"Amerika şirkətləri azərbaycanlı tərəfdaşları ilə süni intellekt, bulud hesablamaları və digər yeni nəsil texnologiyalar sahəsində ümumi dəyəri 8 milyard dolları ötən müqavilələr imzalayıb". Bunu Birləşmiş Ştatların Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon iyulun 1-də Amerikanın Müstəqillik Bəyannaməsinin qəbulunun 250-ci ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Həmin müqavilələr ötən ay Bakı Enerji Həftəsi və ABŞ-Azərbaycan İqtisadi Dialoqu çərçivəsində imzalanıb.
"Biz bu investisiyalar, TRIPP marşrutu (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu) və daha dərin təhlükəsizlik əməkdaşlığı vasitəsilə Cənubi Qafqaz regionunu dönməz sülh yoluna çıxara bilərik. Bu işdə biz Azərbaycan xalqını etibarlı tərəfdaşımız kimi görürük", - xanım Karlon vurğulayıb.
Diplomat 2025-ci il avqustun 8-də Vaşinqtonda 30 illik münaqişədən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını xatırladaraq, sülhün yaratdığı imkanların artıq özünü göstərməyə başladığını bildirib.
TRIPP layihəsi Ermənistandan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir.
Baş nazirin müavini Samir Şərifov Azərbaycan hökuməti adından çıxış edərək vurğulayıb ki, Amerika xalqı son 250 ildə dinindən, irqindən və cinsindən asılı olmayaraq hər bir vətəndaşına bərabər hüquqlar verən, azad sahibkarlıq və bazar iqtisadiyyatı üzərində qurulan firavan dövlət yarada bilib: "Bu tarixi nailiyyət münasibətilə Amerika xalqını təbrik edirəm".
Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasında 34 il öncə qurulan diplomatik əlaqələr bu gün də yüksək səviyyədə inkişaf edir.