Türkmənistanın Ahal vilayətində sosial şəbəkələrdə dərman almaq üçün maddi yardım istəyən vətəndaşlara həmin videoları sildirirlər. Bunu sakinlərdən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları və polis tələb edir. AzadlıqRadiosunun türkmən xidməti - AzatlıqRadiosu yerli sakinlərə istinadən yazır ki, yardım istəyənlər arasında əlilliyi olan şəxslər və pensiyaçılar da var.
Adının Mənli kimi təqdim olunmasını istəyən bir sakin bildirib ki, "TikTok"da video paylaşdıqdan sonra polis əməkdaşları onun evinə gələrək videonu silməyi tələb ediblər. Qadının sözlərinə görə, ərinin ölümündən sonra əlilliyi olan övladına qulluq etmək üçün işdən çıxmalı olub. Dövlətin verdiyi müavinət isə ev kirayəsini, qida və dərman xərclərini qarşılamağa yetmir.
Qadın danışır ki, əməkdaşlar uşağı saxlamağa imkanı çatmadığı halda onu əlindən alaraq internata yerləşdirməklə hədələyiblər. O deyir ki, mülki geyimdə gələn MTN və polis əməkdaşları belə videoların yayımlanmasının guya ölkənin nüfuzuna xələl gətirdiyini bildiriblər.
"Onlar məndən nə çətinliyim olduğunu, bu videonu niyə paylaşdığımı, harasa müraciət edib-etmədiyimi və ya özlərinin mənə necə kömək edə biləcəklərini heç soruşmadılar da", – deyə qadın gileylənib.
Başqa bir sakin isə bildirib ki, güc strukturlarının bəzi əməkdaşları çətin vəziyyətdə olanların halına acısalar da, yenə də paylaşımların silinməsini tələb edirlər. Əməkdaşlardan biri bunu əmr yerinə yetirməsi ilə izah edib və videolar silinməsə, işini itirə biləcəyini söyləyib.
AzatlıqRadiosu yerli hakimiyyət orqanlarından və Ahal vilayətinin polis idarəsindən şərh ala bilməyib.
Əvvəllər prezidentə üz tuturdular
AzadlıqRadiosunun türkmən xidməti yazır ki, son aylar sosial şəbəkələrdə Türkmənistan vətəndaşlarının digər istifadəçilərdən maddi yardım istədikləri videoların sayı artıb. Bu, ölkədə iqtisadi çətinliklər və işsizlik fonunda baş verir.
Əvvəllər vətəndaşlar problemlərinin həlli üçün birbaşa prezidentə müraciət edirdilər. İndi isə daha çox ölkənin digər sakinlərindən kömək istəyirlər. "Azatlıq"a anonim olaraq danışan yerli müşahidəçilər bu tendensiyanı insanların dövlət qurumları vasitəsilə problemlərini çözə bilməməsi ilə izah edirlər.
Bu arada, Lebap vilayətində sosial şəbəkə istifadəçilərinə təzyiqlər barədə məlumatlar yayılıb. "Azatlıq" bundan əvvəl həmin bölgədə vətəndaşlara sosial şəbəkələrdən istifadədən çəkinmək göstərişi verildiyini yazmışdı.
Aşqabadda isə mətbəələr və fotostudiyalar vətəndaşların prezidentə və dövlət qurumlarına ünvanladıqları müraciətləri artıq kompüterdə yığmır və çap etmirlər. Oktyabrın 21-də həmin müəssisələrdən bildiriblər ki, MTN əməkdaşları onlara bu cür sənədləri qəbul etməmək tapşırığı veriblər.
Türkmənistan hakimiyyəti adətən bu cür halları açıq şərh etmir. Dövlət mediası da sosial şəbəkələrdə yardım istəyən və ya problemlərinin həllini tələb edən vətəndaşlarla bağlı məlumatları işıqlandırmır.