İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Rauf Malışov "ToplumTV işi" üzrə təqsirləndirilən doqquz jurnalist və ictimai-siyasi fəala 13 ildən 16 ilədək həbs cəzası verilməsini təklif edib.
Prokurorun çıxışından əvvəl təqsirləndirilən şəxslər və vəkilləri bir sıra vəsatətlər qaldırıblar.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, "III Respublika" Platformasının spikeri Akif Qurbanov siyasi sifarişlə həbs olunduqlarını vurğulayaraq deyib ki, bu məhkəmə prosesində prezident İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev ifadə verməli idi. Onun sözlərinə görə, həbslərin sifarişi ölkə rəhbərliyindən gəlib, Hacıyev isə media qarşısında onları cinayət törətməkdə günahlandırıb: "Gəlib burada cavab versinlər, sübut etsinlər".
A.Qurbanov illərlə rəsmi gəlir əldə etdiyini və bu gəlirlərin vergisini tam ödədiyini vurğulayıb. O, qanuni pulla aldığı əmlakının dondurulmasına etiraz edib. Müsadirəsi tələb olunan avtomobilini və digər mülklərini nə vaxt, hansı pulla aldığını hakimlərə izah edib.
ToplumTV-nin təsisçisi, ekspert Ələsgər Məmmədli də vergisini ödəyərək qanuni gəlirləri ilə aldığı avtomobilinin üzərinə həbs qoyulduğunu diqqətə çatdırıb.
Onlar əmlaklarının üzərindən həbs qərarının götürülməsi barədə məhkəməyə vəsatət qaldırıblar.
Vəkillərdən Zibeydə Sadıqova bir sıra şahid ifadələrinin sübut siyahısından çıxarılmasını istəyib. Vəkil vəsatətini onunla əsaslandırıb ki, həmin şəxslərin istintaqdakı ifadələri ilə məhkəmədə dedikləri üst-üstə düşmür və şahidlərin çoxu ilkin ifadələrini təsdiqləməyib.
Qaldırılan vəsatətlərin heç biri təmin edilməyib. Hakim Azər Tağıyev deyib ki, bu məsələlərin bir qisminə hökm çıxarılan zaman müşavirə otağında qiymət veriləcək.
Beləliklə, "ToplumTV işi" üzrə məhkəmə istintaqı yekunlaşıb və tərəflərin çıxışları mərhələsi başlayıb.
Prokuror bildirib ki, jurnalist və fəallara qarşı irəli sürülən qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər ittihamlar məhkəmə zamanı tamamilə sübuta yetirilib. O, təqsirləndirilən şəxslərdən Akif Qurbanov və Ruslan İzzətlinin hər birinə 16 il, Ələsgər Məmmədli ilə jurnalist Əli Zeynalova 15 il, videoredaktor Müşfiq Cabbarov, fəallar İlkin Əmrahov və Ramil Babayevə 14 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 13 il həbs cəzası verilməsini təklif edib.
E.Abbasov istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Onun da məhkəmə zalından həbsə göndərilməsi istənilib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə uzunmüddətli həbs cəzası verilməsi ilə yanaşı, üzərinə həbs qoyulmuş əmlaklarının da müsadirə olunmasını təklif edib. Təqsirləndirilən jurnalist və fəallar prokurorun bu çıxışını alqışlarla qarşılayıblar.
Məhkəmə prosesi iyunun 22-də vəkillərin müdafiə nitqləri ilə davam edəcək.
Sizin brauzer HTML5-i dəstəkləmir
ToplumTV-də həbslərdən 1 il sonra: Akif Qurbanov həbsxanadan suallara cavab yazır
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martında başlayıb. Həmin vaxt bu işlə əlaqədar yeddi nəfər – o cümlədən ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətli – qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Jurnalist Fərid İsmayılov və Elmir Abbasov barəsində isə alternativ qətimkan tədbiri seçilsə də, 2025-ci ilin yanvarında İsmayılov da həbs edilib.
İstintaqın sonunda təqsirləndirilənlərə qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və digər ittihamlar da elan olunub. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Təqsirləndirilənlərin heç biri ittihamları qəbul etmir. Onlar peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Yerli hüquq müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.
Hökumət rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına və ya jurnalist fəaliyyətinə görə təqib olunmadığını bildirirlər. Rəsmi mövqeyə görə, həmin siyahılarda adları çəkilən şəxslər törətdikləri konkret cinayətlərə görə məsuliyyətə cəlb ediliblər.