ToplumTV işi: 'Xaricə getmək qadağandırsa, hava limanını da bağlayın'

Sizin brauzer HTML5-i dəstəkləmir

ToplumTV-də həbslərdən 1 il sonra: Akif Qurbanov həbsxanadan suallara cavab yazır

"ToplumTV işi" üzrə jurnalistlərin məhkəməsində sənədlərin tədqiqi mərhələsidir. Bakı Ağır Cinayətlər Məhkəməsində yanvarın 12-də keçirilən iclasda ekspertizanın nəticələri, protokollar açıqlanıb. Ekspert rəyləri pullardan jurnalistlərin əl-barmaq izlərinin tapılıb-tapılmaması barədədir.

Hazırda məhkəmədə maddi sübutların araşdırılması dövrüdür. Müdafiə tərəfi bildirir ki, onlar maddi sübutların məhkəməyə təqdim edilməsi ilə bağlı dəfələrlə məsələ qaldırıblar - söhbət özəlliklə də "evlərə qoyulmuş" pullardan və ekspertiza rəylərində üzərində barmaq izlərinin aşkarlandığı iddia olunan sübutlardan gedir. Müdafiə tərəfinin dediyinə görə, məhkəmə bu məsələdən davamlı yayınır.

İddia olunur ki, həmin pullar jurnalistlərin evindən tapılıb. Onlarsa bildirirlər ki, evlərinə axtarışa gələnlər pulları özləri ilə gətirib, tapacaqları yerə qoyub, sonra da götürüblər.

Yanvarın 12-dəki məhkəmədə bu sənədlər açıqlanarkən, təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahov deyib ki, evlərində axtarış zamanı onu yaşlı, xəstə babasını da həbs etməklə hədələyiblər. Onun sözlərinə görə, evə qoyulan pullarda yalandan əl izləri yaratmaq məqsədilə onları götürüb saymağı tələb ediblər. İmtina edəndə isə babasını da götürüb aparacaqları ilə hədələyiblər.

"Desəm ki, "İlhamə Quliyeva ilə konsert verməyə gedirdim", qəbul edəcəksiniz?"

Jurnalist Fərid İsmayılov deyir ki, necə olur, ona aid pulqabıdakı manatda əl izi olmur, amma yaşadığı evdən tapıldığı iddia edilən xarici valyutada əl izi tapılır? Onun sözlərinə görə, bu da ekspert rəylərinin saxtalığını sübuta yetirir.

ToplumTV ilə bağlı cinayət işində təqsirləndirilən şəxslərin ölkədən giriş-çıxışı əks olunan siyahı var. Onların xarici ölkələrə gediş-gəliş tarixçələri qaçaqmalçılıq ittihamının sübutu kimi cinayət işinə əlavə edilib.

Jurnalistlər bunun absurd olduğunu vurğulayaraq bildiriblər ki, xarici ölkəyə müxtəlif məqsədlə gedib-gəliblər. Məsələn, jurnalist F.İsmayılov İranda olarkən hamıya ana dilində məktəb tələb edən Təbriz fəallarını görüntülədiyini deyib.

Fərid İsmayılov

"Prokuror soruşur ki, xaricə niyə getmişdiniz? Desəm ki, "İlhamə Quliyeva ilə konsert verməyə gedirdim", qəbul edəcəksiniz? Belə sübutla adamı ittiham eləmək rüsvayçılıqdır. Getmişəm, yaxşı eləmişəm. Qadağandırsa, hava limanını bağlayın. Necə olur, ToplumTV, MeydanTV, "Abzas" əməkdaşları qaçaqmalçılıq edir, amma gömrükçülər görmür? Gömrük Komitəsinin sədri gəlib cavab versin", - yenə F.İsmayılovun sözləridir.

O, Türkiyədə qızıl külçə qaçaqmalçılığına görə jurnalistlərin yox, Azərbaycan diplomatlarının tutulduğunu yada salıb və əlavə edib ki, evdə axtarış aparılarkən, Axundov adına Azərbaycan Milli Kitabxanasına abunə kartını da götürərək istintaq materiallarına əlavə ediblər: "Başa düşmürəm ki, kitabxana kartı ilə hansı cinayəti aşkar ediblər?".

Jurnalist prokurorun suallarını cavablandırmaqdan imtina edib.

ToplumTV-nin qurucusu, media hüquqçusu Ələsgər Məmmədli sağlıq durumunun yaxşı olmadığını hakimlərin nəzərinə çatdırıb. O, səhhətindəki problemlərin daim həkim nəzarətində saxlanma zərurəti olsa da, heç bir addım atılmadığına diqqət çəkib.

Ə.Məmmədlinin durumuyla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin binasına həkim briqadası çağrılıb.

"ToplumTV işi" üzrə məhkəmə prosesi yanvarın 19-da davam edəcək.

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martından başlanıb. O vaxt bu işlə əlaqədar 7 nəfər, o cümlədən Ələsgər Məmmədli, Akif Qurbanov, Ruslan İzzətli qaçaqmalçılıq ittihamıyla həbs olunub. Jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, ötən ilin yanvarında F.İsmayılov həbs edilib.

Təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilənlərin heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə və siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin sırf peşə fəaliyyəti üzündən siyasi səbəblərlə həbs edilmədiyini vurğulayır və iddia edirlər ki, adı həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.