"MeydanTV işi" üzrə həbsdə olan jurnalistlərdən Ramin Cəbrayılzadə (Deko) deyir ki, həbs olunduğu gün Gürcüstandan qayıdarkən üstündə cəmi 8 min avro pul olub. 2024-cü il dekabrın 6-da Bakıda hava limanında gömrük yoxlamasından da keçib. Cinayət işində iddia olunan qalan 30 min avronu isə hava limanından taksi ilə uzaqlaşdıqdan az sonra onu saxlayan polislər paltarlarının arasına qoyub, videoçəkiliş ediblər. Bu barədə jurnalist iyulun 24-də məhkəmədə ifadə verərkən danışıb.
"MeydanTV işi" üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.
"Köçürməyə flaş-kartları yoxdur?"
Bir müddət öncə R.Dekonun vəkilləri vəsatət vermişdi ki, hava limanından jurnalistin gömrük yoxlamasından keçərkən çəkilmiş görüntüləri alınsın. Hakimlər də bu vəsatəti təmin etmişdi. İyulun 24-də hakim Zaur Hacıyev deyib ki, hava limanı sorğuya cavab versə də, görüntüləri göndərməyib. Cavabda göstərilib ki, həmin görüntülərin təqdim edilməsi mümkün deyil.
R.Deko da, vəkillər də maraqlanıb ki, niyə mümkün deyil. Məlum olub ki, hava limanı imtinanı texniki səbəblərlə izah edir. Bu durum həm təqsirləndirilən şəxslərin, həm də onların müdafiəçilərinin narazılığına səbəb olub.
"Hava limanı strateji obyektdir. Oradakı görüntülərin verilməməsini hansı texniki səbəblərlə əlaqələndirə bilərlər? Köçürmək üçün fleş-kartları yoxdur? Bu, nə absurd cavabdır! Bu cür vacib məsələni təmin etməyən məhkəmə hansı ədalətli araşdırmadan danışa bilər?", - deyə "MeydanTV işi" üzrə mühakimə olunan jurnalistlərdən Şəmşad Ağayev (Ağa) etirazını bildirib.
Vəkil Şəhla Hümbətova isə vəsatət qaldırıb ki, məhkəmə yenidən sorğu göndərsin. Onun sözlərinə görə, bu, şəxsin təqsirsizliyini sübut edən mühüm məsələdir və bu üzdən "texniki imkan yoxdur" bəhanəsi ilə mövzu qapanmamalıdır: "Bu cür yanaşma məhkəməyə hörmətsizlikdir. Xahiş edirik, təkrar sorğu göndərilsin".
Hakim qərar verib ki, növbəti məhkəmə iclasında bu məsələyə yenidən baxılsın.
R.Deko ifadəsində onu da bildirib ki, yaşadığı ölkənin gerçəkliklərini, burada korrupsiyadan, nepotizmdən, diktaturadan danışmağın, yazmağın faktiki cinayət sayıldığını, ola bilsin, gec dərk edib. Bununla belə, tutduğu yola, jurnalistikanı seçdiyinə görə qətiyyən peşman deyil: "15 illik jurnalist fəaliyyətim dövründə görmədiyimi, yaşamadığımı, ölkəmin əsl üzünü və astarını məhz həbsxanada gördüm".
O vurğulayıb ki, məhkəmədən xüsusi gözləntisi yoxdur, çünki belə bir məhkəmədə hakimlər müstəqil qərar vermir.
"Özündən başqa heç bir kəsə bu haqqı tanımır"
İyunun 24-də keçirilən məhkəmə iclasında MeydanTV-nin həbsdə olan əməkdaşlarından Xəyalə Ağayeva da ötən proseslərdən yarımçıq qalmış ifadəsini davam etdirib. O, ifadəsində 22 iyul - Milli Mətbuat Gününü və bugünlərdə Şuşada keçirilən Beynəlxalq Media Forumunu da yada salıb: "Heç bir despotun hücumu mətbuat qarşısında öldürücü ola bilməz. İlham Əliyev də istisna deyil. Əksinə, elə onun özünün mediaya ehtiyacı var. Dörd ildir ki, sərasər Şuşada Beynəlxalq Media Forumu keçirir. İşi düşəndə jurnalistləri başına yığıb mətbuat vasitəsilə, onlardan istifadə edərək öz fikirlərini dünyaya çatdırır. Lakin özündən başqa heç bir kəsə bu haqqı tanımır".
Jurnalist bildirib ki, öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə bu ölkədə peşəkar jurnalistikanın düşmənləri onu həbslə "mükafatlandırıblar".
Bu iş üzrə həbsdə olan daha bir jurnalist Fatimə Mövlamlı da ifadəsində vurğulayıb ki, onları konkret hansısa reportaja görə yox, bütövlükdə azad medianı susdurmaqdan ötrü həbs ediblər. Onun sözlərinə görə, xadimə işləyən anasının maddi köməyi ilə dolandığı halda, evindən 13 min avro pul tapıldığını iddia edirlər: "Ən absurd məsələ odur ki, 13 min avronun içində 500-lük əskinaslar var və onların da çapı 2019-cu ildə dayandırılıb. Heç Hindistan kinolarında belə ssenari qurmurlar".
Jurnalistlərin hamısı prokuror Vüsal Abdullayevin suallarını cavablandırmaqdan imtina edib.
"Mən hökumətin sifarişini icra edənin heç bir sualına cavab vermirəm", – deyə X.Ağayeva etirazını bildirib.
"MeydanTV işi" üzrə məhkəmə prosesi avqustun 7-də digər jurnalistlərin ifadələri ilə davam edəcək.
Xatırlatma
MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, media qurumunun əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-dan həbsdədir. Həmin gün onlarla bərabər Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs edilib.
Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist – Şəmşad Ağayev, Nurlan Qəhrəmanlı (Libre) və Fatimə Mövlamlı saxlanılıb.
Mayda jurnalist Ülviyyə Quliyeva, avqustda isə fotojurnalist Əhməd Muxtarov da MeydanTV ilə bağlı cinayət işi üzrə həbs edilib.
Onlara Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213 (vergidən yayınma), 206 (qaçaqmalçılıq) və digər maddələri ilə ittiham irəli sürülüb. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə ittiham olunurlar. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Həmin şəxslərin arasında "AbzasMedia" və ToplumTV-nin də xeyli əməkdaşı var.
"AbzasMedia işi" üzrə təqsirləndirilən yeddi jurnalistə 7 il 6 aydan 9 ilədək azadlıqdan məhrumetmə cəzası verilib. AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də onların arasındadır. O, 9 il azadlıqdan məhrum edilib.
"ToplumTV işi" üzrə məhkəmədə vəkillərin müdafiə çıxışları mərhələsi davam edir; prokuror təqsirləndirilən jurnalist və fəallara 13 ildən 16 ilədək həbs cəzası istəyib.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir, dövlət başçısı da daxil olmaqla, hökumət təmsilçilərinin korrupsiya əməllərini ifşa etdiklərinə, həmçinin məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını vurğulayırlar. Onlar iddia edirlər ki, jurnalistlər konkret törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb olunublar.