Tramp: İrana zərbələr davam edəcək

Donald Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana hava zərbələri o, “kifayətdir” deməyincə davam edəcək. Tehran və Vaşinqtonun Hörmüz boğazına nəzarət uğrunda qarşıdurması güclənir.

Tramp iyulun 14-də “Fox News” telekanalına müsahibəsində deyib ki, ABŞ təmsilçiləri gün ərzində Tehranla danışıqlar aparıblar. O, İran rəsmilərini müharibəyə son qoymaq üçün razılaşmaya getməyə çağırıb.

İrana zərbələrin nə qədər davam edəcəyi barədə suala Tramp belə cavab verib:

“Mən ‘kifayətdir’ deyənədək davam edəcək”.

O, həmçinin xəbərdarlıq edib ki, Tehran razılaşmaya getməsə, ABŞ ordusunun hədəfə ala biləcəyi obyektlərin dairəsi genişlənəcək.

“Gələn həftə onlar üçün durum gerçəkdən pis olacaq, çünki gələn həftə növbə elektrik stansiyalarına, körpülərə çatacaq”, — Tramp deyib.

Artıq dördüncü gündür İranın cənubunda bir neçə şəhər hava zərbələrinə məruz qalır. İran isə İordaniya, Bəhreyn və Küveyt daxil, Körfəz regionundakı qonşularına raketlər atıb.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İranın bir neçə ərəb ölkəsinə hücumlarını “qətiyyətlə pisləyib”, Tehranı “bu amansız hücumların nəticələrinə görə məsuliyyət daşımaqda” ittiham edib.

Tramp 20 faizlik rüsum söhbətini geri götürüb

Ötən ay əldə edilmiş anlaşma memorandumu faktiki qüvvədən düşmüş sayılır. Həmin sənəd tərəflərə genişmiqyaslı sülh sazişi üzrə danışıqlar aparmaq üçün 60 gün vaxt verilməsini nəzərdə tuturdu. Döyüşlər əsasən Hörmüz boğazı ətrafında gedir. Bu boğaz enerji daşıyıcıları və istehlak malları üçün mühüm qlobal tranzit marşrutudur.

Tramp bir gün əvvəl Hörmüz boğazından ABŞ ordusunun nəzarəti altında daşınan yüklərə 20 faizlik rüsum tətbiq etməklə hədələmişdi. Amma iyulun 14-də o, İran daşımalarına blokadanı saxlamaqla həmin rüsumun Fars körfəzi ölkələri ilə ticarət və investisiya sazişləri ilə əvəzlənməsini təklif edib.

“Yaxın Şərq liderləri ilə son dərəcə məhsuldar danışıqlara əsaslanaraq, müxtəlif Körfəz ölkələrinin ABŞ-yə yatıracağı sərmayələr və bağlayacağı ticarət sazişləri qarşılığında 20 faizlik ABŞ kompensasiya rüsumunu ləğv etmək qərarına gəldim”, — Tramp “Truth Social” platformasında yazıb.

O, Körfəz ölkələri hökumətlərinin hər hansı öhdəliyi barədə detallı danışmayıb, investisiyaların “NƏHƏNG” olacağını bildirib.

ABŞ Mərkəzi Komandanlığı isə iyulun 14-də ABŞ-ın Şərq vaxtı ilə saat 16:00-dan İran limanlarına daxil olan və çıxan dəniz nəqliyyatına blokadanın yenidən qüvvəyə mindiyini bildirib.

Şamxani şəbəkəsinə sanksiyalar

İyulun 14-də ABŞ Maliyyə Nazirliyi İranın sanksiyalardan yayınma şəbəkəsi adlandırdığı struktura bir sıra sanksiyalar elan edib. Tədbirlər xüsusilə Məhəmməd Hüseyn Şamxanini hədəfə alıb. Nazirliyin bildirdiyinə görə, onun şəbəkəsi Tehranın neft ixracının arxasında duran “əsas qüvvələrdən biri”dir, qlobal konteyner daşımaları və xammal ticarətində fəaliyyətini genişləndirir.

“İran rejimi aldatma üzərində yaşayır və Şamxani şəbəkəsi onun ən gəlirli mexanizmlərindən biridir”, — ABŞ maliyyə naziri Skot Bessent iyulun 14-də sanksiyaları elan edərkən deyib.

Ümumilikdə, tədbirlər 50-dən çox fiziki şəxsi, qurumu və gəmini əhatə edir. Vaşinqtonun fikrincə, onlar Şamxaniyə və İran rejiminə “İran xalqı öz hökumətinin yaratdığı iqtisadi yük altında qaldığı müddətdə mənfəət əldə etmək” imkanı verib.