Azərbaycan da hərbi təlimlərə qatılıb

-

Türkiyənin Konya şəhərində "Anadolu Qartalı - 2016" beynəlxalq təlimi keçirilir.

Mayın 30-dan başlayan təlimlərdə 7 ölkənin - Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanın hərbçiləri iştirak edirlər.

Bu haqda Müdafiə Nazirliyinin rəsmi internet saytı xəbər verir.

Təlimlərdə quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri iştirak edir. NATO qərargahının nümayəndələri də təlim iştirakçıları arasındadır.

Nazirliyin xəbərinə görə, Azərbaycanı təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu təmsil edir.

İyunun 10-dək davam edəcək real müharibə şəraitinə yaxın təşkil edilən təlimin məqsədi iştirakçıların bilik və bacarıqlarının səviyyəsini yoxlamaq, təcrübə mübadiləsidir.

Bundan əvvəl isə Türkiyənin İzmir şəhərində «Efes-2016» beynəlxalq təlimləri keçirilib.

Mayın 15-də başlayan bu təlimlərə isə Azərbaycan Silahlı Qüvvələrindən 30 nəfərdən ibarət heyət qatılıb.

Orada Azərbaycandan başqa ABŞ, Almaniya, İngiltərə, Qətər, Pakistan, Polşa, Səudiyyə Ərəbistanı və Türkiyə ordusu təmsil olunub.

Hazırda Türkiyədə səfərdə olan Azərbaycan Müdafiə naziri Zakir Həsənov da bu təlimin yekun mərhələsində iştirak edib.