'Human Rights Watch' 'ToplumTV işi' üzrə kəsilmiş həbs cəzalarını pisləyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Avropadan ToplumTV ilə bağlı cəzalara sərt reaksiya: 'Əliyevlə əlbir olublar'

"ToplumTV işi" üzrə jurnalist və fəallara kəsilən 15 ilədək həbs hökmü Azərbaycan hökumətinin müstəqil media və vətəndaş cəmiyyətinə qarşı basqıları çərçivəsində ən ağır cəza tədbiridir. Bunu "Human Rights Watch" insan haqları təşkilatı bildirir. Qurum bu hökmlərin "AbzasMedia" jurnalistlərinə verilmiş 7 il 6 aydan 9 ilədək həbs cəzalarını da üstələdiyini vurğulayır.

"Azərbaycanın beynəlxalq tərəfdaşları bu hökmləri açıq şəkildə pisləməli, həbs olunanların azadlığa buraxılmasını tələb etməlidir. Onlar müstəqil mediaya qarşı repressiyaların siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün fəsadları olacağını aydın şəkildə bildirməlidir", – "Human Rights Watch" vurğulayır.

Qurum təmsilçisi Giorgi Qogiya AzadlıqRadiosuna bildirib ki, bu hökmlərin mesajı aydın və birmənalıdır: müstəqil jurnalistika və ya vətəndaş fəallığı ilə məşğul olan hər kəs həyatının əhəmiyyətli hissəsini həbsxanada keçirə bilər.

"Bu hökmlər həm də göstərir ki, hökumət ciddi siyasi bədəl ödəmədən repressiyaları daha da gücləndirə biləcəyinə inanır. Əvvəlki məhkəmə hökmləri, həbslər və beynəlxalq tənqid onu bu siyasətdən geri çəkilməyə vadar etməyib. Hakimiyyət 15 ilədək həbs cəzaları verməklə müstəqil fəaliyyətin bədəlini təkcə məhkum olunanlar üçün deyil, bunu davam etdirməyi düşünən hər kəs üçün ağırlaşdırır", – o əlavə edir.

Hakimiyyət təmsilçiləri adətən belə bəyanatları "qərəzli" adlandırır və beynəlxalq qurumların ölkədəki insan haqlarının vəziyyəti ilə bağlı tənqidlərini rədd edirlər.

'Hesabatlılığın olmaması İlham Əliyevi cəsarətləndirir'

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) iyulun 27-də "ToplumTV işi" üzrə jurnalistlərə və digər şəxslərə 15 ilədək həbs cəzası verilməsini kəskin şəkildə pisləyib.

CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Fiona O'Brayen bildirib ki, ToplumTV ilə əlaqəli doqquz nəfərə ağır cəzaların kəsilməsi "beynəlxalq hesabatlılığın olmamasının Azərbaycan prezidenti İlham Əliyev kimi avtokratları necə cəsarətləndirdiyinin klassik nümunəsidir": "Hazırda Azərbaycanda azı 20 jurnalist və media əməkdaşı əsassız olaraq həbsdədir. Onlar müstəqil jurnalistikaya qarşı amansız təzyiq kampaniyasının qurbanlarıdır. Xüsusilə Avropa dövlətləri anlamalıdır ki, onların Əliyev hakimiyyəti ilə getdikcə istiləşən münasibətləri və onu beynəlxalq insan haqları standartlarına əməl etməyə məcbur etməmələri təkcə Azərbaycanın daxilində ağır nəticələr doğurmur, həm də həmin dövlətlərin media azadlığını müdafiə etdikləri barədə iddialarını sarsıdır".

"Sərhədsiz Reportyorlar" (RSF) təşkilatı isə ToplumTV-yə qarşı məhkəmə prosesini "saxta" adlandırıb, bunun Azərbaycanda müstəqil mediaya təzyiqlərin daha da gücləndiyini göstərdiyini vurğulayıb. Qurum repressiyalara son qoyulmasını, həbsdə olan bütün media nümayəndələrinin azad olunmasını tələb edib.

Jurnalistlər qaçaqmalçılıq və qanunsuz sahibkarlıqda ittiham olunsalar da, özlərini təqsirli bilməyiblər. Vəkilləri isə hökmdən apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsi bildirib ki, bu ədalətsiz qərar Azərbaycan məhkəmə sistemindən necə sui-istifadə olunduğunu göstərir: "Prezident İlham Əliyev ölkədə qalan son müstəqil media orqanlarını susdurmaq üçün məhkəmə sistemini öz nəzarətinə alıb. Azərbaycan prezidenti iyulda Almaniyada olduğu vaxt onun hakimiyyəti barədə gerçəkləri üzə çıxaran və rejimi narahat edən media nümayəndələri həbsxanaya göndərildi. 14 ilədək həbs cəzaları rüsvayçı dərəcədə ağırdır və ləğv edilməlidir. RSF əslində həbs edilməməli olan bu jurnalistlərin, eləcə də əsassız olaraq həbsdə saxlanılan bütün həmkarlarının dərhal azadlığa buraxılmasına çağırır".

RSF xüsusilə ToplumTV-nin həmtəsisçisi Ələsgər Məmmədlinin vəziyyətindən narahatlığını bildirib. Bəyanatda deyilir ki, qalxanabənzər vəz xərçəngindən əziyyət çəkən Məmmədli həbsxanada təcili tibbi müalicəni ala bilməyib, onun həbsdə saxlanılması isə həyatını ciddi təhlükə altına qoyur.

IFJ: "Hökumətin qorxutma siyasətidir"

Beynəlxalq jurnalist qurumları ToplumTV ilə əlaqəli jurnalistlər və media işçilərinə verilmiş uzunmüddətli həbs cəzalarını pisləyib.

Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) iyulun 27-də bununla bağlı bəyanat yayıblar. Bəyanatda deyilir ki, məhkəmənin qərarı bu prosesin siyasi xarakter daşıdığını, hakimiyyətin öz peşə fəaliyyətini yerinə yetirən jurnalistləri qorxutmaq və susdurmaq niyyəti güddüyünü təsdiqləyir. IFJ və EFJ haqsız yerə məhkum olunmuş media əməkdaşlarının dərhal azadlığa buraxılmasını tələb edir.

"Bu son dərəcə qeyri-mütənasib cəzalardan sarsılmışıq. Bu hökmlər Azərbaycandakı cəsarətli səsləri susdurmağa yönəlmiş məhkəmə prosesinin sırf siyasi xarakter daşıdığını bir daha təsdiqləyir", – EFJ-nin baş katibi Rikardo Qutyerres bildirib.

"Bu məhkəmə qərarı jurnalistlərə, o cümlədən qadın media əməkdaşlarına qarşı amansız repressiya siyasətinin tərkib hissəsidir. Bunun ədalətlə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə, hökumətin repressiyası və qorxutma siyasətidir. Bu ədalətsiz məhkəmə prosesində payı olanlar gələcəkdə məhkəmə qarşısında cavab verəcəklər", – IFJ-nin baş katibi Entoni Bellancer əlavə edib.

Xatırlatma

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "ToplumTV işi" üzrə həbsdə olan doqquz jurnalist və ictimai-siyasi fəala ümumilikdə 121 il həbs cəzası verilib. III Respublika Platformasının spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətlinin hər biri 15 il, ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli və jurnalist Əli Zeynalovun hər biri 14 il azadlıqdan məhrum edilib. Redaktor Müşfiq Cabbarov, fəallar Ramil Babayev və İlkin Əmrahovun hərəsinə 13 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 12 il həbs cəzası kəsilib.

Jurnalist və fəalların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən artıq jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var.

Rəsmilər isə ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, siyasi motivlərlə həbs olunmadığını iddia edirlər. Onlar deyir ki, həmin siyahılarda yer alanlar sərf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.