Türkmənistanda bölgələrdə yaşayanları sentyabrın sonunda Müstəqillik Günü tədbirlərdə iştirak üçün paytaxt Aşqabada getməyə məcbur edirlər. Bu xəbəri AzadlıqRadiosunun türkmən xidməti yayıb.
Mənbələrin dediyinə görə, insanlar ailələrini bir aylıq qoyub getməli olurlar. Onların televiziyada göstəriləcək bir neçə saatlıq tədbirlər üçün məşq etdikləri bildirilir.
Avqustun 31-də Balkan vilayətinin dəmiryol vağzalından yerli sakinlər Aşqabada yola salınıblar. Onlar Xalq Şurasının iclasında və Müstəqillik Günü şənliklərində iştirak edəcəklər.
"Paytaxta hər rayondan 20 mədəniyyət işçisi, 10 ağsaqqal, deputatlar və bir sıra vəzifəli şəxslər göndərilib", – mənbə bildirib.
Üstəlik, Balkan vilayətindən göndərilən iştirakçılar bir ay ərzində onlar üçün ayrılmış hotellərdə qalmalıdırlar. Yaşayış xərclərini özləri ödəməlidirlər, başqa yerlərdə qalmalarına icazə verilmir.
"Azatlıq"ın mənbələrinə görə, paytaxta göndərilənləri dövlət idarələrində hazırlanan ciddi siyahılar əsasında seçirlər, prosesə Milli Təhlükəsizlik Nazirliyi nəzarət edir.
İmtina edənlərə təzyiq göstərilir
Dövlət sektorunda çalışanlar "Azatlıq"a anonim danışaraq deyiblər ki, məcburi dövlət tədbirlərində iştirakdan imtina edənlərə təzyiq göstərilir, onların şəxsi həyatına qanunsuz müdaxilə olunur.
Bir mənbə danışıb ki, ötən il belə tədbirdən imtina edən bir qadını əri ilə birlikdə yerli administrasiyaya çağırıblar. MTN əməkdaşı qadının həyat yoldaşına gizli kamera ilə çəkilmiş video göstərib. Videoda həmin qadının iş yerində başqa bir kişi ilə intim münasibətinin əks olunduğu bildirilir. Bundan sonra qadın işdən çıxarılıb, başqa iş tapa bilməsin deyə, nüfuzdan salınıb. Ərindən boşanıb və valideynlik hüququndan məhrum edilib.
"Azatlıq"a danışan sakinlər deyirlər ki, hakimiyyətin təşkil etdiyi təbliğat tədbirləri hər şeydən — hətta vətəndaşların sağlamlığı və ailə həyatından da üstün tutulur.
Aşqabaddan bir iqtisadçının sözlərinə görə, Türkmənistan hökuməti müxtəlif tədbirlərə və təbliğata böyük həcmdə dövlət vəsaiti xərcləməklə yanaşı, vətəndaşların ailə büdcəsinə də ciddi ziyan vurur.
"Azatlıq" məcburi tədbirlər və iştirakdan imtina edənlərə təzyiq iddiaları ilə bağlı MTN-dən və yerli administrasiyalardan rəsmi açıqlama ala bilməyib.