Türkmənistanda əsgərləri pambıq yığmağa göndərirlər

"Marı vilayətində əsgərləri pambıq yığmağa məcbur edirlər.

Türkmənistanın Daşoğuz vilayətində hərbi qulluqçuları qara geyimdə pambıq yığımına göndərirlər. Ahal vilayətində isə əsgərlərdən pambıq yığımında "könüllü" iştirak etdiklərinə dair yazılı razılıq tələb olunur. Bu barədə oktyabrın 19-da AzadlıqRadiosunun türkmən xidməti bölgələrdəki mənbələrinə istinadən məlumat yayıb.

"Azatlıq"ın həmsöhbətlərinin sözlərinə görə, qara geyim tarlalarda məhz hərbi qulluqçuların işlədiyini yoldan keçənlərdən gizlətmək məqsədi daşıyır. Komandirlər mülki şəxslərin əsgərlərə yaxınlaşmamasına ciddi nəzarət edir, hərbi maşınlar isə ağacların arxasında gizlədilir. Pambıq yığımı səhər tezdən axşamadək davam edir.

Hərbi mənbənin iddiasına görə, əsgərləri tarlalara öz istəkləri ilə getdikləri barədə ərizə yazmağa məcbur edirlər. Mənbə onlardan ilk dəfədir belə bir sənədin tələb olunduğunu bildirib.

Valideynlər çağırışçılardan hərbi hazırlıq keçmək əvəzinə pulsuz işçi qüvvəsi kimi istifadə olunmasına etiraz edirlər. Analardan biri oğlunun əvvəllər heç vaxt pambıq yığmadığını bildirərək, onun bu işə "könüllü" qoşulmaq istədiyinə böyük şübhə ilə yanaşdığını deyib.

"Azatlıq" bundan əvvəl əsgərlər üçün gündəlik 50 kiloqram pambıq yığımı normasının qoyulduğunu xəbər vermişdi. Müəllimlər və tibb işçiləri də daxil olmaqla, büdcə təşkilatlarının əməkdaşları da pambıq yığımına məcbur edilirlər.

Beynəlxalq təşkilatlar illərdir Türkmənistanı pambıqçılıqda məcburi əməkdən yararlandığına görə tənqid edirlər. Ölkə hakimiyyəti isə bu problem barədə açıq danışmaqdan yayınır.