Rusiya Ukraynadan oğurladığı uşaqları Şimali Koreyada yay düşərgəsinə göndərir. AzadlıqRadiosu bunu Avropa İttifaqının (Aİ) yeni sanksiyalarının əks olunduğu sənədə əsasən yazır.
Sənəddə Aİ-nin Rusiyaya qarşı bu həftə təsdiqləməyə hazırlaşdığı yeni sanksiyaların əhatələyəcəyi şəxslər və qurumlar göstərilib.
Sanksiya təklif olunan şəxslər əsasən Krım və Donbasda Rusiyanın işğal etdiyi ərazilərdə çalışan rəsmilərdir. Siyahıdakı ən diqqətçəkən ad isə Şimali Koreya hakimiyyətinin idarə etdiyi Sondovon Beynəlxalq Uşaq Düşərgəsidir.
Sənəddə deyilir ki, bu düşərgə "ukraynalı uşaqların Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən Şimali Koreyaya aparılmasını nəzərdə tutan mütəşəkkil proqramlarda iştirak edir".
Uşaqların "mədəni mübadilə" çərçivəsində Rusiya rəsmilərinin koordinasiyası altında aparıldığı bildirilir. Transferlərin daha geniş təbliğat məqsədi daşıdığı, ukraynalı uşaqların rusiyapərəst ideologiyanın təsirinə məruz qoyulduğu vurğulanır.
Başqa sözlə, "düşərgə Rusiya Federasiyası ilə əlaqəli şəkildə ukraynalı uşaqların qanunsuz aparılmasında, ideoloji təlqinə məruz qoyulmasında və hərbiləşdirilməsində birbaşa iştirak edir", - sənəddə deyilir.
Böyük Britaniya da sanksiya tətbiq etmişdi
Sözügedən düşərgə Şimali Koreyanın şərq sahilində, Yapon dənizi sahilində, Cənubi Koreya ilə sərhəddən 95 kilometr məsafədə yerləşir.
Düşərgəni təbliğ edən "Uri Turs" Şimali Koreya şirkəti onun ölkədəki ən böyük düşərgə olduğunu, 1960-cı ildə "beynəlxalq dostluğun təşviqi" məqsədilə açıldığını bildirir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Putinin 'gənclər ordusu'
Böyük Britaniya mayda bu düşərgəyə "Rusiya hökumətinin ukraynalı uşaqların zorla deportasiyası və yenidən tərbiyələndirmə proqramına dəstəyinə görə" sanksiya tətbiq edib.
Şimali Koreya buna Londondakı səfirini geri çağırmaqla cavab verib.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ukraynalı uşaqların qanunsuz deportasiyası ittihamı ilə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Şimali Koreyanın Rusiyanın uşaqları oğurlamaq kampaniyasına cəlbi isə Pxenyanın müharibədəki rolunun daha da artdığını göstərir.
2024-cü ildə Ukrayna qüvvələri Kursk vilayətinə girəndə Şimali Koreyanın Rusiya qüvvələri ilə birlikdə döyüşməyə 12 minədək hərbçi göndərdiyi bildirilir. Cənubi Koreya kəşfiyyatının məlumatına görə, döyüşlərdə təxminən 2 min Şimali Koreya hərbçisi həlak olub.
Ukrayna prezidenti Volodimir Zelenski bu yaxınlarda bildirib ki, Şimali Koreya Rusiyaya daha çox hərbçi göndərəcək. Onlar Ukraynaya hücumlarda Pxenyan istehsalı ballistik raketləri idarə edə bilərlər.
Sanksiya siyahısında başqa düşərgələr də var
Aİ-nin sanksiyalar siyahısında yer alan digər qurumlar isə Rusiyada, Ukraynanın işğal olunmuş bölgələrində yerləşən yay düşərgələridir.
Blokun məlumatına görə, həmin düşərgələrə aparılan uşaqlar "Rusiyaya sədaqət, rus milli kimliyi və dəyərlərinin mənimsənilməsi, hərbi-tarixi mövzular, hərbi-vətənpərvərlik qurumları ilə birgə fəaliyyət" aşılayan proqramlara cəlb olunurlar.
Sənəddə vurğulanır ki, bu cür deportasiyalar "Ukrayna kimliyini silmək, onun gələcək nəsillərinin qorunub saxlanmasına xələl gətirmək məqsədi daşıyır, beynəlxalq hüququn ciddi pozulması, uşaqların əsas hüquqlarının tapdalanması" deməkdir.