“Azenco” ASC-nin Müşahidə Şurasının keçmiş rəhbəri Vüqar Əliyev həbsinə görə “Azərenerji”nin sabiq baş direktoru Etibar Pirverdiyevi ittiham edir. O düşünür ki, bir ildən çoxdur həbsdə olmasının səbəbi Pirverdiyevin qəzəbinə tuş gəlməsidir.
“Onun mənə olan qəzəbinin səbəbini hələ də anlaya bilmirəm”, – Əliyev öz məhkəməsində belə deyib.
İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun mühakiməsi başlayıb. “Azenco”nun keçmiş rəhbəri şirkətdən 3 milyon manatdan çox yeyintidə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham verilib. Bu maddədə 14 ilədək həbs cəzası nəzərdə tutulub.
40 yaşlı Əliyev isə özünü təqsirli bilmir. Deyir ki, istintaqın əvvəlində ona Pirverdiyevlə barışmağı təklif eləyiblər:
“Əvvəl ittiham milyon yarımla bağlı idi. Dedilər ki, “get, Etibar Pirverdiyevlə barış”. Mən də fikirləşirdim ki, axı, heç nə eləməmişəm. Sonradan ittihamı ağırlaşdırıb, 3 milyon yarıma qaldırdılar. Hamı bilir ki, bu şirkətin rəhbəri Etibar Pirverdiyev olub. Necə ola bilər ki, onu çağırıb dindirmirlər?”
Məhkəmə qapalı keçiriləcək
Prokuror bu işin məhkəmə araşdırmasının qapalı keçirilməsini təklif edib. Dövlət ittihamçısı Valeh Ələkbərovun iddiasına görə, işin içində kommersiya sirri sayılan məsələlər var, məhkəmə prosesi açıq keçirilsə, yayıla bilər.
“Azenco”nun təmsilçisi, zərərçəkmişin nümayəndəsi də bu məsələdə prokurorla həmfikir olub.
Ancaq təqsirləndirilən Əliyev və onun vəkili prosesin qapalı keçirilməsinə etiraz edib. Vəkil bildirib ki, təcrübədə mənimsəmə ilə bağlı məhkəmə prosesləri adətən açıq keçirilir, bu işdə də sirr sayılacaq nəsə yoxdur.
Vəkil həmçinin təqsirləndirilən şəxsin hökm çıxarılana qədər ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Müdafiəçi vurğulayıb ki, müvəkkilinin himayəsində 5 övladı var, ən böyüyü 14 yaşındadır. Yaşayış yeri məlumdur. İstintaqın əvvəlində nə vaxt dindirməyə çağrılıbsa, gəlib, heç vaxt yayınmayıb: “Böyük Britaniyada təhsil alıb, Dubayda layihələr həyata keçirib. “Azenco”da iki il işlədikdən sonra şirkətin rəhbəri təyin edilib”.
Vəkilin daha bir vəsatəti isə iş prokurorluğa həvalə olunmamışdan öncə keçirilmiş audit nəticələrinin sübutlar siyahısından çıxarılması barədə olub.
Məhkəmə vəkilin vəsatətlərinin heç birini təmin etməyib. Etirazlara baxmayaraq, prosesin qapalı keçirilməsi haqda prokurorun vəsatətinə isə müsbət cavab verilib.
İyulun 27-dən bu iş üzrə araşdırmalar qapalı məhkəmədə başlayacaq.
V.Əliyevin yaxınları prosesin qapalı keçirilməsinə etiraz edib. Onlar da Pirverdiyevi ittiham ediblər.
“Azenco” şirkətinin Pirverdiyevlə bağlılığı haqda illərdir mediada çoxsaylı iddialar səsləndirilir. Lakin “Azərenerji”nin sabiq rəhbəri heç vaxt bu iddialara cavab verməyib.
AzadlıqRadiosunun da bu məsələ ilə bağlı ondan şərh almaq cəhdləri nəticəsiz qalıb.
62 yaşlı Pirverdiyev 2001-2018-ci illərdə “Azərenerji” ASC-nin sədri vəzifəsində çalışıb. O, 2018-ci il iyulun 3-də Mingəçevir İES-də qəzadan sonra vəzifədən çıxarılıb. Həmin qəzadan sonra demək olar, bütün ölkəyə elektrik verilməsində böyük fasilə yaranmışdı.
“Azenco”ya həvalə olunan layihələr
“Azenco” ASC uzun illər energetika, tikinti sektorunda iri layihələr həyata keçirib, bu layihələrin baş podratçısı və subpodratçısı olub. Şirkət 2002-ci ildə “Azərenerjitikinti” MMC kimi yaradılıb, 2008-ci ildə hüquqi adını “Azenco” ASC-yə (Azerbaijan Energy Construction) dəyişib.
“Dövlət Bayrağı Meydanı”, “Bakı Kristal Hall” kimi məşhur layihələrin tikintisi də vaxtilə bu şirkətə həvalə olunmuşdu. AzadlıqRadiosu 2017-ci ildə “Azenco”nun prezident İlham Əliyevin ailə üzvlərinə bağlılığını göstərən sənədlər üzə çıxarmışdı.
Vüqar Əliyev 2023-cü ilin mayına qədər “Azenco”nun İdarə Heyətinin sədri, daha sonra Müşahidə Şurasının sədri olub.
O, 2023-cü ilin mayında şirkətin səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsindən azad ediləndə yerinə Pərviz Hacıyev təyin olunub.
Hacıyev isə vaxtilə “PAŞA Holding”in törəmə strukturu olan “PMD Group” MMC-də rəhbər vəzifələrdə çalışıb, 2022-ci ildən “Azenco”nun İdarə Heyətinin sədr müavini olub.