Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 15:29

Türkmənistanda polis damlardan 'Starlink' peyklərini çıxarıb aparır

Damda quraşdırılan "Starlink" peyk antenası
Damda quraşdırılan "Starlink" peyk antenası

Türkmənistanda polis binaların damlarında interneti zəif olanların istifadə etdiyi "Starlink" peyk internet terminallarını axtarır. Bunu AzadlıqRadiosuna yerli sakinlər deyib.

Ölkənin şərqində yerləşən Türkmənabad şəhərinin sakinləri bildirir ki, yerli məmurlar və hüquq-mühafizə orqanları damlarda axtarışlar aparırlar.

"Gəlib birbaşa dama çıxırlar. Kimin nəyi var, yoxlayırlar. "Starlink" sistemi tapsalar, cihazı çıxarıb aparırlar", – bir sakin adının açıqlanmaması şərti ilə AzadlıqRadiosunun türkmən xidmətinə deyib.

Mənbələrə görə, sözügedən cihazlarla əlaqəsi olduğu iddia edilən bəzi sakinlər saxlanılaraq polis bölmələrinə aparılır. "Starlink" milyarder İlon Maskın "SpaceX" şirkəti tərəfindən istehsal olunur.

Texniklər hansı damda "Starlink" olduğunu bilir

Polis təkcə qapı-qapı gəzmir. Türkmənabaddan bir sakin bildirib ki, damlara mütəmadi çıxışı olan rabitə işçiləri arasında məlumatçılardan da bu məqsədlə istifadə edilir.

"Texniklərin arasında hansı antenaların harada olduğunu xəbər verən adamlar var", – o əlavə edib.

AzadlıqRadiosunun Türkmənabad polis idarəsinə reydlərlə bağlı zənglərinə cavab verən olmayıb.

Turkmen.news portalının yaydığı məlumata görə, yoxlamalar yaşayış binaları ilə yanaşı, ofis və kommersiya obyektlərini də əhatə edir.

Türkmənistanda "Starlink" terminalları 2025-ci ilin sonlarından görünməyə başlayıb. Dünyanın ən məhdud və ən ləng internetlərindən birinə malik olan bu ölkədə şəbəkə tez-tez kəsilir.

Türkmənistanın Marı şəhərində dam örtüyü peyk antenaları ilə dolu olan yaşayış binası. 2015-ci ildə çəkilmiş bu fotodan qısa müddət sonra Türkmənistan hakimiyyəti peyk antenalarına qarşı sərt mübarizəyə start verib və onların kütləvi şəkildə sökülməsinə başlayıb.
Türkmənistanın Marı şəhərində dam örtüyü peyk antenaları ilə dolu olan yaşayış binası. 2015-ci ildə çəkilmiş bu fotodan qısa müddət sonra Türkmənistan hakimiyyəti peyk antenalarına qarşı sərt mübarizəyə start verib və onların kütləvi şəkildə sökülməsinə başlayıb.

İmkanlı ailələr pul yığıb Dubaydan "Starlink" alır

2025-ci ilin noyabrında Daşoğuz sakinlərindən biri AzadlıqRadiosunun türkmən xidmətinə deyib ki, "az sayda imkanlı ailə qonşularla birləşərək pul toplayır və Dubaydan "Starlink" avadanlığı sifariş edir". Onun sözlərinə görə, istifadəçilər aylıq abunə haqqını ödəmək üçün pulu xarici bank hesablarında saxlayırlar.

Türkmənistanda internetin orta sürəti saniyədə təxminən 4 meqabitdir. Bu o deməkdir ki, sürətli interneti olan ölkələrdə cəmi bir saniyəyə yüklənən məlumat Türkmənistanda təxminən bir dəqiqə vaxt aparır. "Starlink" isə tarifdən asılı olaraq saniyədə 100-300 meqabit yükləmə sürəti təklif edir. Ən əsası isə odur ki, bu peyk interneti yerli senzuraya və bloklamalara məruz qalmır.

Türkmənistan dünyanın ən qapalı ölkələrindən biri hesab olunur. Burada internetdən istifadə ciddi şəkildə məhdudlaşdırılır və nəzarətdə saxlanılır.

Rəsmi Aşqabad internet məhdudiyyətlərini "ictimai asayişin qorunması, habelə terrorçuluq, ekstremizm, ultramillətçilik və digər qanunsuz fəaliyyətləri təşviq edən hərəkətlərin qarşısının alınması" məqsədilə izah edib.

XS
SM
MD
LG