ABŞ-nin İrana qarşı müharibəsi günə milyonlarla dollara başa gəlib. "The Financial Times" qəzeti müdafiə ekspertlərinə istinadla yazır ki, İranın ABŞ-nin bahalı radar sistemlərini dağıtması Vaşinqtonu Çin kimi təhdidlərlə gələcəkdə mümkün müharibələrdə zəif duruma salıb.
Fevralın 28-dən başlayan müharibədə aprelin 7-də ikihəftəlik atəşkəs əldə olunduğu açıqlanıb. Münaqişədə 13 amerikalı əsgər öldürülüb, azı 300 əsgər yaralanıb.
İlk altı gündə 1.4 milyard dollarlıq ziyan
Beş həftə ərzində İrana qarşı kampaniyanın dəyəri 22.3 milyard dollardan 31 milyard dollaradək olub. Bunu Pentaqonda büdcə üzrə keçmiş aparıcı rəsmi Eleyn Makkasker hesablayıb.
Bu hesablamaya ABŞ-nin Yaxın Şərqə yerləşdirdiyi əlavə aktivlərin dəyəri də daxildir, amma döyüşlərin tam itkisi hesablanmayıb, bu, əməliyyatlar dayandırılandan sonra bilinə bilər.
Rəqəmə döyüşlərin vurduğu ziyan və avadanlıq dəyişdirilməsinə gedən 2.1 və 3.6 milyard dollar daxildir. Məsələn, camaşırxanasındakı yanğına görə "USS Gerald R.Ford" təyyarədaşıyanı təmirə dayanıb.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən (CSIS) Mark Kansianın hesablamasına görə, müharibə ABŞ-yə günə yarım milyard dollara başa gəlib.
CSIS hesablayıb ki, döyüşlərin ilk altı günündə döyüş itkiləri və infrastruktura azı 1.4 milyard dollarlıq ziyan dəyib. Bundan sonra İranın raket buraxma səviyyəsi azalıb.
Bir təyyarənin dəyişdirilməsinə azı 700 milyon dollar
Kansian deyir ki, Ər-Riyad yaxınlığındakı "Şahzadə Sultan" aerodromuna zərbə zamanı ağır ziyan dəymiş "Boeing E-3 Sentry" radiolokasiya aşkaretmə təyyarəsinin dəyişdirilməsi azı 700 milyon dollara başa gələ bilərdi. Bu, havada erkən xəbərdarlıq və nəzarət sistemidir.
ABŞ müdafiə rəsmisi təhlükəsizlik səbəblərini əsas gətirərək Pentaqonun döyüş zərərini qiymətləndirməkdən imtina edib.
Təhlilçilər E-3-dən savayı, İordaniya və Qətərdə iki radar sisteminin məhvinin mühüm itkilər olduğunu deyirlər.
Oslo Nüvə Layihəsinin eksperti Fabian Hoffmannın sözlərinə görə, E-3 Çinlə müharibədə faydalı ola bilərdi.