Keçid linkləri

2026, 15 İyun, bazar ertəsi, Bakı vaxtı 22:46

30-dan çox ölkədə 120 biolaboratoriya: ABŞ kəşfiyyatı illərdir gizli saxlanılan siyahını açıqladı

Kiyevdə DNT laboratoriyası
Kiyevdə DNT laboratoriyası

ABŞ-nin Milli Kəşfiyyat Direktorluğu (DNI) ötən həftə 30-dan çox ölkədə yerləşən 120-dən artıq bioloji laboratoriyanın uzun illər ərzində ABŞ hökuməti tərəfindən maliyyələşdirildiyini göstərən sənədləri açıqlayıb. Həmin laboratoriyalarda bəziləri yüksək təhlükəli sayılan bioloji patogenlər üzərində elmi tədqiqatlar aparılır.

DNI-nin iyunun 12-də yaydığı bəyanatda bildirilir ki, sözügedən laboratoriyalar arasında Ukraynadakı obyektlər də var və davam edən Rusiya-Ukrayna müharibəsi onlara ciddi təhlükə yarada bilər: "Məsələn, Kəşfiyyat Birliyi bundan əvvəl xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatların Ukraynada maliyyələşdirdiyi biolaboratoriyaların birində təhlükəli patogenlər saxlanılır. Rusiya ordusu həmin obyektə hücum edə, onu ələ keçirə və ya ona zərər vura bilərdi".

Tulsi Qabbard DNI-nin rəhbəri vəzifəsindən ayrılmazdan bir neçə gün əvvəl bu gözlənilməz addımı atıb. Qabbardın bu məlumatları hansı səbəbdən açıqladığı, həmçinin sənədlərdə yeni və ya sensasion faktların olub-olmadığı hələlik bəlli deyil.

DNI ABŞ-nin kəşfiyyat qurumlarının fəaliyyətini əlaqələndirir.

ABŞ hökuməti uzun illərdir "Təhlükələrin Birgə Azaldılması Proqramı" çərçivəsində sovet dövründən qalan bioloji və kimyəvi silah texnologiyaları ilə bağlı tədqiqat proqramlarının mühafizəsini maliyyələşdirir. Keçmiş sovet obyektlərinin bir hissəsi Kiyev, Tbilisi və keçmiş Sovet İttifaqının digər bölgələrində yerləşirdi.

İyunun 13-də Ukraynanın ABŞ-dəki səfirliyi bəyan edib ki, iki ölkə arasında bu sahədəki əməkdaşlıq ictimai səhiyyə sisteminin, epidemioloji nəzarətin, laborator diaqnostikanın, biotəhlükəsizlik və bioloji mühafizə imkanlarının gücləndirilməsinə yönəlib. Səfirlik həmçinin əlavə edib ki, "söhbət beynəlxalq ictimai səhiyyə standartlarına uyğun adi mülki fəaliyyətdən gedir və onların hərbi məqsədlərlə heç bir əlaqəsi yoxdur".

Prezident Donald Trampın administrasiyası hazırda Vaşinqtonun maliyyələşdirdiyi biolaboratoriyalarla bağlı sənədləri yenidən nəzərdən keçirir. Bundan əvvəl ABŞ hökuməti Çin kimi ölkələrdə yetərli nəzarətin olmadığını əsas gətirərək patogenlərin və ya genlərin modifikasiyası (gain-of-function) üzrə tədqiqatların federal büdcədən maliyyələşdirilməsini qadağan edib.

Pentaqon başda olmaqla, bir çox dövlət qurumları uzun illərdir xaricdə yoluxucu xəstəliklər üzrə araşdırmalar aparan laboratoriyaları maliyyələşdirir.

COVID-19 mübahisəsi bitmədən Tramp hərəkətə keçdi

Moskvanın Qərblə münasibətlərinin pisləşməsi fonunda Rusiya ABŞ-ni biolaboratoriyaları maliyyələşdirməkdə daha tez-tez günahlandırmağa başlayıb, məqsədin potensial bioloji silahlar hazırlamaq olduğunu iddia edir. ABŞ 1975-ci ildə qüvvəyə minmiş Bioloji Silahlar haqqında Konvensiyanın iştirakçısıdır.

Bu ittihamlar illərdir müxtəlif konspiroloji nəzəriyyələrin yayılmasına səbəb olub, ABŞ hökuməti isə onları dəfələrlə təkzib etməyə çalışıb. 2023-cü ildə — Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başlamasından bir il sonra bu iddialar daha da vüsət alıb. ABŞ Dövlət Departamenti Moskvanı "diqqəti Ukraynadakı müharibədən yayındırmaq, Kiyevə beynəlxalq dəstəyi azaltmaq və əsassız təcavüzünə bəraət qazandırmaq məqsədilə bioloji silahlarla bağlı dezinformasiyanın həcmini və intensivliyini artırmaqda" günahlandırıb.

D.Tramp 2025-ci ildə Ağ evə qayıtdıqdan sonra bioloji patogenlər məsələsinə daha sərt yanaşmağa başlayıb. COVID-19 pandemiyasının mənşəyi ilə bağlı mübahisələr hələ də davam edir.

Administrasiya bildirib ki, Vaşinqtonun maliyyələşdirdiyi bir çox biolaboratoriyada təhlükəli və yüksək yoluxucu patogenlər üzərində araşdırmalar aparılır və bu cür fəaliyyətlər "məhdudiyyətsiz" qala bilməz. Bu çərçivədə 2025-ci ilin mayında Tramp dünyada "gain-of-function" tədqiqatlarının federal büdcədən maliyyələşdirilməsinə son qoyan rəsmi sərəncam imzalayıb.

XS
SM
MD
LG