Səhiyyə Nazirliyində 783 minlik yeyinti iddiası: 'Özümü təqsirli bilmirəmsə, ziyanı niyə ödəməliyəm?'

Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin keçmiş rəisi Mehdi Əmrahov faktiki olaraq işləməyən şəxslərin adlarına maaş yazmaqla və tenderlər zamanı şirkətlərə köçürülmüş vəsaitin bir hissəsini geri almaqla 783 min manat büdcə vəsaitini mənimsəməkdə ittiham olunur. Amma o, bu yeyinti ittihamı ilə razılaşmır.

İyulun 20-də keçirilən məhkəmədə hakim ona "özünüzü təqsirli bilirsinizmi" sualını ünvanlayanda cavabı belə olub: "Mən yalnız yetərincə nəzarət edə bilmədiyimə görə özümü təqsirli sayıram, vəssalam...".

Bu cinayət işi üzrə araşdırmalar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. İstintaq dövründə Əmrahov həbs olunmayıb. O, təqsirləndirilən şəxs qismində cəlb edilsə də, barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilmişdi.

İstintaq tamamlandıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 13-də keçirilən ilk iclasda sabiq idarə rəisi həbs olunub. Məhkəmə prosesinə sədrlik edən hakim Neymət Məmmədov onun həbsini ötən müddətdə ziyanın ödənilməsi istiqamətində heç bir addım atmaması ilə əsaslandırıb.

İyulun 20-də keçirilən məhkəmə iclasında məlum olub ki, 783 min manatdan 113 min manatı ödənilib. Qalan 670 min manat ziyanın ödənilməsi də tələb olunur. Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Səhiyyə Nazirliyi nümayəndəsi Sadiq Quliyev bu tələblə məhkəməyə mülki iddia təqdim edib.

Əmrahov isə keçmiş iş yerinin ondan 670 min manat tələb etməsi ilə razılaşmır. "Mən özümü təqsirli bilmirəmsə, mülki iddianı niyə qəbul etməliyəm?", – keçmiş idarə rəisi nazirliyin mülki iddiasına münasibət bildirərkən belə deyib.

Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib. Bu maddələrin sanksiyasında 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.