Yanvarın 13-də gecə ABŞ və Ermənistan Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan eksklavı ilə birləşdirəcək, ABŞ-nin idarə edəcəyi tranzit dəhlizi ilə bağlı ilk əsas detalları açıqlayıblar.
Sənəd ictimaiyyətə Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın danışıqlarından sonra təqdim olunub. ABŞ-Ermənistan sazişinə görə, Yerevan ABŞ hökumətinin nəzarətində olan xüsusi bir şirkətə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlandırılacaq yol üzrə uzunmüddətli və müstəsna hüquqlar verəcək.
Bu razılaşma ötən ilin avqustunda Vaşinqtonda əldə olunub. Baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın Ağ evdə ev sahibliyi ilə bir araya gəliblər. Üç liderin imzaladığı birgə bəyanatda bildirilir ki, Ermənistan Sünik vilayəti vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında maneəsiz əlaqəni təmin edəcək.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Bu, dəhliz deyil' - Ermənistandan Naxçıvana gediş-gəliş necə olacaq?
74 faiz ABŞ-yə, 26 faiz Ermənistana
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Rubio-Mirzoyan danışıqlarından sonra TRIPP-in "icra çərçivəsi" açıqlanıb. Sənəddə deyilir ki, ABŞ-Ermənistan şirkəti tranzit dəhlizi boyunca dəmir yolu, avtomobil yolu, enerji təchizatı xətləri və digər infrastruktur obyektləri inşa edəcək, onlardan əldə olunan gəlirləri azı 49 il müddətində idarə edib toplayacaq.
"Ermənistan "TRIPP Development" şirkətində ABŞ-yə 74 faiz pay təklif etməyi, özünə isə 26 faiz pay saxlamağı nəzərdə tutur. Bu razılaşmanın əlavə 50 il müddətinə uzadılması, Ermənistan hökumətinin payının 49 faizə çatdırılması gözlənilir", – səkkiz səhifəlik sənəddə deyilir.
Sənəddə vurğulanır ki, Ermənistanın TRIPP vasitəsilə ticarət və tranzit üzrə sərhəd nəzarəti və gömrük məsələləri üzərində tam səlahiyyəti olacaq.
"Ermənistanın sərhəd və gömrük əməliyyatları üzərində suverenliyi və yurisdiksiyası mütləqdir və müzakirə mövzusu deyil", – sənəddə vurğulanır.
Rubio Dövlət Departamentində Mirzoyanı qarşıladıqdan sonra mətbuata açıqlamasında oxşar təminatlar dilə gətirib: "TRIPP bir yandan Ermənistanı biznesə açır, onun iqtisadi rifahına imkan yaradır, digər yandan bu, Ermənistanın suverenliyinə heç bir şəkildə xələl gətirmir".
Sizin brauzer HTML5-i dəstəkləmir
Əliyevlə Paşinyanın razılaşdığı 'Tramp yolu' nədir?
Müştəri ilə birbaşa təmaslar üçün özəl operatorlar cəlb olunacaq
Çərçivə sənədinə görə, "TRIPP Development" şirkəti işə özəl operatorlar cəlb edəcək, onlar "müştəri ilə birbaşa təmas xidmətləri" göstərəcək, sənədləri ilkin yoxlama üçün yığacaq, yüklərdən, fərdi səyahətçilərdən tranzit haqları toplayacaq. Ermənistan rəsmiləri isə ölkənin bütün sərhəd və gömrük obyektlərində fiziki mövcudluğu saxlayacaq, son gömrük qərarlarını və rəsmiləşdirməni aparacaq, immiqrasiya nəzarətini təmin edəcəklər.
Azərbaycanın bu marşrut boyunca insanlar və yüklərin Ermənistan sərhəd yoxlamalarından azad olunmasını tələb edirdi. Paşinyan isə sentyabrda deyirdi ki, erməni zabitləri ilə azərbaycanlı səyahətçilərin fiziki təmasının olmaması üçün müasir texnologiyalardan istifadə olunacaq.
Sənəddə sənədləşdirmənin elektron qaydada təqdim edilməsi və işlənməsindən söz açılır, insanlar, nəqliyyat vasitələri və yüklər üçün, o cümlədən Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında "differensiallaşdırılmış" prosedurların tətbiqi nəzərdə tutulur. Əlavə detallar açıqlanmır.
İ.Əliyev ötən həftə bildirib ki, TRIPP elə Azərbaycanın 2020-ci ildə Qarabağ müharibəsindən bəri tələb etdiyi "Zəngəzur dəhlizi"nə bənzəyir: "Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir".
Tranzit dəhlizi Ermənistanın İranla sərhədi boyunca uzanacaq. Tehran bununla bağlı narahatlığını dəfələrlə bildirib, TRIPP-ə qarşı olduğunu deyib. Tehran bu marşrutun Ermənistan-İran sərhədində ABŞ-nin mövcudluğuna yol aça biləcəyindən ehtiyatlanır. Ermənistanın müxalifət təmsilçiləri də TRIPP-in Sünikdən keçən hissəsinə Ermənistanın nəzarətinin zəifləyə biləcəyini deyirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya və İran 'Tramp yolu'na qarşı birləşir?
Rusiyanın iştirakı müzakirə olunmur
"TRIPP Development" şirkətində pay bölgüsü investisiyaların həcmi ilə müəyyən olunur. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 14-də mətbuat konfransında deyib. Onun sözlərinə görə, ABŞ böyük maliyyə və siyasi investisiyalar qoymağı planlaşdırır, Ermənistan isə, əsasən, tikinti hüquqlarını təmin edir. Dediyinə görə, söhbət növbəti 49 ildən gedir, zamanla, investisiyaların gəlirliliyi artdıqca, payların nisbəti praktiki bərabər olacaq.
XİN rəhbəri onu da qeyd edib ki, ABŞ şirkətdə nəzarət paketini saxlasa da, Ermənistanın razılığı olmadan heç bir qərar qəbul oluna bilməz.
"Front-office – back-office" modelindən danışan Mirzoyan bildirib ki, bu, xidmətlərin "bir pəncərə" prinsipi ilə təqdim olunmasını nəzərdə tutur: sərhədi keçən şəxs bütün prosesdə iştirak etmir, məlumatların işlənməsi isə fon rejimində aparılır.
O, imzalanmış sənəddə razılaşdırılmış, lakin dərc olunmamış müddəaların olmadığını vurğulayıb.
Mirzoyan həmçinin TRIPP layihəsində Rusiyanın iştirakının müzakirə olunmadığını deyib. Amma onu da vurğulayıb ki, layihə heç bir qonşunu, o cümlədən Rusiyanı kənarlaşdırmaq məqsədi daşımır. O, prosesə daha geniş regional kontekstdə baxılmalı olduğunu, bu yöndə Türkiyə ilə konstruktiv müzakirələr aparıldığını söyləyib.
Rusiya təmsilçisi ötən ay deyirdi ki, Moskvanın iştirakı olmadan "Tramp yolu" gerçəkləşə bilməz. Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqinin sözlərinə görə, Rusiyanın iştirakı üçün yetərincə əsas var və Moskva bununla bağlı Yerevanla müzakirələrə hazırdır.
Azərbaycan sənəddən razıdır
"Çərçivə sənədinin qəbulu 8 avqust Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. Bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə TRIPP-in icrası üzrə çərçivə sənədi ilə bağlı deyib.
O əlavə edib ki, Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi ölkənin əsas prioritetlərindən biridir. "TRIPP marşrutu bununla yanaşı, daha geniş bölgədə ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir", –o vurğulayıb.