Kreml 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müdaxiləyə başlayandan İran Rusiya üçün böyük hərbi təchizatçı olub. Amma mütəxəssislər AzadlıqRadiosuna deyirlər ki, bu dəstək artıq Moskvanın müharibə səylərində əsas rol oynamır.
2021-ci ilin oktyabrından bəri İran Rusiyaya 2.7 milyard dollarlıq raket – hava hücumundan müdafiə raketləri, ballistik raketlər satıb. Bu haqda "Bloomberg" yanvarın 12-də bir Qərb təhlükəsizlik rəsmisinə istinadla yazıb.
Moskva ticarətin həcmini açıqlanmır, İran isə Rusiyaya hər hansı təchizatı inkar edir.
"Tərəflər arasında münaqişə davam edərsə, İran istənilən tərəfə hərbi yardımdan çəkinəcək", – İranın BMT-dəki daimi nümayəndəliyi mayda bəyanatında bildirib.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Rey Förlonq bunun əksinə dəlillərin olduğunu yazır. Özəlliklə, Rusiya müharibənin əvvəlində İranın "Şahed" hücum dronlarından geniş yararlanıb. Amma bu dəstəyin dəyəri getdikcə azalmış kimi görünür.
Dronlar
"İran hələ də dron tədarük edir, azından keçən ilədək, İranın göndərdiyi yeni dron dizaynları vardı. Amma məncə, İranın Rusiya ilə müdafiə avadanlığı mübadiləsinin pik həddi çoxdan keçib", – Ceyms Martin Nüvə Silahlarının Yayılmaması Mərkəzində Avrasiya proqramının rəhbəri Hanna Notte yanvarın 14-də AzadlıqRadiosuna bildirib.
Yeni Avrasiya Strategiyaları Mərkəzinin analitiki Ruslan Süleymanov da oxşar fikirdədir.
"Rusiya dörd il öncə olduğu kimi İran silahlarından asılı deyil. "Şahed" dronları Rusiyada "Qeran" adı ilə istehsal olunur, bu dronların istehsal dövriyyəsinin təxminən 90 faizi artıq tamamilə Rusiyada, İranın köməyi olmadan aparılır", – o, "Current Time"a bildirib.
İran Rusiyanı texnologiya və təlimlə təmin edib, Rusiyanın Tatarıstan bölgəsindəki Alabuqa zavodu "Qeran" istehsal edir.
Ukraynanın məlumatına görə, Rusiya hər ay təxminən 5 min uzaqməsafəli dron istehsal edir. Bunların sırasında "Qeran" zərbə dronu, Ukraynanın hava hücumundan müdafiə sistemlərini neytrallaşdırmaq üçün başlıqsız "Qerbera" dronu da var.
Raketlər
Apreldə ABŞ-nin Mərkəzi Komandanlığının rəhbəri, general Kristofer Kavoli ABŞ Senatının Silahlı qüvvələr komitəsində bildirib ki, "İran Rusiyaya maddi dəstəyini davam etdirib, 400-dən çox qısamənzilli ballistik raket, yüz minlərlə artilleriya mərmisi hədiyyə edib".
"Reuters" isə mayda xəbər verib ki, İran "Fəth-360" raket buraxılış qurğuları göndərəcək, amma Tehran bunu inkar edib. 2024-cü ilin sentyabrında isə Pentaqonun sözçüsü Patrik Rayder "Fəth 360" raketlərinin göndərildiyini bildirmişdi.
Həmin ilin oktyabrında ABŞ Ukraynada istifadə üçün Xəzər dənizi vasitəsilə dron avadanlığı və sursat çatdıran iki Rusiya gəmiçilik şirkətinə sanksiyalar tətbiq etdi.
Avropa İttifaqı bir neçə gün sonra İranın üç aviaşirkətinə və iki satınalma firmasına sanksiyalar tətbiq edib, bunu "İranın Rusiyaya raket və dron tədarükü" ilə əlaqələndirib.
"Fəth 360" raketlərinin Ukraynada istifadə olunmasına dair heç bir məlumat yoxdur. Notte bunu "Fəth 360" üçün buraxılış qurğularının təhvil verilməməsi ilə izah edib. Digər səbəb Rusiyanın daxili istehsalı artırması, Şimali Koreyadan da təchizat gəldiyindən onlara ehtiyac duymaması ola bilər.
Keçən ilin fevralında Londonda yerləşən RUSI təhlil mərkəzi Rusiya Müdafiə Nazirliyinin 2025-ci ildə təxminən 750 ballistik və 560 qanadlı raket istehsal etməyi planlaşdırdığını yazıb. O vaxtdan Ukrayna hərbi kəşfiyyatı bu istehsalla bağlı daha yüksək proqnozlar verib.
"Ruslar sadəcə, bu İran raketlərindən istifadəyə ehtiyac duymamış ola bilərlər", – Notte bildirib.
Sursatlar
2022-ci ildən bəri İranın Rusiyaya böyük miqyasda sursat və mərmi göndərdiyi ehtimal edilir. "The Wall Street Journal" 2023-cü ildə apardığı araşdırmada 300 min artilleriya mərmisi, təxminən 1 milyon döyüş sursatından söz açırdı.
2025-ci ildə Ukraynanın dron hücumları hərbi təchizatın davam etdiyini göstərib. Rusiya mediası apreldə Xəzərdəki Olya limanına ilk hücumları xəbərlədi, avqustda digər hücumlar haqda məlumatlar gəldi. Olya İran hərbi yükünün göndərildiyi əsas mərkəz sayılır.
Kiyev İqtisadiyyat Məktəbinin ötən il hazırladığı bir hesabatda həm İran, həm də Şimali Koreyadan gəmi və dəmir yolu ilə daşınan partlayıcı maddələrin həcmi detallı göstərilib. Hesabata görə, Şimali Koreyadan gələn təchizat artıq Rusiyanın partlayıcı maddələr idxalının 58 faizini təşkil edir.
Notte Şimali Koreyadan göndərilən mərmi və güllələrin miqyasına görə İrandan təchizatı geridə qoyduğunu deyir: "Ukraynalılar keçən il hesablayıblar ki, Rusiyanın Ukraynada istifadə etdiyi bütün sursatın 50 faizi Şimali Koreyadan gəlib. Fikrimcə, Şimali Koreya Rusiya üçün əsas müdafiə təchizatçısına çevrildiyindən İranın sursatına ehtiyac qalmayıb".