Keçid linkləri

2026, 08 Aprel, çərşənbə, Bakı vaxtı 16:26

İranla atəşkəs elanından sonra neftin qiyməti 100 dollardan aşağı düşüb

Neft
Neft

Aprelin 8-də neftin bir barelinin qiyməti 100 dollardan aşağı düşüb. Bundan öncə ABŞ prezidenti Donald Trampın İranla iki həftəlik atəşkəs barədə razılığa gəldiyini deyib. Atəşkəsin əsas şərtinin Hörmüz boğazının dərhal və təhlükəsiz şəkildə yenidən açılması olduğu açıqlanıb.

"Brent" markalı neftin fyuçersləri 14.51 dollar və ya 13.3 faiz ucuzlaşaraq bir barel üçün 94.76 dollara enib. WTI isə 17.16 dollar və ya 15.2 faiz azalaraq 95.79 dollar olub.

Fevralın 28-də ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan Tehran Hörmüz boğazını faktiki bloklamışdı. Dünya neftinin təxminən 20 faizi bu boğazdan daşınır. Aprelin 6-da isə Tramp İrana müharibəni bitirmək üçün razılığa gəlməkdən ötrü aprelin 7-si axşamadək vaxt vermişdi. Əks halda, İranın mülki infrastrukturuna genişmiqyaslı hücumlarla hədələmişdi.

İran bildirib ki, ona hücumlar dayandırılarsa, o da hücumları dayandıracaq. Xarici işlər naziri Abbas Əraqçinin bəyanatına görə, iki həftə ərzində İran silahlı qüvvələri ilə koordinasiya şəraitində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq.

"Sülh razılaşması olsa belə, İran cəsarətlənərək gələcəkdə Hörmüz boğazını daha tez-tez təhdid edə bilər. Bazar bundan sonra qiymətlərdə bu riskin artmasını nəzərə alacaq", – "MST Marquee" təhlilçisi Saul Kavonik "Reuters"ə deyib.

ABŞ və İsrailin İranla müharibəsi martda neft qiymətlərində tarixən ən kəskin – 50 faizdən çox aylıq artıma səbəb olub.

XS
SM
MD
LG