Azərbaycan mətbuat tarixinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov AzadlıqRadiosu-nun suallarını cavablandırıb.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı ilk suala onun cavabı belə olub:
– Mən hüquqşünas deyiləm, bu məsələylə də məşğul olmamışam. Mən bilmirəm nə var, nə yox. Bilmədiyim şey haqqında nə danışa bilərəm?
Buna da bax: 'Mehman Əliyevə Azadlıq Komitəsi' elan olunub
– Amma siz Mehman Əliyevi tanıyırsınız. Onun vergidən yayınması ilə bağlı irəli sürülən ittiham sizə inandırıcı gəlirmi? Həmkarlarının bir çoxu onun həbsini siyasi sifariş hesab edir, beynəlxalq qurumlar, bəzi dövlətlərsə bununla bağlı narahatlıqlarını səsləndiriblər.
“Şirməmməd Hüseynov nə desin? Desin ki, Mehmanı nahaq tutmusunuz?”
– Adamı tanımaq ayrı şeydir, o adamın fəaliyyəti ayrı şeydir. Burda hüquq məsələsi var, qanun məsələsi var. Ağzına gələni danışmaq olmaz. Mən bilmirəm axı, onu hansı əsasla tutublar, neyləyiblər.
– Vergidən yayınmaqda ittiham olunur, ancaq özü bu deyilənləri rədd edir.
– Amerikada, Avropada ən böyük cinayət vergidən yayınmaq sayılır. 1956-cı ildə Cəvahirləl Nehruya (Jawaharlal Nehru) sual vermişdilər ki, dünyada iki böyük dövlət – ABŞ və Sovet İttifaqı yaranıb, bunların fərqi nədir? O cavab vermişdi ki, sovetlər demokratiyanın yoxluğundan əziyyət çəkir, amerikalılar çoxluğundan. İkincisi, Nehru demişdi ki, Amerikada millət varlıdır, dövlət kasıbdır, xalqın əlinə baxır, onun ödədiyi vergiyə baxır, amma Sovet İttifaqında dövlət varlıdır, millət kasıbdır. Hüquqi məsələlərini hüquq çərçivəsində təhlil etməmiş ona qiymət vermək olmaz... Bəzən bir adam haqqında o qədər yüksək fikirdə olursan, sonra görürsən altından su çıxdı. Ona görə də araşdırılmalıdır ki, Mehman Əliyev işlədiyi yerdə qanunçuluğu pozub, ya pozmayıb? Bu işi bilməmiş, öyrənməmiş müdaxiləmiz yaramaz.
Buna da bax: 'Medianı su içmək kimi asanca susdurmaq'-Media icmalı
"Bilmədiyim şey haqqında nə danışa bilərəm?"
– Şirməmməd müəllim, sizcə, Azərbaycanda söz, fikir azadlığı nə dərəcə təmin olunub, media mənsubları nə qədər azaddırlar?
– Cümhuriyyətin yüzilliyini qeyd etməliyik. 23 ay yaşadı cümhuriyyət – 1918-1920-ci illər. 70 il sovet dövrü, 25 il də müasir dövr. ABŞ-da hər il iyulun 4-də müstəqilliklərinin neçə yüz illiyini qeyd edirlər, Avropa dövlətləri də həmçinin. Biz həqiqi demokratik cümhuriyyətdə cəmisi 23 ay yaşamışıq, indi də 25 ildir müstəqilik. Çingiz Aytmatovdan soruşdum ki, səncə, bizim vətəndaşlar Avropa səviyyəsinə nə vaxt yüksələ bilər? Cavab verdi ki, 5-6 nəsildən sonra, çünki biz hamımız sovetdənqalmayıq. Dünyagörüşümüz sovet dövründə formalaşıb. Hələ müstəqillik dövrünün vətəndaşı hakimiyyətdə deyil.
– Amma başqa nümunələr də var, məsələn, Ukraynada, Gürcüstanda media azaddır.
"Şəkidə hələ də adi adamlar deyirlər ki, raykoma şikayətə gedirəm. Çünki icra hakimiyyəti də köhnə raykom binasındadır..."
– Nə Ukraynada, nə Gürcüstanda, nə Moldovada, nə də Pribaltikada Avropa azadlığı geniş mənada yoxdur. Çünki bunlar sovetdənqalmadır. Hələ müstəqillik dövrünün həqiqi vətəndaşı yetişməyib. Müəllimlərimiz, biz hamımız sovetdənqalma müəllimlərik. Biz uşaqlara nə tərbiyə verə bilərik? Sovet dövründə nə öyrənmişiksə, onu da öyrədirik.
Buna da bax: İsa Qəmbər: “Əsas məqsəd azad sözü boğmaqdır”
– Nehrudan misal gətirdiniz, o fikrə qayıtmaq istərdim, sizcə, Azərbaycan demokratiyanın azlığından, ya yoxluğundan əziyyət çəkir?
– Millətin, hakimiyyətin səviyyəsi, tələbi nədirsə, hakimiyyət də ona əsaslanır. Bildin? 25 ildir müstəqilik. Məsələn, Şəkidə hələ də adi adamlar deyirlər ki, raykoma şikayətə gedirəm. Çünki icra hakimiyyəti də köhnə raykom binasındadır, orda oturan icra başçısı da keçmiş birinci katib vəzifəsini icra edib. Hələ geniş mənada demokratik təsəvvür yoxdur. İndi bu vəziyyətdə sən nə istəyirsən? İstəyirsən 300 illik, 200 illik demokratiya məktəbi keçən millətlərin səviyyəsinə yüksələsən? Xəstə tələsməklə deyil, armud öz vaxtında dəyəcək.
– Şirməmməd müəllim, sizin dediyiniz kimi, xalqın səviyyəsi aşağıdırsa belə məmurlar, bütünlükdə hakimiyyət bundan sui-istifadə etməlidir? Bu, nə dərəcədə ədalətlidir?
"Hələ araşdırma gedir, Şirməmməd Hüseynov nə desin? Desin ki, Mehmanı nahaq tutmusunuz?"
– İndi gəldin çıxdın mətləb üstə. Xalq əgər ailədə, məktəbdə, cəmiyyətdə o demokratiyanı... Yaponlar bilirsən neyləyir, dövlət qərarı çıxan qəzeti camaata pulsuz paylayırlar ki, o qanunları oxusunlar, öyrənsinlər. Biz bu camaata hüquq dərsi veririk? Vermirik, axı. Vermədiyimiz şeyi necə tələb edə bilərik. Tələsməklə deyil. Şükr etmək gərəkdir. Müstəqilliyimiz var, hakimiyyətimiz var, qoşunumuz var, dövlətimiz var, pulumuz var, bayrağımız var. Və əlbəttə, ümid edirik ki, biz gələcəkdə Avropa səviyyəsində yüksək mədəniyyət yaratmaq iqtidarındayıq. Üzr istəyirəm deyəcəyim sözə görə, qəmiş qoymağa nə var ey? Olmayan şeyi, hələ camaatın qanına girməyən bir şeyi necə tələb edə bilərsən?.. Xarici firmalarda çalışan azərbaycanlılar bilirsən neçə saat işləyirlər? 10-12 saat. Niyə Britaniya fəhləsi, Amerika fəhləsi 8 saat işləyir, sənin vətəndaşın 12 saat? Niyə bunu araşdırmısınız siz jurnalistlər?
Buna da bax: Böyük Britaniya Mehman Əliyevin həbsindən narahatdır
– Bəlkə bunun səbəbi ondadır ki, Azərbaycan hakimiyyəti özü vətəndaşının haqlarını qorumadıqca, ona hörmət və qiymət qoymadıqca kənardan gələn şirkət də onun vətəndaşına eyni münasibəti göstərəcək?
"Ağsaqqallıq heç kəsə imkan vermir ki, qanunsuz, bilmədiyi işlərdən danışsın".
– O xarici şirkət olmasa, bizdə inkişaf da olmaz. Biz o xarici şirkətdən asılıyıq. BP olmasaydı, qazı, nefti Xəzərin dibindən çıxarmasaydı, sən bugünkü kimi yaşaya bilməzdin, axı. Məcbursan onun tələbinə əməl etməyə.
– Bir yandan deyirsiz xarici şirkətdə çalışanların hüquqlarını tələb edin, o biri yandan deyirsiniz ki, onlardan asılıyıq deyə dediklərini etməyə məcburuq. O zaman təklifiniz nədir?
– Biz yavaş-yavaş özümüz özümüzü idarə etməyi öyrənəcəyik. İndi nə olub?.. Mehman vətəndaşdır. Mənim çox böyük hörmətim var ona. Gedib onu yoxlayıblar. Əgər bu işdə qanun pozuntusu varsa, qoy hüquqşünaslar bunu isbat etsinlər, desinlər pozuntu var, ya bu qondarma işdir. Hələ araşdırma gedir, Şirməmməd Hüseynov nə desin? Desin ki, Mehmanı nahaq tutmusunuz? Deməzlər, “get işinlə məşğul ol”?
Buna da bax: Deputat: 'Mehman Əliyevin həbsinə gərək yox idi...'
Sizin brauzer HTML5-i dəstəkləmir
– Ziyalılar bəzən qınaq obyektinə çevrilirlər ki, niyə ölkədə baş verənlərə etiraz etmirlər, niyə həbs olunanları müdafiəsinə qoşulmurlar?
“Hələ müstəqillik dövrünün vətəndaşı hakimiyyətdə deyil”
– Hüquqşünas da ziyalıdır. Bu məsələdə hüquqşünasları, jurnalistləri danışdırmaq lazımdır.
– Hüquqşünaslar danışır. Amma söhbət sözünün çəkisi olan, cəmiyyətdə nüfuzu olan ağsaqqalların, ziyalıların mövqeyindən gedir.
– Ağsaqqallıq heç kəsə imkan vermir ki, qanunsuz, bilmədiyi işlərdən danışsın. Bilmədiyi iş haqqında danışana “avara” deyərlər.