Türkmənistanda qadınlara sürücülük vəsiqəsi üçün '50 yaşdan sonra gəlin' deyirlər

2017-ci ildə yol polisi qadınların sürücülük vəsiqələrini müsadirə etməyə başlayıb.

Türkmənistanın bəzi bölgələrində sürücülük vəsiqəsi almaq istəyən qadınlara bu hüququ əldə etmək üçün imtahana yalnız 50 yaşına çatdıqdan sonra girə biləcəkləri deyilir. AzadlıqRadiosunun türkmən xidmətinin (Azatlıq) həmsöhbətlərinin sözlərinə görə, vəsiqəni daha tez əldə etmək üçün 10 min dollaradək rüşvət tələb olunur.

Mənbələr bildirirlər ki, sürücülük kurslarını bitirən qadınlar imtahanlara buraxılmırlar.

"40 yaşım var. Təlim keçmişəm və kursu bitirməyim barədə arayış almışam, amma sürücülük vəsiqəsi üçün imtahana buraxılmadım. Səbəbini soruşanda dedilər ki, "50 yaşınız tamam olandan sonra gəlin, onda imtahan verə bilərsiniz"", – Ahal vilayətinin sakini bildirib.

Qadınlar üçün 10 min, kişilər üçün 300-400 dollar

Təhlükəsizlik səbəbindən adlarının açıqlanmasını istəməyən digər qadınlar isə iddia edirlər ki, pul qarşılığında bu məhdudiyyətlərdən yan keçmək mümkündür.

"İmtahan götürən müəllim mənə dedi ki, "İstəsən, sürücülük vəsiqəsi almağına kömək edə bilərəm; 10 min dollara düzəltmək olar"", –vəsiqə ala bilməyən qadınlardan biri söyləyib.

Onun sözlərinə görə, kişilərə sürücülük vəsiqəsi almaq üçün xeyli az – 300-400 dollar ödəmək təklif olunur.

Türkmənistan qanunvericiliyində qadınların sürücülük vəsiqəsi alması üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Praktikada isə qadınlar artıq bir neçə ildir ki, sənədlərin rəsmiləşdirilməsi zamanı müxtəlif maneələrlə, o cümlədən yaş tələbləri ilə üzləşirlər.

"Azattyq Asia" yazır ki, oxşar problemlər təxminən 10 ildir davam edir. 2017-ci ildə yol polisi qadınların sürücülük vəsiqələrini müsadirə etməyə başlayıb, daha sonra isə onlara yeni vəsiqələrin verilməsindən imtina olunub.

2022-ci ildə qadınlara məhdud qaydada sürücülük vəsiqələri verilməyə başlanıb. 2023-cü ilin əvvəlindən isə qadınların sürücülük məktəblərinə qəbulu yenidən məhdudlaşdırılıb və bunun üçün azı 41 yaş tələbi qoyulub. Bundan başqa, sənəd təqdim edərkən qadınlardan xasiyyətnamə və nikah şəhadətnaməsi də istənilib.

Üç il əvvəlki rəsmi izah

2023-cü ildə hakimiyyət qadın sürücülərə qarşı məhdudiyyətlərlə bağlı rəsmi izahat verib. Cenevrədə BMT-nin iclaslarından birində Türkmənistan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi Q.Vəliyev bildirib ki, ölkədə müvafiq icazə olmadan avtomobil idarə edən çoxlu sayda qadın aşkarlanıb. Onun sözlərinə görə, təhlükəsizlik məqsədilə araşdırmaya başlanılıb və həmin dövrdə qadınların avtomobil idarə etməsi müvəqqəti dayandırılıb.

Amma məhdudiyyətlərin niyə hələ də qüvvədə saxlanıldığına dair rəsmi açıqlama yoxdur.

"Azatlıq"a danışan qadınlar sürücülük vəsiqəsi almaq yolundakı maneələri qanuni hüquqlarının pozulması hesab edirlər. Onlar bildirirlər ki, dövlət televiziyası daim qadınların cəmiyyətdəki rolu və ləyaqəti haqqında təbliğat xarakterli süjetlər yayımlasa da, reallıq tamamilə başqadır və bərabərhüquqluluq yoxdur.

50 yaş tələbinin bütün ölkə üzrə tətbiq edildiyi, yoxsa söhbətin ayrı-ayrı hallardan getdiyi hələlik bəlli deyil. Bu barədə rəsmi açıqlama verilməyib. Türkmənistan DİN-in saytında belə məhdudiyyətlər barədə məlumat yoxdur. Türkmən xidməti də məsələ ilə bağlı rəsmi mövqe öyrənə bilməyib.

Mediada dərc olunan sürücülük məktəblərinə qəbul sənədlərinin siyahısında da qadınlar üçün hər hansı əlavə şərt göstərilmir.

Türkmənistan hakimiyyəti beynəlxalq təşkilatlara göndərdiyi hesabatlarda gender bərabərliyinin pozulduğunu inkar edir və ölkədə qadın hüquqlarının qorunduğunu bildirir.