ABŞ prezidenti Donald Tramp bildirib ki, Fransada keçirilən G7 sammiti çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə "çox yaxşı" görüş keçirib. O, iyunun 16-da jurnalistlərə açıqlamasında "Rusiya razılığa gəlməlidir" deyib. Prezident bununla da İkinci Dünya müharibəsindən bəri Avropada yaşanan ən böyük münaqişənin yenidən onun prioritetləri siyahısında ön sıraya yüksələ biləcəyinə işarə vurub.
Son aylar ABŞ-nin Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsini dayandırmaq yönündəki səyləri xeyli səngimişdi. Buna fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hava zərbələrinə başlaması səbəb olmuşdu.
Tramp deyib ki, İranla çərçivə sazişinin elan olunmasından sonra vəziyyət dəyişə bilər.
"Sülhə ehtiyac var"
Ukraynaya indi xüsusi diqqət ayırıb-ayırmayacağına dair sualı Tramp belə cavablandırıb: "Biz diqqətimizi İrana yönəltmişdik. İndi o məsələ arxada, arxa güzgüdəki kimi qalacaq... Əlimdən gələni etmək istəyirəm".
Tramp iyunun 16-da Zelenski ilə yenidən görüşəcəyini söyləyib.
Bundan əvvəl Zelenski Tramp da daxil olmaqla, G7 liderləri ilə görüş masasına əyləşərkən gecə saatlarında baş vermiş yanğının görüntüləri olan qovluğu açıb. Bu görüntülərin UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil olan Kiyev-Peçora Lavrası katedralına endirilən zərbənin nəticələrini əks etdirdiyi ehtimal olunur.
"Əsas məsələ Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək və Rusiyanın müharibəni dayandırması üçün diplomatik səyləri artırmaqdır. Sülhə ehtiyacımız var", – Zelenski görüşdən sonra X sosial şəbəkəsində yazıb.
Ukrayna dronu Moskva yaxınlığındakı neft zavodunu vurub
Ukraynanın cavab zərbələri
Bu arada Ukrayna da cavab zərbələrini davam etdirir. Uzaqmənzilli dronlarla Rusiyanın neft emalı zavodları hədəf alınır. G7 sammiti ərəfəsində Moskva yaxınlığındakı neft emalı zavoduna hücum həyata keçirilib. Bu zavod paytaxt regionunun yanacaq tələbatının təxminən 40 faizini təmin edir.
Cəbhədə isə Rusiya qüvvələri əsaslı irəliləyiş əldə edə bilməyib, müharibə əsasən tükəndirmə fazasına keçib.
"Bloomberg" agentliyinin sammitdən əvvəl yazdığına görə, ABŞ-nin müttəfiqləri Trampı inandırmağa çalışırlar ki, hazırda təşəbbüs Ukraynanın əlindədir.
Trampın bəyanatları fonunda Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ təmsilçiləri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfəri ilə bağlı hazırda hər hansı plan yoxdur. Hər iki şəxs Moskvaya dəfələrlə səfər etsə də, indiyədək Kiyevə getməyiblər.
Aİ üzvlüyü danışıqları başlayıb
Ukrayna diplomatik və iqtisadi sahədə də müəyyən irəliləyişlər əldə edib. İyunun 15-də ölkə Avropa İttifaqına üzvlüklə bağlı rəsmi danışıqlara başlayıb.
G7 sammitinin keçirildiyi bir vaxtda Böyük Britaniyanın baş naziri Kir Starmer X hesabında Kiyev-Peçora Lavrasına hücumu "qəbuledilməz" adlandırıb.
"Belə hücumlara görə mən Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyən gəmiləri, maliyyə mənbələrini və şəxsləri hədəf alan sanksiyalar elan etmişəm. Onlar eyni zamanda Avropanın təhlükəsizliyinə təhdid yaradırlar", – paylaşımda bildirilir.
Britaniya qüvvələri iyunun 14-də ilk dəfə Rusiyanın "kölgə donanması"na aid tankeri ələ keçirib. Kamerun bayrağı altında üzən "Smyrtos" adlı neft tankeri hazırda Böyük Britaniya sularında lövbərdə saxlanılır. Gəminin kapitanı iyunun 16-da Britaniya məhkəməsinə çıxarılmalı idi. Ona sanksiyalara məruz qalan Rusiya neftini daşımaq ittihamı ilə 10 ilədək həbs cəzası verilə bilər.