Tramp Tehrana qarşı səbrinin azaldığını deyir, uran tələbini yumşaldır

ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp Tehranın Vaşinqton tərəfindən irəli sürülən sülh sazişini qəbul etməməsindən narazılığını bildirib. Bununla belə, Ağ ev rəhbərinin İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması ilə bağlı əvvəlki sərt tələbindən geri çəkildiyi müşahidə olunur.

Tramp Çinə səfəri zamanı "Fox News" telekanalının aparıcısı Şon Hannitiyə verdiyi və mayın 14-də yayımlanan müsahibəsində deyib: "Daha səbirli olmayacam. Onlar razılığa gəlməlidirlər. İstənilən ağıllı insan bu sazişi qəbul edərdi. Ola bilsin, onlar dəlidirlər".

Pekində Çin lideri Si Cinpinlə görüşən Tramp İranın zənginləşdirilmiş uran ehtiyatları barədə də danışıb: "Düzü, o uranı əlimizə keçirsək, ürəyim daha rahat olar. Amma məncə, bu, real təhlükəsizlik ehtiyacından çox sadəcə piar məsələsidir".

İsrailin baş naziri Binyamin Netanyahu isə son açıqlamalarında İranla müharibənin hələ bitmədiyini və nüvə materialının mütləq şəkildə ölkədən çıxarılmalı olduğunu təkrarlayıb.

Tramp əvvəlki çıxışlarında demişdi ki, nüvə bombası düzəltmək üçün işlədilə bilən bu uran İran hökuməti razı olsa da, olmasa da mütləq ölkədən çıxarılmalıdır.

Digər tərəfdən, ABŞ prezidenti İranın hazırkı rəhbərliyini "məntiqli insanlar" adlandırıb. Fevralın 28-də ABŞ və İsrailin başladığı hava zərbələri nəticəsində İranın əvvəlki rəhbərliyinin böyük qismi öldürülüb.

ABŞ dövlət katibi Marko Rubio

Pekin keçid rüsumunu dəstəkləmir

ABŞ dövlət katibi Marko Rubio mayın 14-də “NBC News”a açıqlamasında bildirib ki, Çin və ABŞ Hörmüz boğazının hərbiləşdirilməməsi məsələsində eyni mövqedədirlər. Onun sözlərinə görə, Tramp həmin gün Pekində Si Cinpinlə görüşü zamanı bu məsələni müzakirə edib: "Çin tərəfi Hörmüz boğazının hərbiləşdirilməsinin əleyhinə olduğunu və keçid rüsumu sistemini dəstəkləmədiyini bəyan edib. Bizim də mövqeyimiz eynidir".

Fevralın 28-də ABŞ və İsrailin hava hücumlarına məruz qalan Tehran cavab olaraq strateji boğazı faktiki bağlayıb və bəzi gəmilərdən 2 milyon dollaradək keçid rüsumu tələb etməyə başlayıb. Vaşinqton isə İrana gedən və oradan gələn bütün dəniz nəqliyyatını tam blokadaya alıb.

Rubio Trampın Çindən İranla müharibədə kömək istəməsi barədə iddiaları təkzib edib: "Prezident Çindən heç nə istəməyib. Bizim Çinin köməyinə ehtiyacımız yoxdur".

Buna baxmayaraq, Tramp danışıqlar zamanı Si Cinpinin müharibənin dayandırılması üçün vasitəçilik təklif etdiyini vurğulayıb. Trampın sözlərinə görə, Çin lideri "yardım etməyi çox istəyir və tərəflərin razılığa gəlməsində maraqlıdır". Çin və Rusiya uzun müddətdir İranın əsas hərbi texnika təchizatçıları hesab olunur.

"The New York Times" qəzeti ABŞ-nin hazırkı və keçmiş rəsmilərinə istinadən yazır ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri aprel atəşkəsindən əvvəl İrana birtərəfli zərbələr endiriblər. Bu, hər iki ərəb dövlətinin İrana qarşı ilk birbaşa hücumu kimi qiymətləndirilir, lakin Ər-Riyad və Əbu-Dabi hələlik bu məlumatı rəsmən təsdiqləməyib.