İran Trampın razılaşma tələblərinə 'çətin boyun əysin'

İran polisi yanvarın 12-də Tehranda rejim tərəfdarının mitinqində keşik çəkir.

ABŞ prezidenti Donald Tramp İranı vurmaqla hədələsə də, dəfələrlə Tehranı razılığa gəlməyə çağırıb.

Trampın razılaşma tələbləri də aydındır: İran nüvə proqramına son qoymalı, ballistik raket qabiliyyətini məhdudlaşdırmalı, Yaxın Şərqdə silahlı əlaltılarla əlaqələri kəsməlidir. Qarşılığında ABŞ İrana hücum etməyəcək, sanksiyaları qaldıracaq.

İslam respublikası bu şərtləri qəbul etməsə, Tramp onu ötən ildəkindən "xeyli pis" fəsadlarla hədələyib. Ötən ilin iyununda ABŞ İsrailə qoşulub İranın nüvə obyektlərini bombalamışdı.

İranın Trampın maksimalist tələblərini qəbul edəcəyi real görünmür, bu, on illərlə aparılan siyasətdən geri çəkilmək demək olar, Tehran üçün kapitulyasiyaya bərabərdir. Bunu ekspertlər AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifiyə deyirlər.

"Nə qədər gec deyil"

Ağ evin sözçüsü AzadlıqRadiosuna yazılı şərhində bildirib ki, Tramp İrana qarşı hərəkətə keçməyə lüzum qalmayacağına ümid edir, amma Tehranı "nə qədər gec deyil" razılığa gəlməyə çağırıb.

Rəsmi ötən ilin iyununda İranın nüvə obyektlərinə zərbələri, bu il yanvarın 3-də isə Venesuela lider Nikolas Maduronun devrilməsi ilə nəticələnən əməliyyata istinad edərək deyib ki, "prezident sözünün üstündə durur".

"İrandakı vəziyyətlə bağlı prezidentin əlinin altında xeyli seçim var", – Ağ ev rəsmisi əlavə edib.

ABŞ son günlər Yaxın Şərqə əsas hərbi aktivlər, təyyarədaşıyan, əlavə bombardmançılar göndərib.

Tramp Tehrana iqtisadi təzyiqi də artırır, bu ölkə ilə ticarət edən ölkələrə 25 faiz tarif elan edib.

İranda dekabrın sonunda başlanan etirazlarda minlərlə nümayişçi öldürülüb. Tramp isə zorakılıq baş verərsə, İranı hərbi zərbə ilə hədələyib.

"USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi Hörmüz boğazından keçir

"ABŞ hərbi zərbəsi mümkündür"

Tramp yanvarın 28-də deyib ki, İranın nüvə silahı olmayacağını təmin edəcək "ədalətli və balanslı" saziş istəyir. Tehran isə daima nüvə proqramının dinc olduğunu bildirib.

Nüvə məsələsi tələblərdən biridir. Məlumatlara görə, Tramp israr edir ki, İran ballistik raket proqramına məhdudiyyəti qəbul etsin, Livan, İraq, Yəmən, Fələstin torpaqlarında iranpərəst silahlı qüvvələrə dəstəyi dayandırsın.

Tehranın yaxınmənzilli raketləri ABŞ-nin Fars körfəzindəki hərbi bazaları və kommersiya maraqlarına təhdid yaradır, qabaqcıl ortamənzilli raketləri isə İsrailə çata bilər.

Ekspertlərin fikrincə, Tramp İrandakı dini rejimin misli görünməmiş zəifliyindən yararlanaraq Tehranı müxtəlif güzəştlərə məcbur etmək istəyir.

Ölkədə iqtisadi böhran fonunda etirazlar İran rəhbərliyini zəiflədib, hakimiyyətə son illərin ən böyük təhdidini yaradıb. İsrail də Tehranın müttəfiqlərinin – Livanda "Hizbullah"ın, Yəməndə husi üsyançıların, ABŞ-nin terrorçu saydığı HƏMAS-ın hərbi gücünü zəiflədib.

"ABŞ-nin bəzi rəsmiləri bu məqama Tehranın nüvə fəaliyyətinə məhdudiyyətlər, regionda davranışı, raket qabiliyyəti üzrə güzəştlərə məcbur etmək fürsəti kimi baxırlar", – Vaşinqtondakı Yaxın Şərq İnstitutunun İran proqramının direktoru Aleks Vatanka deyib.

Tehranda hərbi paradda "Şələmçə" ortamənzilli "yer-hava" raketi.

"İslam respublikasının çöküşü"

İran rəsmiləri Tehranın danışıqlara açıq olduğunu, amma Vaşinqtonun ədalətli razılaşmada maraqlı olmadığını deyir.

Ali dini lider Əli Xamenei Trampın tələblərini qəbul etməyə çox skeptik yanaşacaq, müqavimət göstərəcək, çünki onları qəbul etməklə islam respublikasının çöküşünə yol açdığını düşünər, - bunu Vaşinqtondakı "United Against a Nuclear Iran" təşkilatında siyasət direktoru Ceyson Brodski deyib.

Təhlilçinin fikrincə, saziş olmazsa, Trampın İrana qarşı hərbi addım atacağı ehtimalı yüksəkdir. O, prezidentin ritorikasına, ABŞ-nin regiona hərbi qüvvə göndərməsinə istinad edir: "Bunlar iyundakı 12 günlük müharibə, ABŞ-nin Venesuelada Nikolas Maduronu ələ keçirməklə nəticələnmiş bəyanatlara və addımlara çox oxşardır. Prezident Tramp İran rejimini devirmək üçün konfrontasiya və barışdırıcı bəyanatları bir-biri ilə əvəzləyir".

Vatanka isə daha ehtiyatlı yanaşma sərgiləyir, deyir ki, "ABŞ-nin iki dəfə düşünməyə səbəbləri var". Onun sözlərinə görə, Pentaqon bilir ki, istənilən zərbə regionda zəncirvarı reaksiyaya səbəb olar, İranın müttəfiqi olan silahlı qrupları və əlaltıları cəlb edər.

Təhlilçi düşünür ki, ABŞ-nin Yaxın Şərqdə hərbi qüvvələri artırması rejim dəyişikliyindən daha çox müdafiə, Tehranı diplomatik yola salmaq üçün təzyiq xarakterli ola bilər.