Keçid linkləri

2026, 07 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 00:40

F-15 insidentinin üzə çıxardıqları. 'Risk həmişə qalacaq'

F-15 qırıcıları uzun müddətdir ABŞ-nin havada üstünlüyünün simvolu sayılır.
F-15 qırıcıları uzun müddətdir ABŞ-nin havada üstünlüyünün simvolu sayılır.

Dünyanın ən uğurlu qırıcılarından biri belə riskli mühitlərdə toxunulmaz deyil. İran üzərində ABŞ-nin F-15 təyyarəsinin başına gələnlər bunu göstərdi.

Onilliklər ərzində F-15 ABŞ-nin hava üstünlüyünün simvolu olub. Müxtəlif münaqişələrdə bu təyyarə havada 100-dən çox qələbə əldə edib, hava döyüşündə heç vaxt itməyib.

Bu rekord hələ də qüvvədədir. Amma son hadisələr bu təyyarənin döyüş tarixinə yeni anlam qatır.

Martın əvvəlində ABŞ-nin üç "F-15E Strike Eagle" təyyarəsinin Küveytə məxsus "F/A-18 Hornet" ilə vurulduğu açıqlandı. Bu, "dost atəşi" İranla hələ də davam edən "Epik Qəzəb" əməliyyatının ilkin mərhələsində baş verdi.

Həmin insident hələ də araşdırılır, ölən olmayıb, ekipaj üzvləri katapult edərək xilas olub.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində İraq üzərində əməliyyatlarda bir neçə F-15 zenit-raket kompleksləri və hava hücumundan müdafiə vasitələri ilə vurulub. Bu zəif nöqtə bu gün də aktualdır.

Qabaqcıl texnologiyalara investisiyalar

"ABŞ gizli texnologiyalar (stels), elektron hücum və kosmik rabitə/naviqasiya kimi qabaqcıl texnologiyalara böyük sərmayə qoyub. Bu, digər hava qüvvələri üzərində üstünlük yaradır", – ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan briqada generalı, Mitçell Aerokosmik Tədqiqatlar İnstitutunun eksperti Hyuston Kantvell aprelin 4-də AzadlıqRadiosuna belə deyib.

Bu investisiyalar riskləri xeyli azaldıb. ABŞ-yə məxsus döyüş təyyarəsi sonuncu dəfə 2003-cü ildə İraq müharibəsi zamanı "A-10" təyyarəsi ilə vurulub.

Kantvell xəbərdarlıq edir ki, bu üstünlüklərin də həddi var, xüsusilə İran kimi ölkələr üzərində. Bu ölkələr müasir inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminə (IADS) malikdir: "Bu sistem son ayda zəiflədilib, amma bu, onun tam məhv edildiyi demək deyil".

İran radar və infraqırmızı idarə olunan raketlərə, zenit artilleriyasına da malikdir. Üstəlik, ölkənin ərazisinin böyüklüyü bu təhlükələrin tam məhvini çətinləşdirir.

Kantvell də deyir ki, İran çox böyük ölkədir və ABŞ onun bütün hava təhdidlərini tam aradan qaldıra bilməz: "Döyüş missiyaları İran üzərində uçduğu müddətdə müəyyən risk qalacaq". Onun sözlərinə görə, hətta F-15 kimi müasir təyyarələrin müdafiə vasitələri belə 100 faiz effektli deyil.

F-15 və F-16 qırıcıları 1991-ci ildə "Səhrada Fırtına" əməliyyatı zamanı yanan neft yataqları üzərindən uçur.
F-15 və F-16 qırıcıları 1991-ci ildə "Səhrada Fırtına" əməliyyatı zamanı yanan neft yataqları üzərindən uçur.

Təhdidlərə adaptasiya etmək

F-15 hadisəsi ABŞ-nin rəqiblərinin müharibəyə necə hazırlaşdığını da üzə çıxarıb.

ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Amos Foks bildirib ki, ABŞ və İsrailin uzaq məsafədən hava zərbələrinə üstünlük verməsi rəqibləri buna qarşı tədbirlər görməyə vadar edib. "Onlar ABŞ-nin hava gücü və uzaqmənzilli zərbələrlə döyüşmək istədiyini anlayırlar, buna qarşı sərmayə yatırırlar", – deyən hərbçi ABŞ-nin rəqibləri arasında əməkdaşlığın artdığını, hərbi texnologiyaların yayıldığını da vurğulayır.

Keçmiş münaqişələrin dərsləri

Tarixən ABŞ hava əməliyyatlarında daha çox itki verib. 1991-ci il Körfəz müharibəsində koalisiya qüvvələri onlarla təyyarə itirib.

""Səhrada Fırtına" vaxtı 100-dək təyyarə itirildi, ancaq həmin kampaniyanın məqsədləri və şərtləri fərqli idi", – Kantvell deyir.

O vaxtdan bəri ABŞ-nin strategiyası düşmənin hava müdafiəsini müharibənin əvvəlində zərərsizləşdirməyə yönəlib. Kantvell IADS sistemlərini məhv etməyin mürəkkəb iş olduğunu vurğulayır.

Texnologiya, gələcəyin savaşı

Pilotların riskini azaltmaq üçün ABŞ getdikcə daha çox pilotsuz sistemlərə üstünlük verir. Məsələn "MQ-9 Reaper" və "RQ-170 Sentinel" ekipaj riski olmadan hədəfləri aşkarlayıb məhv etməyə imkan verir.

Gələcəkdə isə pilotsuz və pilotlu təyyarələrin birlikdə işlədiyi "kollektiv döyüş aviasiyası" konsepsiyası daha da inkişaf etdirilir.

İndilik isə düşmən ərazisində vurulan pilotlar üçün risklər hələ də çox yüksəkdir.

Kantvell deyir ki, "əsas məsələ gizlənmək və sağ qalmaqdır".

Digər yandan, havadan müdafiə sistemləri inkişaf etdikcə, xilasetmə əməliyyatları da getdikcə daha da mürəkkəbləşir.

F-15-in hava döyüşlərində məğlubedilməz rekordu hələ də qalır. Ancaq onun tarixi və son hadisələr bir şeyi göstərir: havada üstünlük yerüstü təhlükələri, insan səhvlərini, düşmənin dəyişən taktikanı aradan qaldırmır.

Kantvellin təbirincə, təyyarələr güclü müdafiə olunan ərazilər üzərində uçduğu müddətdə risk həmişə qalacaq.

Məqaləni AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu hazırlayıb.
XS
SM
MD
LG