'Ədalətin dəfnindəyik...' – ToplumTV işində 9 nəfərə 121 il həbs kəsildi

Sizin brauzer HTML5-i dəstəkləmir

ToplumTV-də həbslərdən 1 il sonra: Akif Qurbanov həbsxanadan suallara cavab yazır

"ToplumTV işi" üzrə həbsdə olan doqquz jurnalist və ictimai-siyasi fəala ümumilikdə 121 il həbs cəzası verilib. İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində oxunan hökmü Azər Tağıyevin sədrlik etdiyi, Elnur Nuriyev və Roman Ələkbərovdan ibarət hakimlər kollegiyası çıxarıb.

Hökmə əsasən, III Respublika Platformasının spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətlinin hər biri 15 il, Toplum TV internet televiziyasının təsisçisi Ələsgər Məmmədli və jurnalist Əli Zeynalovun hər biri 14 il azadlıqdan məhrum edilib. Redaktor Müşfiq Cabbarov, fəallar Ramil Babayev İlkin Əmrahovun hərəsinə 13 il, jurnalistlər Fərid İsmayılov Elmir Abbasova isə 12 il həbs cəzası verilib.

E.Abbasov 2 il 4 aydan çox davam edən istintaq və məhkəmə prosesi dövründə azadlıqda idi. O, hökm oxunanda məhkəmə zalındaca həbs edilib.

Məhkəmə A.Qurbanovun ailəsinə məxsus bağ evinin, onun özünün və həyat yoldaşının, həmçinin Ə.Məmmədli, R.İzzətli və Ə.Zeynalovun avtomobillərinin də müsadirə edilməsi barədə qərar çıxarıb. Məhkəmə bunu Dövlət Vergi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı 79 min 440 manatlıq mülki iddianın təmin olunması ilə əsaslandırıb. Qərara görə, üzərinə həbs qoyulmuş əmlakların satılmasından əldə olunan vəsait həmin iddianın ödənilməsinə yönəldiləcək.

Hakim A.Tağıyev hökmü səsləndirərkən təqsirləndirilən jurnalist və fəallar onu dinləməkdən imtina ediblər, Azərbaycan himnini və R.Babayevin yazdığı şeiri oxumaqla qarşılıq veriblər.

Hökmdən öncə isə bir neçə saat ərzində təqsirləndirilən şəxslər son sözlərini deyiblər.

Akif Qurbanov

"Bir respublikaçının manifesti"

Akif Qurbanov "Bir respublikaçının manifesti" şərti adı altında son sözünü deyib. Həbsindən düz üç ay öncə - 7 dekabr 2023-cü ildə III Respublika Platformasını yaratmalarının səbəbindən danışan Qurbanov deyib ki, məqsədləri ölkədə respublika dəyərlərini bərpa etmək idi. O, bir çox sahədə dərin böhran yaşandığını, xüsusilə məhkəmə sisteminin bərbad durumda olduğunu, azad rəqabət mühitinin yoxluğunu, eləcə də biznesin hakim ailə və iri məmurların əlində cəmləşdiyini vurğulayıb: "Ölkədə hakimiyyət bölgüsü formaldır, faktiki isə hakimiyyət bölgüsü yoxdur. Tək adam idarəçiliyi var. Parlament Əliyevin notariusudur".

Hakimiyyət təmsilçiləri bu cür tənqidləri qəbul etmir, ölkədə demokratik dəyərlərin qorunduğunu bildirirlər. Bununla belə, indiyədək Azərbaycanda keçirilən heç bir seçki ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyasının (PA) birgə Beynəlxalq Müşahidə Missiyasının müsbət rəyini almayıb. İki il öncəki parlament seçkilərinin də məhdudlaşdırıcı mühitdə və real rəqabətdən uzaq keçdiyi beynəlxalq hesabatlarda xüsusi vurğulanıb.

Evində aparılan axtarışın saxta olduğunu diqqətə çatdıran İlkin Əmrahov deyib ki, polislər mart ayında yanan sobanın borusundan "gizlədilmiş pul" tapdıqlarını iddia edirlərsə və məhkəmə də bu cür saxta sübutlara əsaslanırsa, özünü müdafiə etməsinə lüzum görmür: "Yaxud da 2014-cü ildə Akif Qurbanovu ümumiyyətlə tanımadığım halda, ittihamda yazıblar ki, həmin dövrdə onunla əlbir olub cinayətkar dəstə yaratmışıq. Özümü nə müdafiə edim?".

O, əlavə edib ki, belə bir məhkəmədən də ədalət gözləntisi yoxdur.

Müşfiq Cabbarov

ToplumTV-nin videoredaktoru Müşfiq Cabbarov jurnalist fəaliyyətinə görə həbs olunduğunu vurğulayıb. Bu peşəni seçdiyinə və ToplumTV-də çalışdığına görə peşman olmadığını, əksinə, fəxr etdiyini deyən redaktor cəmiyyəti maarifləndirməklə məşğul olduqlarını və məhz buna görə cəzalandırıldıqlarını bildirib.

"Ömrüm sizin hakimiyyətiniz dövründə keçib"

Əli Zeynalov isə çıxışını prezident İlham Əliyevə həsr etdiyini söyləyib. Onun sözlərinə görə, istintaq təcridxanasında televizorda prezidentin media azadlığı ilə bağlı çıxışlarını izləyir. Prezident çıxışlarında azad mətbuatın vacibliyindən danışır: "Əgər ölkəyə azad mətbuat lazımdırsa, o zaman bizim burada nə işimiz var? Əliyev hakimiyyətə gələndə mən 7-ci sinifdə oxuyurdum. Ömrüm sizin hakimiyyətiniz dövründə keçib. 13 il də həbsdə keçsə, yəqin, balaca Heydərin də dövrünə çataram...".

Prezident Əliyevin tək oğlu Heydərin ayrı-ayrı vaxtlarda atası ilə yanaşı görünməsi hakimiyyətin atasından ona ötürüləcəyinə dair illərdir mövcud olan spekulyasiyaları gücləndirib. Heydər Əliyev sonuncu dəfə yanvarda Davos İqtisadi Forumunda SOCAR təmsilçisi kimi görünsə də, indiyədək onun rəsmi vəzifəsi açıqlanmayıb.

Jurnalist Ə.Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərini də tənqid edib. Deyib ki, məhkəmə sistemindəki hakimlər artıq yuxarıdan sifariş almadan heç bir müstəqil addım ata bilmirlər: "Məhkəmələri Mədəniyyət Nazirliyinin tabeliyinə versinlər. Burada yaxşı məzhəkələr, şoular göstərmək olar. Onsuz da məhkəmə adına heç nə yoxdur burada".

Elmir Abbasov son söz deməkdən imtina edib.

"Ədalətin dəfnindəyik, nə hüquq, nə məhkəmə?!"

Ramil Babayev son sözünü şeirlə ifadə edib. Onun bu addımı məhkəmə heyətinin narazılığına səbəb olub. Hakimlər "Bura şeir demək yeri deyil" deyərək Babayevin çıxışını dayandırmağa cəhd etsələr də, o bildirib ki, fikrini bu cür ifadə etmək istəyir:

Gözləyirsiz bu salonda həqiqəti danım mən?

Qorxaqlıqdır, acizlikdir siz istəyən mərtəbə.

Ləyaqətim, şərəfim var, başıdik insanam mən,

Ədalətin dəfnindəyik, nə hüquq, nə məhkəmə?!

Ələsgər Məmmədli

Ələsgər Məmmədli deyir, hüquqa olan inamını heç vaxt itirməyib

R.Babayevdən sonra Ələsgər Məmmədli son sözünü deyib. O, hüquqi müstəvidəki qanun pozuntularından danışıb. Media hüququ üzrə ekspert olan Məmmədli vurğulayıb ki, həbsdə olduğu 2 il 4 ay ərzində hüquqa olan inamını heç vaxt itirməyib: nə 8 mart 2024-cü ildə Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın onun haqqında həbs-qətimkan tədbiri seçdiyi gün, nə Bakı Ağır Cinayətlər Məhkəməsində çoxsaylı vəsatətlərinin heç biri təmin olunmayanda, nə də bu gün – son sözünü deyəndə...

O, avtomobilinin üzərinə həbs qoyulması haqda qərarın qanunsuz olduğunu bildirib. Deyir ki, kifayət qədər qanuni gəlirləri olub, vergi ödəyib. İkincisi, həmin əmlak həyat yoldaşı ilə birgə mülkiyyətdir: "Yoldaşım hər dəfə təcridxanaya yanıma gələndə taksidən istifadə edir, pul ödəyir taksiyə".

Ə.Məmmədli sağlamlığındakı problemlərdən danışıb, onunla birlikdə mühakimə olunanların hamısının ziyalı olduğunu, cəmiyyəti maarifləndirməyə çalışdığını vurğulayıb və hamıya da bəraət istəyib.

Bundan sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə gediblər. Bir neçə dəqiqə sonra geri qayıdaraq doqquz nəfərə 12 ildən 15 ilədək həbs cəzası kəsilməsi barədə hökmü elan ediblər.

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər 2024-cü ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar yeddi nəfər qaçaqmalçılıq ittihamı ilə həbs olundu. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, 2025-ci ilin yanvarında İsmayılov da həbs edildi.

İyunun 8-də məhkəmədə prokuror iddia edib ki, təqsirləndirilən şəxslərə verilmiş qaçaqmalçılıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. ittihamlar təsdiqini tapıb. O, Akif Qurbanov və Ruslan İzzətlinin hər birinə 16 il, ToplumTV-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli və jurnalist Əli Zeynalova 15 il, redaktor Müşfiq Cabbarov, fəallar İlkin Əmrahov və Ramil Babayevə 14 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 13 il həbs cəzası verilməsini təklif edib.

Jurnalist və fəalların heç biri ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən artıq jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var.

Rəsmilər isə ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, siyasi motivlərlə həbs olunmadığını iddia edir. Onlar deyir ki, həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.