. Prezidentin köhnə dostu və biznes tərəfdaşı Timur Mindiç isə ölkədən qaçıb.
"Mindiçqeyt" adı ilə də tanınan bu qalmaqal dövlətə məxsus "Enerqoatom" şirkətindən 112 milyon dolların mənimsənilməsi iddialarına əsaslanır. Podratçılardan yığılan rüşvətlər ("otkatlar") hesabına formalaşan bu vəsaitin bir hissəsi, əslində, Rusiyanın hava hücumlarından qorunmaq üçün enerji infrastrukturunun müdafiəsinə yönəldilməli idi. İddialara görə, siyasi elitanın tanınmış nümayəndələri Kiyev yaxınlığında tikilən dəbdəbəli villa layihələri vasitəsilə bu çirkli pulların 10 milyon dollardan çoxunu leqallaşdırıblar.
Sözügedən telefon danışıqlarından hazırda məhkəmədə sübut kimi istifadə olunur. İstintaqı Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAPO) aparır. Bu araşdırmalar ötən ilin iyulunadək energetika naziri olmuş, daha sonra isə ədliyyə naziri vəzifəsinə keçmiş Qerman Qaluşşenkonun işdən uzaqlaşdırılması ilə nəticələnib. O, 2026-cı ilin fevralında Ukraynanı tərk etməyə çalışarkən sərhəddə saxlanılıb.
Qaluşşenko və onun müşaviri
Müstəntiqlər Qaluşşenkonun energetika naziri olduğu dövrdə mənimsəmə sxeminin mərkəzində dayandığını bildirirlər. Rüşvət yığımını isə onun həmin vaxt müşaviri işləmiş vəkil İqor Mironyukun idarə etdiyi qeyd olunur. Nağd pullar müntəzəm olaraq şübhəlilərin Kiyevdəki "gizli ofislər" şəbəkəsinə çatdırılırmış.
"Sxemlər" layihəsinin əldə etdiyi və iki müstəqil mənbənin təsdiqlədiyi stenoqramlarda Mironyuk və digər şübhəli – "Enerqoatom"un təhlükəsizlik direktorunun keçmiş müavini Dmitro Basov deputat Oleksiy Kuçerenkonun adını çəkirlər.
Müxalif "Batkivşina" partiyasından deputat olan Kuçerenko Ali Radanın Energetika komitəsinin birinci sədr müavinidir. O, 2024-2025-ci illərdə energetika sektorundakı korrupsiya iddialarını araşdırmaq üçün parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyasına rəhbərlik edib.
İstintaqçıların 2025-ci il iyulun 9-da qeydə aldığı söhbətdə Mironyuk və Basov sxem üçün təhlükə yaradan problemi həll etmək məqsədilə Kuçerenkonun köməyindən yararlanmağı götür-qoy edirlər. Sözügedən problem hökumətin 2025-ci ilin iyununda "Enerqoatom"a müharibə dövründə podratçılara ödənişləri gecikdirmək hüququ verən moratoriumu ləğv etməsi ilə bağlı idi.
İstintaqın versiyasına görə, şübhəlilər məhz bu qaydadan yararlanaraq podratçılardan ödənişlərin icrası qarşılığında "otkatlar" tələb ediblər. "Sxemlər"in əldə etdiyi stenoqramların birində Mironyukun "indi Kuçerenko ilə danışacağam" dediyi eşidilir. Burada məqsəd müvəqqəti istintaq komissiyasının hökumətin qərarını ləğv etməsinə və moratoriumun bərpasına nail olmaq olub. Basov da bu planı dəstəklədiyini bildirib.