Tramp: İranı atəşkəs razılaşmasına Çin sövq edib

ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin

ABŞ prezidenti Donald Tramp deyir ki, İranın aprelin 8-də gecə elan olunan iki həftəlik atəşkəs danışıqlarına cəlbində Çinin rolunun olduğunu düşünür.

Tramp atəşkəs razılaşmasından sonra AFP agentliyinə telefonla qısa müsahibə verib. O deyib ki, Pekinin Tehrana danışıqlara başlamaq üçün təzyiq göstərdiyinə inanır.

"Eşitdiyimə görə, bəli. Bəli, onlar iştirak ediblər", – Tramp Çinin prosesdə mümkün rolu barədə suala cavabında deyib.

"The Associated Press" də anonim mənbələrə istinadla xəbər verib ki, Çin rəsmiləri iranlı həmkarları ilə əlaqə saxlayıb, Tehranın atəşkəs razılaşmasına gedən yola təşviq ediblər.

Çin döyüşlərin iki həftəlik dayandırılmasını alqışlayıb.

"Çin davamlı olaraq dərhal atəşkəsə, hərbi əməliyyatların dayandırılmasına, mübahisələrin siyasi və diplomatik yollarla həllinə çağırıb", – Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Nin aprelin 8-də gündəlik brifinqdə deyib.

Mao Çinin səyləri haqda detallı danışmayıb.

Tramp İrana silah verən ölkələrə 50 faizlik rüsum vəd edir

İrana hərbi silah tədarük edən istənilən ölkənin ABŞ-yə satdığı bütün mallara 50 faiz tarif qoyulacaq və bu, dərhal qüvvəyə minəcək. Bunu ABŞ prezidenti D.Tramp "Truth Social" şəbəkəsində yazıb. O, bu yöndə heç bir istisna və ya güzəştin olmayacağını vurğulayıb.

Tramp başqa bir postunda Birləşmiş Ştatların İranla sıx işləyəcəyini deyib.

"Uran zənginləşdirilməyəcək, ABŞ İranla birlikdə işləyərək (B-2 bombardmançılarının) torpağın dərinliklərinə gömdüyü nüvə tozunu qazıb təmizləyəcək. Bu obyektlər çox dəqiq peyk nəzarəti altındadır. Hücum başlayandan bəri heç nəyə toxunulmayıb", – Tramp yazıb.

O, İranla tariflərin və sanksiyaların yüngülləşdirilməsinin müzakirə olunacağını, 15 bəndin bir çoxunun artıq razılaşdırıldığını bildirib.

İranın ABŞ-yə Pakistan vasitəsilə çatdırdığı planda 10 bəndin olduğu bildirilir. ABŞ-nin daha öncə Tehrana yolladığı sülh planında isə 15 bənd var idi.